Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6450/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı mənzil uçotuna alınması ilə bağlı sərəncamın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Qarabağ əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində 2 nəfər olmaqla (özü və həyat yoldaşı) uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, qohumlarına məxsus Zabrat qəsəbəsində yerləşən mənzildə yaşayır. İ Qarabağ döyüşlərində iştirak edərkən Gədəbəy rayonunun Qərəvəllər kəndi əraizisində yaralanaraq əlil olmuşdur. Papanin qospitalında müalicə olunmuşdur. O İİ dərəcəli müddətli əlildir. Bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Tibbisosial Ekspert Komissiyasının soununcu müayinəsinə dair məlumatın verilməsi haqqında arayış təsdiq edir. Qarabağ döyüşlərində iştirakla əlaqədar 350 manat prezident təqaüdü alır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacları var. Mənzil növbəsinə götürülmə ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsə də ona bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirləri Kabineti tərəfindən müəyyən edilmədiyindən xahişinin təmin edilməsi imkan xaricindədir. Hesab edir ki, Sabunçu rayon İcra Hakimiyyətinin imtinası qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırılmış, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə ünvan 3ində doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AZE 16238604 nömrəli, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1981-ci ildə ünvan 3ində doğulmuşdur, yaşayış yeri ünvan 3idir. - Gədəbəy rayon İHB-sının Hacılar kənd inibati ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 104329 №-li, xx.xx.2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 arasında xx.xx.2004-cü ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2001-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi, “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Parkinson xəstəliyi. Akinetik böhran. Baş beynin digər zədələnmələri. Posstravmatik ensefalopatiya, xroniki beyin qan dövranın pozulması” diaqnozu ilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********1№-li arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X19 Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Təqaüdün məbləği 350 manat, Təyinatın bitmə tarixi xx.xx.2025-ci il. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 adına daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhər Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 20 nömrəli arayışdan görünür ki, 2000-ci il tarixdən bugünə qədər Zabrat Bələdiyyəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adına heç bir torpaq sahəsi ayrılmamışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, İ-7-068 №-li məktubdan görünür ki, onun Sabunçu rayon İcra Hakimiyyətinə daxil olmuş Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul olunmağına köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixli ərizəsinə baxıldı. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmədiyindən vətəndaşları yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığı məsələyə yenidən baxılacaq. Nəzərə alınması xahiş edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-9360-1222 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı müraciətdə qeyd olunan ünvanında yoxdur və xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********52 №-li və xx.xx.2022-ci il tarixli, **********34 №-li məktublarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X1, X4 ailə üzvləri ilə birlikdə adına ünvan 3ində 0.51 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (mülkiyyət payı yalnız torpaq sahəsinə aiddir) qeydiyyata alınmışdır. Sorğuda qeyd olunan İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verənlər X9, X12, X3, X10, X11, X13, X5 və X6 mülkiyyətlərində olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 77,7 kvm. olan fərdi yaşayış evini və ümumi sahəsi 0,51 ha olan torpaq sahəsini hədiyə alan X2 mülkiyyətinə verirlər. Hədiyyə verənlər adından müqavilə etibarnamə əsasında X17 tərəfindən imzalanmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə xx.xx.2020-ci il tarixdən ikinci dərəcəli əlillidir. İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul olunması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydalarının müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmədiyindən vətəndaşları yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsinin dayandırılması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman təkçə vətəndaşın yox, onun ailə üzvlərinin də mülkiyyətində olan əmlakın sahəsi nəzərə alınır «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Göstərilmiş normativ-hüquqi aktlarda əks olunmuş maddələrin tələblərindən göründüyü kimi, yaşayış sahələrinə ehtiyacı olan şəxslərə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilə bilər. Bu məqsədlə həmin şəxslər yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmalıdırlar. Bunun üçün onlar yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Uçotun aparılması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Məcəllənin qüvvəyə minməsindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən belə qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, Qaydaların 4-cü hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində, pasport qeydiyyatının təsdiq etdyi kimi, yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Göründüyü kimi, qüvvədə olan qanunvericilik şəxsin Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçota alınması üçün onun azı 5 il Bakı şəhərində yaşamasını tələb edir ki, bu müddət şəxsin yaşayış yeri üzrə qeydiyyat tarixi ilə müəyyən olunur. Hazırki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Bakı şəhərində qeydiyyatdadır ki, həmin müddət beş ildən azdır. Bundan əlavə iddiaçının ailə üzvlərinin (arvadı X1 və oğlu X4) adlarına daşınmaz əmlak olmuş və həmin əmlak xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən digər şəxsə bağışlanmışdır. Halbu ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Məhkəmə işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6450/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6450/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver