Məhkəmə qərarları › İş №2-1(112)-645/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-645/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-645/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında X6 Auksion Mərkəzi) “hərrac ödənişi həyata keçirilərkən güzəşt edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında X6 Auksion Mərkəzi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Fərmanına uyğun olaraq hərrac ödənişi həyata keçirilərkən ona 30 faiz güzəşt edilməsinin, hərraca çıxarılan obyektin satış dəyərinin 50 faiz aşağı endirilməsinin və hərraca qoyulmuş "X8"nin tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin tikinti-texniki ekspertizası keçirilməsi yolu ilə qiymətinin dəqiqləşdirilməsinin, həmin qiymətlərə müvafiq onunla yeni müqavilə bağlanmasının cavabdehin üzərinə qoyulması və ona vurduğu 60.000 manat mənəvi ziyanın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır və rədd edilməlidir. ünvan 1 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki "xxxx" icarə müəssisəsinin sahəsi 279.2 kv.m olan tikilisi və 320.8 kv.m olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 05.03.2019-cu il tarixində keçirilmiş hərracda 109.125 manata İddiaçı tərəfindən satın alınmışdır. Qeyd edilən tarixdə keçirilmiş hərracın protokolu İddiaçı tərəfindən də imzalanmış və bundan sonra alıcı tərəfindən əmlakın dəyərindən 16.538 manat ödənilmiş, digər hissənin, yəni 92.587 manatın ödənilməsi təmin edilməmişdir. İddiaçı iddia ərizəsində mübahisənin predmeti olan əmlakın özəlləşdirilməsi ilə bağlı 5 dəfədən artıq hərrac keçirildiyindən, əmlakın dəyərinin 50% aşağı salınmalı olduğunu, həmçinin güzəştli satışın həyata keçirilmədiyini qeyd etmişdir. Bu iddialar əsassızdır. Belə ki, özəlləşdirilən "xxxx" icarə müəssisəsinin əmlakının qiymətləndirilməsi həyata keçirilmiş və tikililərin dəyəri 125.000 manat, onun yerləşdiyi torpaq sahəsinin dəyəri 112.000 manat, cəmi əmlakın dəyəri 237.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.2.2-ci bəndinə əsasən kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start) qiymətinin 15%-i, digər hissələrin satışı üsulundan asılı olmayaraq, işçilərə birbaşa güzəştli satışa yönəldilir. Həmin Proqramın 4.2.5-ci bəndinə əsasən özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektin ilkin (start) qiymətinin güzəştli satışa yönəldilən hissəsinin 70% güzəşt edilmiş məbləği güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə hər bir işçinin bərabər həcmdə tam ödəyəcəyi məbləğ və ona müvafiq əldə edəcəyi əmlak payı müəyyən edilir. İddiaçı müəssisənin əmək kollektivinin üzvü (direktor) olmuş və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununa, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq müəssisənin ilkin start qiymətinin (125.000 manatın) 15 faizi (18.750 manat) güzəştli satışa yönəldilmişdir. Qeyd edilən normativ aktlara uyğun olaraq, əmək kollektivinin yeganə üzvü kimi iddiaçı tərəfindən 18.750 manatın 30 faizi olan 5625 manat ödənilmiş, 18.750 manatın 70 faizi (13.125 manat) ona güzəşt edilmişdir. Beləliklə, özəlləşdirilmiş müəssisənin ilkin start qiymətinin 15 faizinin güzəştli satışı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Müəssisənin əmlakının 85 faizi (106.250), həmçinin dəyəri 112.000 manat olan torpaq sahəsi ilə birlikdə 218.250 manat dəyərində hərraca çıxarılmışdır. 12 dəfə keçirilmiş hərracda sifarişçi olmadığına görə satış baş tutmamışdır. 05.03.2019-cu il tarixində keçirilmiş 13-cü hərracda əmlak iddiaçı tərəfindən əmlakın dəyəri 50% endirilməklə 109.125 manata satın alınmışdır. Qeyd edilən əmlakın özəlləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həm güzəştli satış həyata keçirilmiş, həm də əmlakın dəyəri 50% endirilmişdir. İddiaçının əmlakın dəyəri barədə aldadılmasına dair qeyd etdikləri də əsassızdır. Belə ki, hərrac protokolunda əmlakın dəyərinin 109.125 manat olması qeyd edilmiş və iddiaçı da həmin protokolu imzalamışdır. Bundan başqa iddiaçı hərracdan qabaq hərracda iştirak etmək üçün əmlakın dəyərinin 10 faizi məbləğində beh də ödəmişdir ki, həmin behin məbləğindən əmlakın 100 faiz dəyərinin 109.125 manat olduğu bilinir. İddiaçının tikinti-texniki ekspertizası keçirilməklə əmlakın qiymətinin dəqiqləşdirilməsi, həmin qiymətlərə müvafiq onunla yeni alqı-satqı müqaviləsinin bağlanılmasının, həmçinin ona vurulmuş 60.000 manat mənəvi ziyanın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə tələbləri də əsassızdır. Özəlləşdirilmiş əmlak dövlət mülkiyyətində olmuşdur və mülki hüquq normalarına əsasən mülkiyyətçi öz əmlakının satış dəyərini müəyyən etməkdə sərbəstdir. Qanunvericiliklə alıcının satıcı tərəfindən müəyyən edilmiş əmlakın dəyərini mübahisələndirmək hüququna malik olması müəyyən edilməmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona mənəvi ziyan vurulmasına dair məhkəməyə heç bir sübut da təqdim edə bilməmişdir. Göstərilələrə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 08.01.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 2 ünvanında yerləşən, hərrac vasitəsilə satın aldığınız obyektin və torpaq sahəsinin satış dəyərinə müəyyən güzəştlərin edilməsinə köməklik göstərilməsi barədə 23.12.2019-cu il tarixli müraciətinizə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd edilən ünvanda yerləşən obyektin satışı üzrə 05.03.2019-cu il tarixində keçirilən 13-cü hərracda Siz əmək kollektivinin üzvü kimi güzəştlərdən istifadə etməklə yanaşı, həm də hərracın qalibi olmuşsunuz, lakin tərəfinizdən alqı-satqı müqaviləsi imzalanmamışdır. Bildiririk ki, hərracın qalibi ilə bağlanılan alqı-satqı müqaviləsində özəlləşdirilən əmlakın dəyəri əks olunur. Nəzərinizə çatdırırıq ki, sözügedən əmlakın dəyərinin ödəniləcəyi barədə 08.08.2019-cu il tarixli öhdəlik ərizəsi ilə komitəyə müraciət etmişsiniz, lakin qəbul etdiyiniz öhdəlik tərəfinizdən yerinə yetirilməmişdir. Əlavə olaraq bildiririk ki, qısa müddət ərzində hərrac vasitəsilə satın aldığınız əmlaka dair qanunvericiliklə müəyyən edilmiş müddətdə tərəfinizdən alqı-satqı müqaviləsi bağlanılmadıqda və əmlakın dəyərinin dövlət büdcəsinə köçürülməsi təmin edilmədikdə həmin əmlak təkrar hərraca çıxarılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 19 aprel 2021-ci il tarixli məktubda qeyd olunur: ünvan 3 ünvanında yerləşən "xxxx" İcarə Müəssisəsi “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli, 1003 nömrəli Fərmanı ilə özəlləşdirilməyə açıq elan olunmuşdur. “Tələbə" İcarə Müəssisəsi hərraca çıxarılması və özəlləşdirilməsi barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş və bu barədə “Mülkiyyət” qəzetinin 25.11.2017-ci il tarixli 46 nömrəli buraxılışında, privatization.az özəlləşdirmə portalında və emlak.gov.az saytında mütəmadi olaraq məlumat verilmişdir. Qeyd olunan müəssisənin ilkin start qiyməti 237.000 manat (125.000 manat əmlakın qiyməti, 112.000 manat torpaq sahəsinin qiyməti) müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.2-ci bölməsinə uyğun olaraq əmlakın ilkin start qiymətinin 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilmiş, 85%-i isə hərraca çıxarılmışdır və bu barədə əmək kollektivinə müvafiq bildiriş göndərilmişdir. Qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin qiymətinə güzəşt tətbiq edilmir. "xxxx" İcarə Müəssisəsinin əmlakının satış qiymətinin 125.000 manatın əmək kollektivi üzvünə güzəştli satışa yönəldilmiş 15%-i 18750 manat təşkil etmişdir. Qanunvericiliyə uyğun olaraq İddiaçı 25.11.2017 - 19.12.2017-ci il tarixlərində keçirilmiş güzəştli satışda əmək kollektivinin üzvü kimi iştirak edərək satışa yönəldilmiş 18750 manatın 30%-ni 5625 manatını müvafiq hesaba ödəyərək güzəştli satışda iştirak etmiş, 13125 manat ona güzəşt edilmişdir. 25.12.2017-ci il tarixdə “Bildirişlərin verilməsi jurnalı”nda qeydiyyat aparılaraq alıcıya təqdim edilmişdir. 15% hissə əmək kollektivi üzvünə güzəştlə satıldıqdan sonra müəssisənin 85%-i 218.250 manat olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 4.6cı bəndinə əsasən Dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Eyni zamanda "xxxx" İcarə Müəssisəsi 12 dəfə hərraca çıxarılmış, lakin sifarişçi olmadığından satılmamış və 05 mart 2019-cu il tarixdə keçirilmiş 13-cü hərracda qanunvericiliyə uyğun olaraq hərracın qalibi İddiaçı tərəfindən 109.125 manata satın alınmışdir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 6.4-cü bəndinə uyğun olaraq kiçik müəssisənin hərraca çıxarılan hissənin (obyektin start qiymətinin 85%nin) hərrac qalibi əmək kollektivi üzvü olduqda bu hissə 100% hesab edilməklə, hərrac qiymətinin 30%-i müvafiq qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ən geci 30 (otuz) bank günü ərzində pulla ödənilir. Hərrac qiymətinin 30%-i üzrə ödənişi həyata keçirən alıcıya hərrac qiymətinin 30%-i həcmində güzəşt edilir. 40%-i alqı-satqı müqaviləsində müəyyənləşən müddətdə, lakin 2 ildən gec olmayaraq pulla ödənilir. Bildirilmişdir ki, "xxxx" İcarə Müəssisəsinin əmək kollektivinin üzvü və hərracın qalibi İddiaçı tərəfindən 25.11.2017-19.12.2017-ci il tarixlərində keçirilən güzəştli satışda iştirak etmək üçün 5625 manat, 05 mart 2019-cu il tarixdə keçirilmiş hərracda iştirak etmək üçün əmlakın ilkin start qiyməti 218.250 manatın 50%-nin 109.125 manat hərrac qiymətinin 10%-i həcmində 10913 manat beh, ümumilikdə 16538 manat vəsait ödənilmişdir. İş materiallarında olan 05.03.2019-cu il tarixli Hərrac protokolunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş «Azərsutikinti» X3 Birliyinin "xxxx" İcarə Müəssisəsi (ümumi faydalı sahəsi 279.2 kv.m, özəlləşdirilən torpaq sahəsi 320.8 kv.m) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 05.03.2019-cu il tarixində keçirilmiş hərracda 109.125 manata İddiaçı (qalib – alıcı) tərəfindən satın alınmışdır. Həmin protokol Komissiyanın sədri və üzvləri tərəfindən, eləcə də hərracçı X2 və Alıcı İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan qəbzin və ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" İcarə Müəssisəsi üçün 5625 manat (güzəştli satışda iştirak üçün) və 10913 manat (hərracdan qabaq hərracda iştirak etmək üçün əmlakın dəyərinin 10 faizi məbləğində beh) olmaqla, ümumilikdə 16538 manat ödənilmişdir. Göründüyü kimi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş «Azərsutikinti» X3 Birliyinin "xxxx" İcarə Müəssisəsi (ümumi faydalı sahəsi 279.2 kv.m, özəlləşdirilən torpaq sahəsi 320.8 kv.m) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 05.03.2019-cu il tarixində keçirilmiş hərracda 109.125 manata qalib olaraq iddiaçı tərəfindən satın alınmışdır. Həmin protokol iddiaçı tərəfindən imzalanmışdır. Eyni zamanda iddiaçı qeyd olunan hərracla əlaqədar güzəştli satışda iştirak etmiş, güzəştli satışda iştirakla əlaqədar 5625 manat, hərracdan qabaq hərracda iştirak etmək üçün əmlakın dəyərinin 10 faizi məbləğində beh olaraq isə 10913 manat olmaqla, ümumilikdə 16538 manat ödəmişdir. Hazırda iddiaçı ödənişlə bağlı güzəştin edilməsini, hərraca çıxarılan obyektin satış dəyərinin aşağı endirilməsini, hərraca çıxarılan obyektin qiymətinin dəqiqləşdirilməsini, onunla yeni müqavilənin bağlanmasını və ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Lakin qeyd olunduğu kimi, hərrac keçirilmiş və müvafiq hərrac protokolu tərtib edilmişdir. Həmin hərracın keçirilməsi ilə əlaqədar olaraq güzəştlər tətbiq edilmiş, əmlakın dəyəri müəyyən edilmiş, müvafiq endirimlər tətbiq edilmiş, satış qiyməti protokolda əks olunmuş, iddiaçı tərəfindən güzəştli satışda iştirakla əlaqədar və hərracdan qabaq hərracda iştirak etmək üçün əmlakın dəyərindən müəyyən edilən ödənişlər həyata keçirilmişdir. Həmin hərrac protokolu ləğv edilməmiş və ya dəyişdirilməmişdir, hazırda qüvvədədir. İddiaçı isə hərrac protokolunu mübahisələndirmədən qeyd olunan iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar olaraq iddia tələbinin dəqiqləşdirilməsi məhkəmə tərəfindən iddiaçı tərəfə təklif edilməsinə baxmayaraq, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmiş, iddia tələbini qoyulduğu kimi müdafiə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hərrac protokolu mübahisələndirilmədən və hazırda hərrac protokolu qüvvədə olduğundan qeyd olunan iddia tələblərinə baxılması mümkün hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd); Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1-ci bənd); İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar