Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-646/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X2” MMC üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X2” MMC üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-cü il tarixli Bakı şəhəri Əzizbəyox (Xəzər) Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən anası X1 adına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı 875 kv.m. torpaq sahəsinə dair plan-cizginin verilməsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X2” MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı 875 kv.metr torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi 1994-cü il tarixli Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı 875 kv.metr torpaq sahəsi anası X1 adına ayrılmışdır. Torpaq sahəsi anasına ayrılan gündən faktiki olaraq 30 ilə yaxındır ki, istifadəsindədir. Anası öləndən sonra həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Bakı şəhəri Cavabdehndən torpaq sahəsinin sxem-planının verilməsini xahiş etsə də, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək torpaq sahəsinin onun adına bugünədək sxem-plan və digər sənədlər verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Cavabdeh bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlanılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə əsasən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən torpaq sahəsinin “X2” MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. İddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti etirazında göstərmişdir ki, hazırkı iş üzrə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan ərazilərin (Azneft İB Abşeronneft NQÇİ) hüdudları daxilində yerləşir. Eyni zamanda torpaq sahəsinin 44 və 50 metrlik məsafəsində müvafiq olaraq 228 və 878 nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxs “X2” MMC-nin nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və məhkəmə iclasında iştirakın təmin edilməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxs “X2” MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X2” MMC-nin nümayəndəsi izahat vərərək və xəritədən çıxarış təqdim edərək bildirmişdir ki, iddia olunan torpaq sahəsi “X2” MMC-nin kontrakt sahəsi daxilində yerləşmir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 31 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında xx.xx.2015-ci ildə ölmüş X1 adına vərəsəlik işi açılmışdır və o, vərəsə kimi tanınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 480/3 nörməli sərəncamın surəti məhkəməyə təqdim edilmişdir: Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 480/3 nörməli sərəncamının surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.metr torpaq sahəsi X1 adına ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 875 kv.m təşkil edir. Sahə üzərində tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (H.Z.Tağıyev adına NQÇİ). Sahə “yaşayış məntəqələrinin torpaqları“ kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahədən 53-55-67 metr məsafələrdə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. Sahə qonşu sahə ilə bir hasar daxilindədir. Bundan əlavə sahənin qeydiyyatı barədə bazada məlumat aşkar olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə qeyd edilməlidir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə icraatı zamanı “X2” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi “X2” MMC-nin kontrakt sahəsi daxilində yerləşmir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin etirazına gəldikdə məhkəmə qeyd edir ki, üçüncü şəxs ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olduğunu qeyd etsə də, qeyd edilən faktı sübut edən mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Lakin hazırkı iddia mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı deyil, torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlıdır. Qeyd edilənlər mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddia verilərsə, o prosesdə araşdırıla bilər. Bir halda ki, torpaq sahəsi iddiaçının vərəsəsi olduğu şəxsə qanuni inzibati aktla verilmişdir, müvafiq olaraq cizgi də verilməli idi. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 480/3 nörməli sərəncamına əsasən X1 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 480/3 nörməli sərəncamına əsasən X1 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-646/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-646/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver