Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6446/2021 01.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi X1 (Ünvan: Şəki, Baş Layısqı kəndi; ixtisası: orta təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X2 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 16, mənzil 9; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinə qarşı iddiaçının Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 30.03.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-173/2021 saylı 30.03.2021-ci il tarixli qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 01.10.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 811/2017 saylı, 23.06.2017-ci il tarixli qərarına əsasən iddiaçıya 15.07.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin iş stajına Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər daxil edilməmişdir. Belə ki, məhkəmə qərar qəbul etdikdən sonra, yəni 20.10.2017-ci il tarixdə ona işlədiyi illər üzrə Qax rayon Dövlət Arxivi tərəfindən arxiv arayışı verilmiş və həmin arayışı məhkəməyə təqdim etmək imkanı olmamışdır. Bu səbəbdən də həmin illər iş stajına daxil edilməmişdir. Bununla əlaqədar olaraq cavabdeh orqana ərizə ilə müraciət edərək Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh orqan həmin iş stajı barədə əmək kitabçasında müvafiq qeydiyyatın aparılmadığını əsas gətirərək Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmasından (30.07.2020-ci il tarixli məktubla) imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı 15.02.2021-ci il tarixli məktubda bildirmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 15.07.2009-cu il tarixdən yaranmışdır. İddiaçının iddia tələbindəki qeyd olunan müddət sosial sığorta stajına daxil edildiyi halda onun pensiya məbləğində 3,25 manat artım olacaqdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 811/2017 saylı, 23.06.2017-ci il tarixli qərarına əsasən iddiaçıya 15.07.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddianın təmin olunmasını əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü yarımbəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (01 iyul 2017ci ilədək olan redaksiyası): 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən (01 yanvar 2006-cü il) tez olmayaraq ömürlük təyin edilir. 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İş materiallarından görünür ki, Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi məhkəmənin sorğusuna cavab olaraq 79 nömrəli 20.08.2021-ci il tarixli məkrubla iddiaçının kolxozda işlədiyi dövrün əmək haqqına dair arxiv arayışını məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivinin 20.08.2021-ci il tarixli Arxiv Arayışına əsasən İddiaçı Qax rayon Qum kənd "Oktyabr” kolxozunda 1977-1978-ci illərdə işləmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 1977-1978-ci illərdə Qax rayon Qum kənd "Oktyabr” kolxozunda işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-6446/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6446/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver