Məhkəmə qərarları › İş №2-1(112)-645/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-645/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-645/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4, üçüncü şəxs X6, üçüncü şəxsin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X13) “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021-ci il saylı, 12.03.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 2 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. X13 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4210/2021 saylı, 12.03.2021-ci il tarixli qərarının onun qanunla qorunan maraqlarına toxunduğunu nəzərə alaraq, onun həmin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı ilə ərizəçi X13 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2788/2021 saylı, 29.10.2021-ci il tarixli qərardadı ilə ərizəçi X6 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4210/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı ləğv edilmiş, X6 ərizəsi təmin edilərək üçüncü şəxs qismində işə cəlb olunmuş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, uzun müddətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və həmin ev onun sahibliyində və istifadəsindədir. O, ünvan 4 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq uzun müddətdir həmin ünvanda yaşayır. O, Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək yaşadığı fərdi yaşayış evinə qeydiyyata alınmasını və şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. O, faktiki olaraq yaşadığı ünvana pasport qeydiyyatına alınmalıdır. Eyni zamanda üçüncü şəxs X6 mübahisə olunan fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur, orada yaşamamışdır. Onun həmin evə qeydiyyata düşməsi tələbinə X6 etiraz etməsi əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 izahatında bildirdi ki, X14 ilə, yəni iddiaçının oğlu ilə 2007-ci ildən ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada 21.02.2012-ci il tarixdə qeyd etdirmişlər. Seyran Nüsrətovla 2021-ci ilin fevral ayınadək, yəni onun ölümünədək birgə yaşamışlar. İlk vaxtlar onunla birlikdə ünvan 6 ünvanında yaşamışlar. Əri ilə birgə yaşadıqları dövrdə bir neçə daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Belə ki, Abşeron rayonu Saray qəsəbəsində 6 sot torpağın içərisində ayrı-ayrılıqda tikilmiş 2 evləri var idi. Həmin evin birində yoldaşı ilə birgə yaşamış, digər evi isə yoldaşı işi ilə əlaqədar olaraq sex kimi istifadə etmişdir. 2020-ci ilin axırlarında Abşeron rayonu, Saray qəsəbəsindəki evləri satıb ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini almışlar. 04 dekabr 2020-ci il tarixində əri Seyran Nüsrətov yeni evlərində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da əri ilə birlikdə orada yaşamağa başlamışlar. Yaşamaq ücün lazım olan əşyaları və ərinin iş ləvazimatlarını da ora köçürmüşlər. Həmçinin evin müəyyən dərəcədə təmirə ehtiyacı olduğu üçün evi təmir etdirməyə başlamışlar. Yəni göründüyü kimi bu evi 16 noyabr 2020-ci il tarixdə almışlar və ora həyat yoldaşı ilə birlikdə 2020-ci ilin dekabr ayında birgə köçmüşlər. İddiaçı isə təzə evlərinə, yəni ünvan 7 ünvanında olan evlərinə onunla birlikdə köçməmiş və orada yaşamamışdır. İddiaçı qızıgilə getmiş və orada yaşamışdır. Bu evi onlar 16 noyabr 2020-ci ildə almışlar və orada yoldaşı ilə ondan başqa heç kim yaşamamışdır. Həyat yoldaşı X2 Qarabağ müharibəsi veteranıdır. Əri S.Nüsrətov uzun müddət bir neçə xəstəlikdən, o cümlədən sümük yeyilməsi xəstəliyindən əziyyət çəkmiş, ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi səbəbi ilə o, 17 fevral 2021-ci ildə vəfat etmişdir. Bundan sonra ərinin yas mərasimini verib başa çatdırmış, onun məzarının üstünü də öz vəsaiti hesabına düzəltdirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində ünvan 8 ünvanındakı fərdi yaşayış evinə normal şəraitdə yaşamaq ücün yeni əşyalar yerləşdirmiş və orada yaşamağa davam etmişdir. 2021-ci ilin iyul ayının 17-də o, işdən evə gəldikdə giriş qapısının açarlarının dəyişdirildiyini görmüş və evə daxil ola bilməmişdir. Ərinin atası, İddiaçı, qızı X15 və onun yoldaşı X18 ilə birlikdə onun icazəsi olmadan, gizli şəkildə evinin giriş qapısını hansısa vasitə ilə açaraq evə daxil olmuşlar və giriş qapısının açarlarını dəyişdirilmişlər. Bundan sonra o, polis idarəsinə şikayət etmişdir. 16 noyabr 2020-ci il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi ev 3Q saylı fərdi evi X1 Eyvaz Qasım oğlundan almışdır. Həmin ünvanda işıq, qaz və su kommunal xidmətləri ilə müqavilələr onunla bağlanmışdır. X5 həmin ünvanda qeydiyyatdadır. İddiaçının isə həmin evə heç bir hüququ olmadığı üçün onun qeydiyyata alınması tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı ünvanlanmış 04.02.2021-ci il tarixli məktubda qeyd olunur: Ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, Sizin yuxarıda göstərilən ünvana pasport qeydiyyatına alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 07.12.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, 29.04.1968-ci il təvəllüdlü X14 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN Bakı şəhəri Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı verilmiş 007486 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 21.02.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 733947 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X13 21 fevral 2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Nüsrətov, arvada Bağırova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 05.05.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 179932 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17.02.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 01.02.2021-ci il tarixli, AKX-0273054/02-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı “Azəriqaz” İB istehlakçı X9 (10 Bakı - 04 Sabunçu - 031 Şuşinski-0020-0003) keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 29.01.2021-ci il tarixli, 43825593 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin surətindən görünür ki, "xxxx" ASC istehlakçı X9 ünvan 13 ünvanında tələbatına uyğun içməli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı, 09.09.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 İddiaçı, X18 və X10 qarşı “yaşayış evinə köçürülmə və cavabdehin çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X6 ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 saylı, 16.12.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 saylı, 09.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı, 09.09.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, iddiaçı X6 ünvan 14 ünvanında yerləşən fərdi evə köçürülmüş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 saylı, 09.03.2022-ci il tarixli qərarına əsasən iddiaçı X6 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qeydiyyata alınma tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 06.09.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, 3Q saylı fərdi yaşayış evinin qeydiyyatan keçməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, İddiaçı qeydiyyata alınmasını xahiş etdiyi ünvan 14 ünvanında yerləşən ev özbaşına tikilidir. İddiaçı həmin evə qeydiyyata alınma üçün əsas olan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmədi. İddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 06.09.2021-ci il tarixli məktubdan da görünür ki, həmin ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda iş materiallarından və tərəflərin izahatlarından görünür ki, qeyd olunan ünvanla əlaqədar iddiaçı və üçüncü şəxsin arasında mübahisə mövcuddur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən, bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, iddiaçının isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar