Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6460/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məlumat verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı binanın həyətində yerləşən ayrıca tikilidə qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərən istehsal müəssisəsinin fəaliyyətinin məhdudlaşdırılması məqsədilə aidiyyəti orqanlara müraciət edilməsi üçün həmin sexin hüquqi ünvanı və obyekt kodu barədə ona rəsmi məlumat verilməsi öhdəliyinin icrasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 27 fevral 2024-cü il tarixə təyin edilmişdir. Cavqabdeh inzibati orqan Dövlət Vergi Xidməti tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçı iddia ərizəsində İPM-nin 33-cü maddəsinin müddəalarına istinad edərək, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bildiyini qeyd etmişdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən isə yuxarıda qeyd olunan maddədə nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməli olduğu 33.3-cü maddədə qeyd olunmuşdur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən isə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmafnasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə iddiaçının öz iddia tələbini İPM-in 33.1-ci maddəsində göstərilən məcburetmə haqqında iddia növünə aid etdiyini nəzərə alaraq qeyd olunur ki, iddiaçı həmin iddia tələbini əsaslandırmadığı halda Dövlət Vergi Xidmətinə qarşı mübahisə qaldırması prosessual normaların pozulmasına gətirib çıxarmışdır. Belə ki, iddiaçının tələbin cavabdehin üzərinə "yaşadığı binada yerləşən ayrıca tikilidə qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərən istehsal müəssisəsinin fəaliyyətinin məhdudlaşdırılması məqsədilə aidiyyəti orqanlara müraciət edilməsi üçün həmin sexin hüquqi ünvanı və obyekt kodu barədə mənə rəsmi məlumat verilməsi öhdəliyinin” qoyulması olsa da, iddiaçı həmin tələbini qanunvericiliyin norması baxımından əsaslandırmamış, cavabdehin hansı inzibati aktı qəbul etməli olduğunu dair dəlillər gətirməmişdir. Bundan əlavə iddiaçının Bakı şəhər X6 üzrə Baş İdarəsinə ünvanlandığı müraciətlərinə cavab olaraq həmin vergi orqanın xx.xx.2023-cü il tarixli **********728100 nömrəli məktubla qeyd etdiyi obyektin vergi ödəyicisi X3 (VÖEN: **********) məxsus olduğu, həmin ünvanda yerləşən təsərrüfat subyektində vergi nəzarəti tədbiri keçirildiyi və fərdi sahibkar tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək rəsmiləşdirildiyi bildirilmişdir. Göndərilən cavab məktubundan aydın olur ki, iddiaçının göstərdiyi ünvan üzrə yerləşən obyekt hüquqi şəxsə deyil, fiziki şəxsə məxsus olmuş və inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş kommersiya sirri təşkil etməyən məlumatların təqdim edilməsi təmin edilmişdir. Lakin iddia tələbindən məhz Dövlət Vergi Xidməti tərəfindən onun səlahiyyətlərinə aid olan hansı hərəkətlərin yerinə yetirilməli olduğu aydın olmur. Başqa sözlə desək, iddiaçı hansı hüquqların və ya qanunla qorunan hansı maraqlarının Dövlət Vergi Xidməti tərəfindən pozulduğuna, cavabdehin yerinə yetirməsini tələb etdiyi öhdəliyinin qanunvericiliyin konkret olaraq hansı normasında nəzərdə tutulduğuna dair dəlil və ya sübutlar təqdim etməmişdir. Nəticədə cavabdeh qismində göstərilən vergi orqanının hansı hərəkətləri və ya hərəkətsizliyi iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı aydın ifadə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və’ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verən inzibati orqan seçildikdə iddiaçı həmin hərəkətlərin nədən ibarət olmasını aydın ifadə etməli, həmin hərəkətlərə dair sübutlar təqdim etməli və iddiasını əsaslandırmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4, iddianı qəbul etməyərək, iddiaçının eyni məzmunlu müraciətinin təmsil etdiyi orqan tərəfindən cavablandırıldığını nəzərə alınaraq, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan, cavabdeh inzibati orqan tərəfindən İddiaçı unvanlanmış **********728100 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda (surətində) qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Şıxəli Qurbanov 4F ünvanında yerləşən "İstiisti kulinariya" adlı obyektdə vergidən yayınma halları barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********365200 nömrəli) Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılmışdır. Baş İdarənin müvafiq qərarına əsasən vergi ödəyicisi X2 (VÖEN: **********) qeyd olunan ünvanda yerləşən təsərrüfat subyektində vergi nəzarəti tədbiri keçirilmiş və fərdi sahibkar tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək tərəflərindən rəsmiləşdirilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ile bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Bakı şəhəri X6 üzrə Baş İdarəsinin **********489600 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun haqqında edilən şikayətlər və tələblərin nəzərə alınmaması, vergi orqanı əməkdaşlarının hərəkət və hərəkətsizliyi, eyni zamanda fəaliyyətinə dair keçirilmiş operativ tədbirdən narazılıq barədə xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********358300 nömrəli) müraciətinə Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılmışdır. Bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş eyni məzmunlu müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli **********728100 nömrəli məktubla ona məlumat verilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının hazırki müraciəti, hazırki iddia ərizəsi məhkəməyə təqdim olunmamışdan əvvəl cavabdeh inzibati orqan tərəfindən cavablandırılmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hər hansı bir hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə əlaqədar nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırki məhkəmə araşdırılması ilə öz əksini tapmır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məlumat verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6460/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6460/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver