Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-646/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair yeni qərarın qəbul edilməsi, pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********6 saylı cavabının qanunsuz və əsassız hesab edilməsi, təqdim edilmiş sənədlər əsasında 1988-ci ildən sonra yaranmış güzəştli şərtlərlə pensiya hüququ nəzərə alınmaqla yenidən hesablama aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1940-cı il təvəllüdlüdür. 1958-ci il iyun ayının 14-dən əmək fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 1963-1981-ci illər ərzində M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institunda zəhərli maddələrin sintezi üzrə elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. 1981-1994-cü illər ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft Kimya sintezi və sənaye ekologiyası kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft Kimya sintezi və Sənaye ekologiyası kafedrasında çalışdığı dövrlər güzəştli şərtlərlə pensiya hüququ versə də, həmin illər ona ödənilməmişdir. O, xx.xx.1995-ci ildən ümumi əsaslarla əmək pensiyasına çıxmışdır. Həmin səbəbdən güzəştli şərtlərlə pensiya hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyası aldığı dövrə qədər ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsinə dair ərizə ilə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı DOST mərkəzinə müraciət etmiş, müraciətinə 2021-ci il oktyabr ayının əvvəllərində imtina cavabı verilmişdir. Verilmiş cavab belə əsaslandırılır: "Əmək pensiyanızın müraciətinizdə qeyd etdiyiniz qaydada hesablanması ilə bağlı bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla (xx.xx.2006-cı il) və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən pensiyanızın məbləği dəyişməyəcək və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanacaqdır." Göründüyü kimi verilmiş cavab iddiaçının ərizəsinə adekvat deyildir. Belə ki, o, ərizəsində pensiyasının yenidən, güzəştli şərtlərlə hesablanmasını yox, güzəştli şərtlərlə pensiya hüququmun yarandığı dövrdən yaşa görə pensiya almağa başladığı dövrə qədər, yəni xx.xx.1995-ci ilə qədər olan dövr ərzində ödənilməmiş pensiyanın ödənilməsini xahiş etmişdir. Yaşa görə əmək pensiyası hüququnun yaranması və pensiya təyinatı 1992-ci ildə qəbul edilmiş "Vətəndaşların pensiya təminatı haqqında" Qanun əsasında aparılmışdır. Həmin Qanun "Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar xx.xx.2006-cı tarixdə qüvvədən düşmüşdür. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinə görə ("a" bəndi) qadınlar 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin 7 il 6 ayını həmin işlərdə çalışarlarsa əmək şəraitinə görə güzəştli pensiya hüququna malik olurlar. Yəni, həmin Qanuna görə güzəştli şərtlərlə pensiya təminatı aşağıdakı hüquqi faktdan asılıdır: 1) 45yaş; 2)15 il iş stajı; 3)bu stajın 7 il 6 ayı zərərli iş şəraitinə aid olmalıdır. Onun təqdim etdiyi sənədlərə görə, 45 yaşı 1985-ci il yanvar ayının 8-də tamam olmuşdur. 15 il iş stajı təqribən 1974-cü ildə tamam olmuş, zərərli şərtlərlə 7 il 6 ay iş stajı isə təqribən 1988-də əmələ gəlmişdir. Beləliklə, 1988-ci ildən xx.xx.1995-ci ilə qədər (ümumi əsaslarla əmək pensiyası təyinatına qədər) olan dövr ərzində təyin olunub ödəniləcək pensiyanı almamışdır. İddiaçı hesab edir ki, həmin illərə görə pensiya ödənişlərini tələb etməkdə haqlıdır. Bundan əlavə, xx.xx.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pnesoyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 bu tələbini nəzərə almadan iddiaçının pensiya təminatı hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. İddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə pensiya hüququnun yarandığı dövrlərin nəzərə alınmasını və həmin dövrlər üçün ödənilməmiş məbləği ödəməyi xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialı tərəfində İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********6 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi gündən tez olmamaqla (xx.xx.2006-cı il) və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanacaqdır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Belə ki, iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixindən İddiaçı əmək pensiyasının sığorta hisssəsi indeksləşdirilərək pensiya məbləği 462,83 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul xahiş etmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra növbəti məhkəmə hazırlıq icraatı iclası 17 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələləbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı güzəştli şərtlərlə 20 noyabr 1988-ci il tarixdən pensiya təyin edilməsinə dair yeni qərarın qəbul edilməsi və pensiyanın yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianın dəqiqləşdirilməsinə dair sonuncu ərizəni müdafiə edərək hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqana yenidən müraciət edilməsinə zərurət olmadığı, iddia tələbinin qoyulan tələb üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etiraza uyğun məzmunda izahat verdi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyrimümkün hesab edilməlidir. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 may 2015-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının sonuncu dəqiqləşdirilmiş iddiası üzrə tələbi təqdim etdiyi sənədlər əsasında xx.xx.1988-ci il tarixdən ona pensiya təyin edilməsinə dair yeni qərarın qəbul edilməsi və pensiyanın yenidən hesablanaraq ödənilməsidir. Lakin iş materialları ilə iddiaçı tərəfindən eyni tələblə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət edilməsi müəyyən edilmir. Belə olan halda, iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığına görə hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-646/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-646/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver