Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6444/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (ünvan 2 ünvanda qeydiyyatda olan),iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin iddiaçıya aid olan hissədə ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun işdən çıxarılmasına dair qəbul edilmiş 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli əmrin etibarsız sayılması, onun əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsini xahiş etmişdir. İddiaçı 07 aprel 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli əmrin ona münasibətdə olan hissədə ləğv olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı mübahisə inzibati xarakter daşıdığından, iddia tələbinin predmetinə dəyişiklik edilərək cavabdeh tərəfindən qəbul edilmiş 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli işdən azadolunma barədə Əmrin iddiaçıya münasibətdə olan hissədə ləğv edilməsi tələbi ilə çıxış edilməsinə zərurət vardır. İddianın təsviri və əsaslandırıcı hissəsi olduğu kimi qalır. Məhkəmənin 21.05.2020-ci il tarixli, 2-1(112)-2473/2020 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(112)-2473/2020 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2- 1(103)-1447/2020 saylı Qərardadına əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-1447/2020 saylı Qərardadın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərara qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-48/2021 saylı 23 fevral 2021ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-1447/2020 saylı Qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası 16 avqust 2021-ci il tarixə təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixdən 2018-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsində mühasibat uçotu sektorunda məsləhətçi vəsifəsində işləmişdir. 2018-ci ilin iyun ayında verilmiş əmr əsasında xəbəri olmadan işdən azad edilmişdir. Ona işdən çıxarılmağı barədə ilk məlumatı şifahi şəkildə baş mühasib vermişdir. O, işə bərpa olunması üçün cavabdehə dəfələrlə müraciət etmiş, ona işə bərpa olunmasına köməklik ediləcəyi bildirilsə də, bugünədək işsizdir. Onun işdən çıxarılma səbəbi kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinin tələbinə əməl olunmadığı göstərilmişdir. Belə ki, o, orta təhsilli yox, orta ixtisas təhsillidir və ixtisası mühasibdir. 27 ildən artıq müddətdir ki, fasiləsiz olaraq mühasib kimi işləyir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv olunması barədə müvafiq qərar verilməsini Məhkəmədən xahiş etmişdir. Cavabdeh hesab edirik ki, iddia ərizəsində göstərilən tələb əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 21 iyun 2018ci il tarixdə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə (qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş 17 may 2018-ci il tarixli 2/416 nömrəli məktubu olmuşdur. Məktubda “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən Dövlət imtahan Mərkəzi tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, 1 sentyabr 2001-ci il tarixdən etibarən dövlət orqanları tərəfindən inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilmiş 93 şəxsdən 88 nəfərin ali təhsilinin olmadığı göstərilmişdir. Belə ki, İddiaçı əmək kitabçasından da göründüyü kimi, o, 21.12.1992-ci il tarixində Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə sahə mühasibi vəzifəsinə təyin olunmuşdur. 01.09.2003-cü il tarixindən DSMF-nin Ağstafa rayon şöbəsinin Pensiya və müavinətlərin təyinatı bölməsində mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı ali təhsili olmamış, o, Bakı Plan İqtisad Texnikumununu bitirmişdir və onun tutduğu Dövlət Sosial Müdaifə Fondunun Ağstafa rayon şöbəsinin Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nun 2.1.8-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq inzibati vəzifələrin 7-ci təsnifatına aiddir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, inzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. Göründüyü kimi, inzibati vəzifə iddiasında olan şəxslər üçün ilkin şərt olaraq onun müvafiq ali təhsilinin olması müəyyən edilmiş, olmadığı təqdirdə iddiasında olduğu inzibati vəzifənin profilini öyrənilməsinin zəruriliyi əsaslandırılmışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı maddi vəziyyəti nəzərə alınaraq öz ərizəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 16 iyul 2018-ci il tarixli 33 nömrəli əmrilə həmin şöbənin baş mütəxəssis-sosial xidmətçi vəzifəsinə təyin edilmiş və Nazirliyin 24.09.2018-ci il tarixli **********2 və 12.02.2019-cu il tarixli **********2 nömrəli əmrləri ilə əvvəllər qulluq keçdiyi vəzifənin icrası ona həvalə edilmiş, öz əmək haqqısı ilə yanaşı digər vəzifənin də əmək haqqısının 50%-i ona ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Həmin fərmanın 7-ci hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6- 1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür". Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun" Nizamnaməsi”nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərara qəbul etmək səlahiyyəti X7 verilmişdir. Həmin Fərmanın 4.11.11-ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Həmçinin bildirirlər ki, İddiaçı hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 27 saylı ərazi filialında sosial xidmətçi vəzifəsində çalışır. Hal-hazırda Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialının Ağstafa rayon qəbul şöbəsində Mühasibat uçotu sektoru mövcud deyil. İddiaçının iddia tələbi ilə eyni predmeti təşkil edən, eyni əmrlə işdən azad edilmiş Zeynalabdıyeva Lətafət Valeh qızının kasasiya şikayəti üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 18 dekabr 2019-cu il tarixli 2-1(102)-3534/19 saylı qərarında öz əksini tapdığı kimi aşağıda qeyd olunanlara əsasən Məhkəmə tərəfindən iddia təmin edilməməlidir. İddiaçı nəinki orta ixtisas təhsilli olaraq inzibati vəzifədə qulluq keçmiş, həmçinin qulluq keçdiyi müddət ərzində həmin inzibati vəzifənin profilini öryənməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan - Azərbaycan Respublikası Ağstafa RPŞ tərəfindən verilmiş 18.06.2010-cu il tarixli AZE №-0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Sabirabad rayonunda anadan olmuş, Ağstafa rayonu, Eynallı kəndində pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin **********6 saylı 21 iyun 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Məşğulluq Xidmətinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əsas Azərbaycan Respublikasının X1 17 may 2018-ci il tarixli 2/416 №li məktubu olmuşdur. İş materiallarına əlavə edilmiş НТ-İ № 559275 saylı Diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 1988-ci il tarixə Bakı Plan-İqtisad texnikumunun mühasibat uçotu fakültəsinə daxil olmuş, 25 iyun 1991-ci il tarixdə həmin fakültənin tam kursunu bitirmiş, “texnik” ixtisası əldə etmişdir. İş materiallarına əlavə edilmiş 16.07.2018-ci il tarixli Əmrin surətindən görünür ki, İddiaçı 16 iyul 2018-ci il tarixdən şöbənin sosial xidmət sektorunun baş mütəxəssis-sosial xidmətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “N.Nəsibovaya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin icrasının həvalə edilməsi” haqqında 16.07.2018-ci il tarixdə bağlanmış Əmək Müqaviləsinə 24.09.2018-ci il tarixli Əmrin surətindən görünür ki, İddiaçı 24.09.2018-ci il tarixdən 3 (üç) ay müddətinə öz razılığı ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin qulluq funksiasının icrası həvalə edilmiş, İddiaçı Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsi üzrə nəzərdə tutulmuş vəzifə maaşının 50%-i həcmində əlavə əmək haqqının ödənilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş “N.Nəsibovaya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin icrasının həvalə edilməsi” haqqında 16.07.2018-ci il tarixdə bağlanmış Əmək Müqaviləsinə 12.02.2019-cu il tarixli əlavə barədə Əmrin surətindən görünür ki, İddiaçı 12.02.2019-cu il tarixdən 3 (üç) ay müddətinə öz razılığı ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin qulluq funksiasının icrası həvalə edilmiş, İddiaçı Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsi üzrə nəzərdə tutulmuş vəzifə maaşının 50%-i həcmində əlavə əmək haqqının ödənilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin strukturuna daxil olan yerli qurumlarda (filiallarda) müvafiq vəzifələrə təyinatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 4.11.10-cu yarımbəndini, Azərbaycan Respublkası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini və 51-ci maddəsini rəhbər tutaraq, adları cədvəldə (İddiaçı adı da həmin cədvədə qeyd olunmuşdur) qeyd olunan şəxslər 14.08.2020-ci il tarixdən 1 (bir)a sınaq müddəti olmaqla 3 (üç) ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin strukturuna daxil olan yerli qurumlarda (filiallarda) müvafiq vəzifələrə təyin edilmişlər. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli əmrin iddiaçıya münasibətdə ləğv edilməsini tələb etməkdədir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı 21 iyun 2018-ci il tarixdə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə əsasən işdən azad edilmişdir. İddaçının işdən azad edilməsinə səbəb onun tutduğu inzibati vəzifəyə uyğun ali təhsilinin olmaması olmuşdur. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğun olaraq ali təhsilinin olmaması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Göründüyü kimi iddiaçı Bakı Plan İqtisad Texnikumununu bitirmiş, 21.12.1992-ci il tarixində Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə sahə mühasibi vəzifəsinə təyin olunmuş, 01.09.2003-cü il tarixindən DSMF-nin Ağstafa rayon şöbəsinin Pensiya və müavinətlərin təyinatı bölməsində mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı öz ərizəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 16 iyul 2018-ci il tarixli 33 nömrəli əmrilə həmin şöbənin baş mütəxəssis-sosial xidmətçi vəzifəsinə təyin edilmiş və Nazirliyin 24.09.2018-ci il tarixli **********2 və 12.02.2019-cu il tarixli **********2 nömrəli əmrləri ilə əvvəllər qulluq keçdiyi vəzifənin icrası ona həvalə edilmiş, öz əmək haqqısı ilə yanaşı digər vəzifənin də əmək haqqısının 50%-i ona ödənilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatından müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 27 saylı ərazi filialında sosial xidmətçi vəzifəsində çalışır. Halhazırda Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialının Ağstafa rayon qəbul şöbəsində isə Mühasibat uçotu sektoru mövcud deyil. Göründüyü kimi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin strukturuna daxil olan yerli qurumlarda (filiallarda) müvafiq vəzifələrə təyinatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 4.11.10-cu yarımbəndini, Azərbaycan Respublkası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini və 51-ci maddəsini rəhbər tutaraq, İddiaçı da bir çox digər işçilər kimi 14.08.2020-ci il tarixdən 1 (bir)a sınaq müddəti olmaqla 3 (üç) ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin strukturuna daxil olan yerli qurumlarda (filiallarda) müvafiq vəzifələrə təyin edilmişlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. Qeyd olunan normaların tələblərinə əsasən, inzibati vəzifə iddiasında olan şəxslər üçün ilkin şərt olaraq onun müvafiq ali təhsilinin olması müəyyən olunmuşdur. Hazırki mübahisədə iddiaçının iddia etdiyi vəzifə inzibati vəzifədir və göründüyü kimi o dövlət qulluğunda işə qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməmiş və qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmişdir. Beləliklə məhkəmə tərəfindən cavabdeh inzibati orqan tərəfindən İddiaçı hər hansı hüququnun məhdudlaşdırlmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının barəsində qəbul edilən əmrin qanuni olması qənaətinə gələrkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3534/2019 saylı, 27.12.2019-cu il tarixli (hakim N.Rəsulbəyova) qərarındakı hüquqi mövqeyindən də istifadə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsi ilə bağlı əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6444/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6444/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver