Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6442/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23.10.2019-cu il tarixli 1000/1286Ş nömrəli əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23.11.2005-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən işə qəbul olunmuşdur, işlədiyi müddətdə bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamış, heç bir vaxt əmək və icra intizamını pozmamış, məsul olduğu vəzifənin öhdəsindən tam gəlmişdir. 24.07.2019-cu il tarixdən o, sərəncama götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 23 oktyabr 2019-cu il tarixli əmrinə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə istinad olunaraq, xidmətinə xitam verilmişdir. İşəgötürən orqan onu işdən azad edərkən onun hüquqlarını pozulmaqla xidmətinə xitam vermişdir. Belə ki, sərəncamda olduğu dövrdə gömrük orqanlarına xeyli sayda işçi qəbul edilmiş, lakin ona gömrük orqanlarında digər vəzifəyə keçirilməsiylə bağlı heç bir iş təklif olunmamış, əmr konkret olaraq əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 16.12.2019-cu il tarixli 1000-210/***-*******8 saylı etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/804Ş nömrəli əmri ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Zirə dəniz gömrük postunun inspektoru Həsənli X1 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır.Bu səbəbdən də İddiaçının gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli, 1000/1286Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. İddiaçı hazırkı iddia ilə bağlı cavabdehə müraciət etməmişdir. Cavabdeh inzibati orqan göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(112)-673/2020 saylı iş üzrə çıxartdığı 16 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı 23 oktyabr 2019-cu il tarixli, 1000/1286Ş nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işəburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 2-1(103)-241/2021 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-673/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi, 2-1(112)-673/2020 saylı inzibati işin inzibati məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinəyərək, məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1982-ci ildə Ağdam şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Zirə dəniz gömrük postunun inspektoru olmuşdur, cavabdehin 2019-cu il 23 oktyabr tarixli 1000/1286Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunmasının qanunsuz hesab edilərək, əvvəlki iş yerinə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Zirə dəniz gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsini, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün əmək haqının cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki iddia mümkündür. Belə ki, İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İddia tələbinin maddi-hüquqi əsasını təşkil edən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə görə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsininin xidmətinə xitam verilə bilər. Həmin maddənin müddəalarına görə gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün təsbit olunan 13 haldan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Cavabdehin mübahisəli əmri 1) inzibati orqan (DGK) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (gömrük orqanlarında xidmətə xitam verilməsini) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (gömrük orqanın vəzifəli şəxsi olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (gömrük orqanlarında iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1)formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2.inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslndığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inziabti aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mübahisələndirilən 1000/1286Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmətinə xitam verilərkən bu barədə əmrdə iki əsasa- “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda” və “və ya həmin vəzifədən imtina etdikdə” əsasına istinad edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrdinə nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki işdə iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən müvafiq 1000/1286Ş sayl 23 oktyabr 2019-cu il tarixli əmr verilərkən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə istinad olunsa da, iddiaçının xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda” “və ya həmin vəzifədən imtina etdikdə” səbəblərindən məhz hansı ilə 23 oktyabr 2019-cu il tarixdən xitam verilməsi konkret olaraq göstərilməmiş, nəticədə cavabdeh tərəfindən qeyri-müəyyənliyə yol verilmişdir. Bununla bağlı işə yenidən birinci instansiya məhkəməsində baxılarkən, məhkəmənin 24.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddiasına dair iş üzrə iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 3 (üç) aylıq müddət təyin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həmin müddət ərzində bunun nəticəsi barəsində məhkəməyə məlumat verməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000-210/210-24/015931 №li 18.10.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “Dövlət Gömrük Komitəsinin 1000/1286Ş nömrəli 2019-cu il 23 oktyabr tarixli əmrində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/654Ş №li 15 oktyabr 2021-ci il tarixli əmrindən görünür ki, qeyd olunan əmrlə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.11-ci yarımbəndinə Dövlət Gömrük Komitəsinin 1000/1286Ş nömrəli 2019-cu il 23 oktyabr tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözlərinin çıxarılması əmr edilmişdir (Əsas: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6442/2020 nömrəli 2021-ci il 24 iyun tarixli qərardadı). Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000-210/210-24/018487 №li 30.11.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrk idarələrinin və tabeliyində olan digər qurumların ştat cədvəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə məxfi qaydada təsdiqlənmiş və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Sorğuda qeyd olunan dövrdə Komitənin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Zirə dəniz gömrük postunda, o cümlədən gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.1, 14.2, 14.3). Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6442/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6442/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver