Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6461/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin veriıməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 dekabr 2020-ci il tarixli və 10 aprel 2021-ci il tarixli şikayət ərizələrinə dair cavabdeh tərəfindən nümayyiş olunan hərəkətsizliyin qanunsuz hesab edilməsi; “Koronavirus (COVİD-19) pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci ilin aprel, may, iyun, iyul aylarında tətbiq olunması ilə əlaqədar 1-ci Qarabağ müharibəsi qazisi İddiaçı 760 manat məbləğində vurulmuş maddi ziyanın və 190 manat birdəfəlik ödəmə edilməməsi nəticəsində iddiaçıya vurulmuş 200 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi; 2020-ci il aprel, may, iyun, avqust, dekabr ayları üzrə nəzərdə tutulmuş hər ay üzrə 190 manat cəmi 950 manat məbləğində pulun ödənilməsi, eyni zamanda 200 (iki yüz) manat məbləğində mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ehtiyyatda olan zabit olmaqla yanaşı Qarabağ müharibə veteranıdır. O, işsiz olması səbəbi ilə koronavirus pandemiyası dövründə tətbiq olunan xüsusi karantin rejimində 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciət etmiş, lakin təqaüd aldığı üçün onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, onun 80 manat məbləğində aldığı müavinət üvanlı olduğuna və əmək haqqının minimum səviyyəsindən az olmayan dolancağ məbləğdən az olduğuna görə, bu halın 190 manat birdəfəlik ödəmə verilməsi üçün maneə yaratmamalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müxtəlif altsistemlərindən əldə olunmuş məlumata əsasən İddiaçı birdəfəlik ödəmələr üzrə təyinat aparılan dövrdə də, hazırda da müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaqdadır. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçının müraciət etdiyi vaxtda “Məşğulluq” altsistemi tərəfindən məlmatlarının təhlili zamanı aylıq təqaüd aldığı aşkarlanmış və həmin Qaydanın 2.3.4-cü (aylıq təqaüd alanlara) bəndi əsas götürülərək İddiaçı birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq imtina edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6461/2021 saylı 09.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiası “mənəvi zərərin ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. E-SOSİAL.AZ tərəfindən İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, İddiaçı təqaüd aldığı üçün, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarını rəhbər tutaraq, işsiz olduğu üçün, qanunvericiliklə nəzərdə tutulmuş 190 manat məbləğində birdəfəlik ödəmənin karantin müddəti ərzində hər ay üçün ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdeh tərəfindən imtina məktubunu mübahisələndirərək (hazırki halda elektron SMS-i), iddiaçının işsiz olduğu halda, onun 80 manat məbləğində təqaüd alması səbəbi ilə imtina edilməsidir. Halbuki, iddiaçı imtinanın qanunsuz olduğunu məhz həmin təqaüdün 190 manat birdəfəlik ödəmənin verilməsinə təsir göstərməməli olması ilə əsaslandırmışdır. Məhkəmə bildirir ki, hazırki iddia tələbinin qanuni əsasının “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən: -1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; -1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; -1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; -1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci -2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11 -2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11 -ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il 216 №-li, 7 avqust 2020-ci il 283 №-li və 23 dekabr 2020-ci il 50 №-li Qərarlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsinə qərar verilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.6-cı yarımbəndinə görə işsiz şəxs dedikdə işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə aprel, may, iyun, avqust və dekabr ayları üzrə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Nəzərə alınmalıdır ki, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Bundan başqa xüsusi qeyd olunmalı məqamlardan biri də odur ki, şəxsin həmin meyarlara uyğunluğu yoxlanılan zaman, həmçinin onun MAS-da qeydiyyatdan keçdiyi tarix də müəyyən edilməlidir. Şərh olunan qanunvericiliyin müddəalarını işin faktiki halları ilə birgə təhlil etdikdə məlum olur ki, iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunarkən, onun müharibə veteranı üçün nəzərdə tutulan prezident təqaüdünün aldığı əsas gətirilmişdir ki, bu əsas Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının 2.3.4-cü (aylıq təqaüd alanlara) bəndinin təsiri altına düşür. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.6-cı və 7.0.6-cı yarımbəndlərindən görünür ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda onlara aylıq müavinət təyin edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1 -ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Göründüyü kimi, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü’’nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilmiş, sonradan həmin müavinətlərin əvəzinə prezident təqaüdləri təsis edilmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı verilmiş imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müxtəlif altisistemlərindən əldə olunmuşdur. Həmin məlumatların həqiqiliyi iddiaçı tərəfindən mübahisələndirilməmiş, hətta iddiaçı, onun müharibə veteranı olmasını və aylıq olaraq prezident təqaüdünün almasını təkzib etməmişdir. Bundan başqa, məhkəmə icraatı zamanı təqdim olunmuş elektron çıxarışlardan məlum olur ki, İddiaçı 01.04.2019-cu il tarixdən 80 manat məbləğində təqaüd ödənilməyə başlanılmış, təyinatın son tarixi 10.11.2015-ci il tarixədək müəyyən edilmiş və müntəzəm qaydada ödənişlər həyata keçirilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, xüsusi karantin rejimi tətbiq olunduğu zaman iddiaçı işsiz kimi qeydiyyatda olsa belə, o həmin dövrdə müharibə veteranları üçün nəzərdə tutulan aylıq təqaüdləri almışdır. Bununla da o, Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının 2.3.4-cü (aylıq təqaüd alanlara) bəndinin tələbləri əsasında birdəfəlik ödəmənin verilməsi üçün nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmür. Digər tərəfdən məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı birdəfəlik ödəmə üçün müraciət edən zaman o, MAS-da 01.04.2020-ci il tarixədək qeydiyyatdan keçməmiş, MAS-da yalnız 18.04.2020-ci il tarixdə qeydiyyatdan keçərək, cavabdehə birdəfəlik ödəmə üçün müraciət etmişdir. Göründüyü kimi, iddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işsiz şəxsin əsas xüsuslardan biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamış, onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, 190 manat birdəfəlik ödəmənin verilməsindən iddiaçıya verilmiş imtina ilə ona qarşı qanunsuz hərəkətsizliyə yol verilməmişdir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6461/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6461/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver