Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-645/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin 447 saylı, 15 may 2000-ci il tarixli sərəncamı ilə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısının 447 nömrəli, 15 may 2000-ci il tarixli fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamı ilə Sahil qəsəbə sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 200,0 kv.m.torpaq sahəsi ayrılmışdır. Göstərilən sərəncam Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 05 noyabr 2022-ci il tarixli BA- 07157-2022 nömrəli arxiv çıxarışı ilə təsdiq olunmuşdur. İddiaçı mövcud sərəncam əsasında adına şəxsi qeydiyyat vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, buna baxmayaraq cavabdeh torpaq sahəsinə hüququn qeydiyyata alınmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, DTXK tərəfindən verilmiş plan və ölçü ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, plan və ölçüdə göstərilən torpaq sahəsinin 8 m2 hissəsi yola düşür, 22.0 m2 hissəsində isə qaraj tikilisi var. Plan və ölçüdə nəzərdə tutulan sahədən əlavə 69.4 m2 torpaq sahəsi istifadə edilməkdədir. Faktiki torpaq sahəsi yaşayış binasının yaxınlığında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********46 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 15 may 2000-ci il tarixli, 447 nömrəli Sərəncamı ilə Sahil qəsəbə sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 200,0 kv.m torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 15 may 2000-ci il tarixli, 447 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin koordinatları, planı və digər kadastr göstəriciləri müəyyən olunmuşdur. İşin mübahisəli hallarının araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 447 №-li, xx.xx.2000-ci il tarixli sərəncamı əsasında İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m. torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin. 2.İddiaçı naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpağın sahəsinin sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin. Göstərilən torpaq sahəsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçüdə göstərilən sahəyə (koordinatlara) uyğun gəlirmi? Əgər uyğunsuzluq varsa, uyğunsuzluğun nədən ibarət olduğu müəyyən edilsin. 3.Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 447 №-li, xx.xx.2000-ci il tarixli sərəncamı əsasında İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m. torpaq sahəsinin ümumi istifadədə olan yola və ya onun mühafizə zolağına düşüb-düşməməsi müəyyən edilsin. Əgər düşürsə, hansı hissəsi düşür? 4.İddiaçı tərəfindən plan və ölçüdə nəzərdə tutulan sahədən əlavə torpaq sahədindən istifadə edilir? Əgər belə istifadə halı mövcuddursa, həmin torpaq sahəsinin mülkiyyət növü və hüquq sahibi müəyyən edilsin. 5.İddiaçının istifadəsindəki torpaq sahəsində olan qaraj tikilisinin yerləşdiyi yer iddiaçının adına verilmiş plan-ölçüdə göstərilən torpaq sahəsinin hüdudları daxilinə düşürmü? 6.İddiaçı istifadəsində olan torpaq sahəsinin qaz xəttinin mühafizə zolağına düşübdüşmədiyi müəyyən edilsin. 7.İddiaçı istifadəsində olan torpaq sahəsinin yaxınlığında yerləşən yaşayış binası ilə ara məsafəsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5003 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: - Göstərilən torpaq sahəsi sənəd üzrə 200,0 kv.m olsa da, faktiki olaraq ümumi hasar daxilində 238,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində bir mərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. - Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçü ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, plan və ölçüdə göstərilən torpaq sahəsinin 8,0 kv.m hissəsi yola düşür, 22,0 kv.m hissəsində isə qaraj tikilisi var (iddiaçı sözügedən qarajın ona aid olmadığını bildirmişdir). Plan və ölçüdə nəzərdə tutulan sahədən əlavə 69.4 kv.m torpaq sahəsi istifadə edilir. - Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçüdə göstərilən torpaq sahəsinin 8.0 kv.metr hissəsi ümumi istifadə olunan məhəllədaxili yola düşür. Belə ki, məhəllədaxili yol olduğundan mühafizəsi nəzərdə tutulmamışdır. - Vahid elektron kadastr baza məlumatlarına əsasən əlavə torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır (qeydiyyatı barədə məlumat yoxdur). - Qeyd olunan qarajın yerləşdiyi torpaq sahəsi iddiaçıya (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçüdə göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin iddiaçı sözügedən qarajın ona aid olmadığını bildirmişdir. - Həyətin giriş hissəsindən orta təzyiqli qaz xətti keçir (qaz xətlərinin qazpaylayıcı qurğusu var). Vahid elektron kadastr məlumat bazasında qaz xəttinin mühafizəsi ilə bağlı məlumat olmadığından aidiyyəti quruma sorğu verilməsi məqsədəmüvafiqdir. - Sözügedən torpaq sahəsi faktiki olaraq çoxmərtəbəli yaşayış binasından 22.0 kv.m məsafədə yerləşir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar (2.7) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndindəki aktlara uyğun gəlir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 15 may 2000-ci il tarixli, 447 nömrəli Sərəncamı ilə Sahil qəsəbə sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 200,0 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin dövrdə səlahiyyətli olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin torpaq sahəsinin kadastr göstəricilərini və koordinatlarını müəyyən edərək torpaq sahəsinin plan və ölçü sənədini vermişdir. Həmin sərəncam və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Cavabdeh tərəfindən inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, habelə, qeyd olunan sərəncam və sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi dəlillər aşağıdakılardır: -DTXK tərəfindən verilmiş plan və ölçü ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olması (plan və ölçüdə göstərilən torpaq sahəsinin 8 kv.m olan hissəsinin yola düşməsi, 22.0 kv.m hissəsində isə qaraj tikilisinin olması), -Plan və ölçüdə nəzərdə tutulan sahədən əlavə 69.4 kv.m torpaq sahəsinin istifadə edilməsi, -Faktiki torpaq sahəsi yaşayış sahəsinin yaxınlığında yerləşir. Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş və digər sübutlarla yanaşı qiymətləndirilmiş ekspert rəyi ilə də göstərilən torpaq sahəsinin DTXK tərəfindən tərəfindən tərtib edilmiş cizgiyə daxilində yerləşdiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluq varsa, bu iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Bundan başqa plan və ölçüdə göstərilən torpaq sahəsinin 8 kv.m olan hissəsinin yola düşməsi belə iddiaçının hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.3. servitutlar. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Torpaq Məcəlləsinin:
1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır .
2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.
4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: Qanunvericiliyin tələbindən də göründüyü kimi torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi ilə əlaqədar mülkiyyətçi digər mülkiyyətçinin xeyrinə keçid üçün nəzərdə tutulmuş torpaq sahəsinə münasibətdə həmin torpaq sahəsinin sonuncunun qeyd olunan məqsədlərlə istifadəsi baxımından öhdəlik götürür. Başqa sözlə torpaq sahəsinin mülkiyyətçisi servitutla bağlı olaraq mülkiyyətində olan və keçid üçün nəzərdə tutulan sahədən maraqlı şəxsin yol kimi istifadə edilməsinə şərait yaratmalıdır. Lakin hər bir halda servitutun müəyyən edilməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmir. Başqa sözlə göstərilən sahənin yol kənarında yerləşməsi və ya yol kimi istifadəsi üçün onun mülkiyyətçisinin hüquqları dövlət qeydiyyatına alınmalıdır ki, yol kimi istifadəsi zərurəti olduğu halda digər şəxs mülkiyyətçidən keçidin təmini üçün şərait yaradılması tələb edə bilsin. Hazırkı işin faktiki hallarından isə göründüyü kimi servitutun tətbiq edilməsi ehtimal olunan torpaq sahəsinə yol kənarında yerləşməsinə istinad edilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir ki, bu formada imtinanın mövcudluğu, ümumiyyətlə servitut institutunun tətbiqi imkanları ilə uzlaşmır. Əgər servituta ehtiyac duyulan torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina ediləcəyi təqdirdə, ümumiyyətlə servitutun əşya hüququ kimi mövcudluğu öz əhəmiyyətini itirir. Bu səbəbdən də şəxsin yol kimi istifadəsi zəruri olsa belə, torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, əgər yol kimi istifadəsi zərurəti mövcuddursa məhz maraqlı şəxs yol kimi istifadə edilə bağlı müvafiq tələblə çıxış etməlidir. Eyni zamanda o da qeyd olunmalıdır ki, plan və ölçü sənədində göstərilən torpaq sahəsinin hüdudları daxilində qarajın yerləşməsi belə iddiaçının torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının qeydiyyatı üçün imtina qismində çıxış etmir. Çünki şəxsin bu hüquqları torpaq sahəsinin ayrılması barədə həmin dövrdə səlahiyyətli olan yerli icra hakimiyyətinin sərəncamı ilə yaranmışdır ki, həmin sərəncam öz hüquqi qüvvəsini saxladığından və orqan tərəfindən iddiaçıya uzun müddət ərzində etimad göstərildiyindən, bu torpaq sahəsinin iddiaçının qanuni əsaslarla istifadəsində olması təkzib olunmazdır. Cavabdehin digər dəlilləri ilə bağlı qeyd olunur ki, iddiaçı iddia tələbini dəqiqləşdirdiyindən və yalnız qanuni əsaslara ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatına nail olmaq istədiyindən, onun plan və ölçüdə nəzərdə tutulan sahədən əlavə 69.4 kv.m torpaq sahəsindən istifadə etməsi hazırki iddianın predmeti hesab olunmur. Bundan başqa, iddia olunan torpaq sahəsinin yaxınlığında çoxmərtəbəli yaşayış binasının yerləşməsi də qanunvericiliklə torpaq sahəsi üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Hazırkı halda iddiaçı hər hansı tikili üzərində deyil, qanuni əsaslarla istifadəsinə ayrılmış torpaq sahəsi üzərində hüquqların qeydiyyatına iddia edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/5003 ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İddia tələbi təmin edildiyindən qeyd olunan pul vəsaiti cavabdehə aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 447 saylı, 15 may 2000-ci il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov