Məhkəmə qərarları › İş №2-1(112)-6459/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6459/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6459/2024 01.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Gənc Alim" Mənzil İstehsal Kooperativinin Cavabdehnə qarşı "qeydin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "Gənc Alim" Mənzil İstehsal Kooperativi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli 1123-MM10-0297 saylı qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Qeydiyyat Notariat baş İdarəsinin (hazırkı ədliyyə Nazirliyinin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsi) üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "Alimlər" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2023-cü il tarixdə ümumi yığıncaq keçirərək "Alimlər" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adının dəyişdirilməsi və nizamnamədə dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir. Qərar lehinə 124 (yüz iyirmi dörd) nəfər, əlehinə 0 olmaqla qərar qəbul edilmişdir. Qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş və xx.xx.2023 tarixli, 1123-MM10-0297 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixində "Gənc Alim" mənzil istehlak kooperativinin bir qrup üzvlərinin təşəbbüsü ilə altmış nəfər iclas keçirərək "Alimlər" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini təsis etmişlər. Lakin sənədlərdə 124 nəfərin (yüz iyirmi dörd) iştirakı haqda siyahı tərtib edilərək Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat idarəsinə təqdim etmişlər. Əslində bu siyahı iclasdan xeyli əvvəl komunal xərclərin artırılmasına etiraz adı ilə imzalanmışlar. İmza atmayanların yerinə isə Boran Əziz və onun tərəfdarları tərəfindən saxta imza çəkilmişdir. Onlar xx.xx.2023-cü il tarixində isə heç bir iclas keçirmədən 124 nəfər əvvəlki eyni siyahı ilə saxta protokol tərtib edərək "Alimlər" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adını dəyişdirərək Cavabdeh olması barədə qərar qəbul etmişlər. "Gənc Alim" Mənzil İstehlak Kooperativinin sahə mülkiyyətçilərinin 260 nəfər üzvündən yığıncaqda iştirak edən mülkiyyətçilərin sayı 124 nəfərdən (yüz iyirmi dörd) ibarət göstərilmişdir. xx.xx.2023-cü il tarixində Boran Əzizin xahişi ilə Ədliyyə Nazirliyinə təqdim etmək üçün "Gənc Alim" MİK üzvlərinin sayı 237 göstərilmişdir. Adlarının protokolda qeyd olunmasına baxmayaraq, yığıncaqda iştirak etməyən və protokolda adlarının qarşısında başqa şəxslərin imza etməsinə görə bir qrup sakinlər Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Hazırda məhkəmə prosesi davam edir. Cəmiyyətin protokolunun qanuni olması və iclasın legitim hesab edilməsi üçün cəmiyyətin 260 üzvülərinin yarısından çoxu, ən azı 131 üzv həmin yığıncaqda iştirak etməli idi. Amma qeyd olunan təsis yığıncağında cəmi 124 nəfərin adı qeyd olunmuş, onlardan da bir çoxları qeyd olunan yığıncaqda iştirak etməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində Cavabdeh göstərmişdir, hansı ki, həmin müəssisə inzibati orqan deyil, adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmamışdır və qanuna əsasən həmin hüquqi şəxsə inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçının hazırkı iddia vasitəsilə nail olmaq istədiyi hüquqi nəticə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli 1123-MM10-0297 saylı Cavabdeh qeydiyyatının ləğv edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən nazirlik qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət reyestrini aparır. Göründüyü kimi, qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır və belə bir qeydiyyatın ləğvi ilə bağlı iddia tələbinə cavab verməli şəxs həmin inzibati orqandır (işdən iddiaçının məhkəməyə qədər Cavabdeh qeydiyyatının ləğvi ilə bağlı aidiyyəti inzibati orqana müraciət etməsi müəyyən edilmədiyindən məhkəmə iddia ərizəsində yol verilən xətaların aradan qaldırılması ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməsinə zərurət görmür). İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar