Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6453/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti üçüncü şəxs qismində göstərilməklə ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə işin ərazi aidiyyəti məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – cavabdeh) qarşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkməyə müraciət edərək ona cavabdeh tərəfindən ölkə hüdudlarından kənara çıxışı ilə bağlı qanunsuz qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin yanvar ayında hava limanından xarici ölkəyə səfər edərkən sərhəd xidmətinin əməkdaşları tərəfindən bildirilmişdir ki, ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş və DSX Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli, 33/625 saylı məktubu ilə cavabdehə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdehə müraciət etsə də, müraciəti aidiyyəti üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Daha sonra Yasamal Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin 6(004)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin olunmuş, onun barəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminin “Sərhədkeçmə” altsistemində aktivləşdirilmiş “Saxla” statusu qanunsuz hesab edilmiş və onun əsasında ölkədən giriş-çıxışa qoyulmuş məhdudiyyət aradan qaldırılmış, qərarın icrası Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Ximətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Yasamal Rayon Məhkəməsinə xx.xx.2022ci il tarixli, **********310100 saylı məktub ünvanlayaraq xx.xx.2022-ci il tarixə iddiaçının barəsində İAMAS-ın “sərhəd nəzarəti və giriş-çıxışın məhdudlaşdırılması” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin mərkəzi məlumatlar bazasında hər hansı məhdudiyyətin olmaması göstərilmişdir. xx.xx.2022-ci il tarixdə o hava limanına bilet alaraq gedərkən hava limanının əməkdaşları tərəfindən DVX Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ölkədən giriş-çıxışına məhdudiyyət olduğu bildirilmiş və onun ölkədən çıxmasına icazə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra hazırki iddianın məhkəmə nəzarəti qaydasında baxılan mübahisə olub-olmamasının müəyyən edilməsi üçün şifahi icraat qaydasında iddianın mümkünlük məsələsinə baxılması əlaqədar məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, hazırki iddia tələbinin əsası cinayət işinin istintaqı üzrə şahid qismində dindirilmiş iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati orqan olan cavabdehin hərəkətləri ilə əlaqədardır. Ona görə də, iddia mümkün iddiadır, onların şikayəti məhkəmə nəzarəti qaydasında verilən şikayətlə bağlı deyil, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri ilə əlaqədardır. Hazırki iddia inzibati mübahisə ilə əlaqədar olduğundan işə inzibati məhkəmədə baxılmalıdır. İddiaçının nümayəndəsi və vəkili işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehin nümayəndəsi izahatında iddia tələbinin əsassız olduğunu, cavabdeh orqan tərəfindən iddiaçının ölkədən getməsi ilə bağlı hər hansı bir məhdudiyyət qoyulmadığını, işin ərazi aidiyyəti üzrə göndərilməsinə isə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi cavabdeh tərəfindən onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. İddiaçının bu iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı cavabdeh qismində isə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətini göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini, o cümlədən Abşeron rayonunu əhatə edir. Belə olan halda hazırkı işə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddia ərizəsində iddiaçı rəsmi qeydiyyat ünvanı kimi Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 82A ünvanını göstərmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan iddiaçının yaşayış yerinin Abşeron rayonu, Xırdalan şəhəri olması müəyyən edilir. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinin tələbini hazırkı işə tətbiq etdikdə aydın olur ki, hazırkı işə baxmağa Sumqayıt İnzibati Məhkəməsi səlahiyyətlidir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərarın 17.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. Məhz qeyd olunanları, həmçinin yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6453/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6453/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver