Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6455/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Arərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “arxiv çıxarışının verilməsi“ barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Arərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, 48 nömrəli mənzilə dair arxiv çıxarışı verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərinin yanında olmuşdur. Müdafiə Nazirliyinə və Dövlət Arxivinə yaşadığını Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E. Qasımov küçəsi ev 15, mənzil 48 nömrəli mənzilə dair arxiv çıxarışı verilməsi üçün müraciət etmişdir, lakin müraciətinə biganə cavab verilmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1779/2024 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndəriləsi qərara alınmışdır.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 465/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 465/2024 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2113/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-465/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.
7. Cavabdehin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, 48 nömrəli mənzilə dair arxiv çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair 2-1(112)-6455/2025 nömrəli iş icraatınızdadır və iş üzrə mümkünlük iclası təyin edilmişdir. Lakin qeyd edilən iddia tələbi üzrə işə artıq baxılmış və iddianın mümkünsüz sayılmasına dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5945/2024 nömrəli qərardadı qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3958/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni mübahisə predmetinə yenidən eyni əsaslarla baxılması Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduğundan hazırda iddiaya mahiyyəti üzrə baxılması mümkünsüz hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda adı çəkilən qərardadı onunla əsaslandırılmışdır ki, “inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir; iddiaçı öz subyektiv hüquqlarının pozulduğunu bildirməlidir; işin faktiki hallarına görə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4842/2018 nömrəli iş üzrə çıxardığı xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı iddiası təmin olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 nömrəli evin 48 nörməli mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını təmin etmək öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir; Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, qeyd edilən mənzil iddiaçının istifadəsinə verilmişdir; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, mənzili özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış verir; mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müarciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir; göründüyü kimi, şəxsin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə qanunla ona arxiv arayışının verilməsi mümkündür; hazırki işdə iddiaçının adı çəkilən mənzilə dair orderi olmamış, belə ki, o, yuxarıda da qeyd olunduğu kimi, həmin mənzili məhkəmə qərarının icrası ilə bağlı müvafiq orqanla aralarında bağlanmış kirayə müqaviləsi əsasında əldə etmişdir; belə olan halda həmin mənzilə dair arxiv sənədinin (arayının) olması istisna olunur; İnzibati Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın”. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 nömrəli evin 48 nömrəli mənzili iddiaçının istifadəsinə verilmişdir. Qanunvericiliyin tələbinə görə arxiv arayışı şəxsin orderi itdikdə verilə bilər, hazırkı halda şəxs mənzili kirayə müqaviləsi əsasında əldə etmişdir ki, bu da arxiv arayışının verilməsini istisna edir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərardadı qanuni qüvvəyə minmişdir. Bu isə iddiaçının eyni mübahisə predmeti üzrə yenidən eyni tələblə çıxış etmək hüququnu istisna edir. Digər tərəfdən, iddiaçı bir müddət qabaq yenə eyni iddia tələbi (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, 48 nömrəli mənzilə dair arxiv çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir (işin nömrəsi: 2-1(112)- 17025/2024; işə baxan hakim: Bəhlul Cəlalov). Lakin işə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğuna görə məhkəmə iddiaya baxılmasını mümkünsüz hesab edərək iş üzrə icraata xitam vermişdir. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş olunur.
8. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər.
II. İddianın mümkünlüyü
9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır
13. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamış və həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməyərək qərardad öz qanuni qüvvəsini almışdır. Eyni zamanda həmin tərəflər və predmetlə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5629/2025 saylı inzibati işi olmuş və eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olması səbəbindən iddianın mümkün sayılmaması barədə xx.xx.2025-ci il tarixdə qərardad qəbul edilmişdir.
14. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva