Məhkəmə qərarları › İş №2-1(112)-6462/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6462/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6462/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi X6 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 45A, mənzil 72) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Nərimanov r-nu, Ə.Əliyev küçəsi, 13) qarşı «torpaq sahəsinə hüquqların qeydiyyatına dair reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquqların qeydiyyatına dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1998-ci il tarixli 1354 nömrəli sərəncamına əsasən Qaraçuxur qəsəbəsinin şərq hissəsində iddiaçıya (İddiaçı) 600 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra isə, x xxxxx 2020-ci il tarixli müvafiq akt tərtib edilərək, həmin torpaq sahəsinin mövcud istifadə vəziyyətindəki cizgisi də rəsmiləşdirilmişdir. xx xxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi həmin torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-ə müraciət etmişdir. Lakin qurum məsələnin həllindən imtina etmişdir. İmtina bildirişində qeyd olunur ki, torpaq sahəsi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmamışdır və yaşayış binalarının həyətində ümumi istifadə üçün nəzərdə tutulmuşdur. İmtina cavabı taamamilə əsassızdır. Çünki, sözügedən torpaq sahəsi bilavasitə yaşayış evi tikmək üçün ayrılmışdır. İmtina qeyd olunan xüsusatlarla bağlı bir çox dövlət orqanlarına müraciətlər ünvanlanmışdır. “xxxx” ASC-nin cavab məktubunda həmin torpaq sahəssinin elektrik xəttinin mühafizə zonasında yerləşmədiyi, “Azəriqaz” İB-nin cavab məktubunda torpaq sahəsinin SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonasının xaricində yerləşdiyi, “xxxx” ASC-nin cavab məktubunda torpaq sahəsindən ASC-yə məxsus su və kanalizasiya xətlərinin keçmədiyi, Bakı ŞİH X2 cavab məktubunda torpaq sahəsinin Birliyin balansında olmadığı bildirilmişdir. Sonuncu məktubda həmçinin, ünvanda müxtəlif ağacların olduğu, sahənin Birliyin balansında olmadığı və hər hansı tikinti aparılacağı təqdirdə ağacların köçürülməsinin mövcud qanunvericiliyn tələblərinə əsasən həyata keçiriləcəyi qeyd olunmuşdur. Göründüyü kimi, torpaq sahəsi heç bir dövlət qurumunun balansında deyil, mühafizə zonaları ilə də üst-üstə düşmür. Buna baxmayaraq, torpaq sahəsinə dair reyestrdən çıxarış alınmasından imtina olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə, İPM-in 2.2.2, 13-cü maddələrinə əsaslanaraq, Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxxxx 1998-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində yerləşən 600 kv.m torpaq sahəsinin onun adına qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsininm Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxxxxx 1998-ci il tarixli 1354 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində göstərilmiş cizgi əsasında 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı ŞİH Yaşıllaşdırma Təsərrüfatı X1 (iddiaçının nümayəndəsinə) ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - X3 Birliyinə ünvanlanmış Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 93 saylı binanın arxasında yerləşən torpaq sahəsinin yaşıllıq ərazisi olubolmaması ilə bağlı məktubunuza baxılmışdır. Sözügedən ünvan daş hasarla əhatəyə alınmış və içərisində meyvə cinslərindən olan müxtəlif ağaclar mövcuddur. Həmin ərazi X2 balansına aid deyildir. Lakin, hər hansı bir tikinti aparılarsa, ağacların ağacların toxunulmaz olması mütləqdir. Ağacların köçürülməsi zərurəti yaranarsa, mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilməlidir. İş materiallarında olan SOCAR (ARDNŞ) xx xxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Müvafiq koordinatlarda olan ərizədə qeyd olunan torpoaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. İş materiallarında olan “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, Qaraçuxur qəsəbəsinin şərq hissəsində vətəndaş İddiaçı məxsus torpaq sahəsindən “xxxx” ASC-yə məxsus su və kanalizasiya xətləri keçmir. İş materiallarında olan “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxxxx 1998-ci il tarixli 1354 nömrəli sərəncamı əsasında Qaraçuxur qəsəbəsinin şərq hissəsində İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxxxx 1998-ci il tarixli 1354 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın mübahisələndirilməsi, ləğvi və ya etibarsız sayılması ilə bağlı hər hansı dəlil, sübut təqdim edilməmişdir. İddiaçı həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, İddiaçı təqdim etdiyi hüquq müəyyən edici sənəd, yəni Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxxxx 1998-ci il tarixli 1354 nömrəli sərəncamı mötəbər sübut kimi qiymətləndirlir və bu səbəbdən də iddiaçı sərəncamla ona ayrılmış torpaq sahəsinə qanuni istifadəçisi kimi hüquq əldə etmiş olur. Mübahisə obyekti olan torpaq sahəsinin yaşıllaşdırma zonasında, qaz boru kəmərlərinin mühafizə zonasında, elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşməməsi, habelə sahədən su və kanalizasiya xətlərinin keçməməsi aidiyyəti səlahiyyətli orqanların məktubları ilə təsdiqlənir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və vərəsə kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxxxx 1998-ci il tarixli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxxxx 1998-ci il tarixli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar