Məhkəmə qərarları › İş №2-1(112)-6462/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6462/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6462/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiаçı İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 60 yaşdan, yəni 30 noyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı hesab edir ki, onun fəaliyyət göstərmiş olduğu peşələr güzəştli şərt nəzərdə tutulan peşələrdən biridir və Siyahının 3.8ci bəndində təsbit edilmişdir. Bunu onun iş yerindən verilmiş arayış da təsdiq edir. Həmçinin, onun pensiya kapitalı tələb edilən pensiya kapitalından artıqdır. Ümumi stajı isə 29 il 11 ay olmaqla 25 aydan artıqdır. Cavabdehin etirazının məzmunundan görünür ki, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının çatıquran və elektrik montyoru(kran avadanlıqları üzrə) vəzifələrində işlədiyi qeyd edilmişdir ki, həmin peşələr güzəştli pensiya hüququ verən peşələr hesab edilmədiyindən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Eyni zamanda iddiaçının pensiya kapitalı tələb olunan 48720 manatdan azlıq təşkil edərək 32282,73 manatdır. Bu səbəbdən də ona pensiya təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından da görünür ki, cavabdeh şəxsə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinanın hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 13 may 2022-ci il tarixədək olan redaksiyasını rəhbər tutmuşdur. Qanunun qeyd olunan dövrdə qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddədən də görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün cavabdeh hesab edir ki, o, 60 yaşına çatdıqda minimum 25 il sığorta stajına, azı 12 il 6 ay yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərlə bağlı sığorta stajına malik olmalı, eyni zamanda onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Cavabdeh iddiaçıya münasibətdə ümumi staj istisna olmaqla digər 2 şərtin mövcud olmadığını qeyd edir. Hər nə qədər iddiaçının sığorta stajı ilə bağlı tərəflər arasında hər hansı mübahisə olmasa da, məhkəmə bu istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçı hərbi xidmətdə olduğu müddət də daxil olmaqla xx.xx.1980- xx.xx.2020-ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, onun ümumi sığorta stajı 25 ildən artıqdır. Lakin, cavabdeh onun 12 il 6 ay güzəştli şərtlər nəzərdə tutan peşələrdə işləmədiyi qənaətindədir. Buna münasibətdə irəli sürülən arqument isə ondan ibarətdir ki, iddiaçının güzəştli iş stajı nəzərdə tutulan vaxt 18 mart 1983-12 may 1986-cı illərdən ibarət olmaqla 3 il 1 ay 24 gün təşkil edir, müəssisənin arayışında qeyd edilən digər dövrlər, yəni xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.2007-xx.xx.2008-ci illər arasındakı Boruyayma və Boruyayma-1 sexində çatıquran və elektrik montyoru (kran avadanlıqları üzrə) vəzifəsində işlədiyi dövrlər güzəştli iş stajı hesab edilmir. Məhkəmə həmin mövqe ilə razılaşmır. Belə ki, müəssisə tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının işlədiyi illər, vəzifələr, o cümlədən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş siyahının müvafiq bəndi konkret göstərilməklə müəssisə hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya nəzərdə tutulan peşələrdə çalışmışdır. Həmin arayışın mötəbərliyi ilə bağlı, məhkəmə də əlavə araşdırma aparmış və sorğu ilə həmin müəssisəyə müraciət edərək İddiaçı oğlunun əmək fəaliyyətini həyata keçirdiyi arayışda qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi barədə, eyni zamanda iddiaçının xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.2007-xx.xx.2008-ci il tarixədək işləmiş olduğu peşələrinyəni çatıquran, damğavuran və elektrik montyoru (kran avadanlıqları üzrə) peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 3.4-cü bölmədə, yəni Boru istehsalı: boruyayma, boruqaynağı, elektrik boru qaynağı, boruçəkmə, borutökmə, fitinq, balon, termiki və sinkləmə; metalın hazırlanması və doğranması üzrə a bəndində göstərilən fəhlə peşələrindən hansı ilə (məsələn həmin bənddə qeyd olunub: kuporos istehsalı ilə məşğul olan kristallaşdırma aparatçıları, boru qatranlayıcıları, isti işlərlə məşğul olan boru məftil çəkənləri, tökücülər-boru tökücüləri, metalın səthi qüsurlarının emalçıları, isti metalın yığıcıları və s), eləcə də həmin Siyahıda 3.8-ci bölmədə yəni, Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexlərində a bəndində göstərilən fəhlə peşələrindən hansı ilə (məsələn həmin bənddə qeyd olunub: boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri, sınaq maşın yayıcıları, boru sürüyüb çəkənlər, kürəçilər, yayma və boru düzəldiciləri, fəhlələr və briqadirlər və s) peşələrindən əmək funksiyaları baxımından hansısa ilə eyniyyət təşkil edib-etməməsi, eyniyyət təşkil etmirsə əmək funskiyalarında həmin peşələr üzrə fərqli və oxşar cəhətlər ilə bağlı məlumatın təqdim edilməsini tələb etmişdir. Sorğuya cavab məktubundan görünür ki, müəssisə hesab etmişdir ki, əmək funksiyaları baxımından çatıquran peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında nəzərdə tutulmuş Metallurgiya istehsalatı (qara metallar) Fəslində Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bölməsində 2040400a—1753v kod altında nəzərdə tutulmuş istehsal prosesində xammalın, yarımfabrikatın və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər peşəsi ilə eyniyyət təşkil edir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 3.8-ci bənddə öz əksini tapmışdır. Eyni zamanda, müəssisə hesab etmişdir ki, əmək funksiyaları baxımından damğavuran peşəsi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Metallurgiya istehsalatı (qara metallar) Fəslində, Boru istehsalı bölməsində 1030400a— 12780 kod altında əl ilə damğalamada məşğul olan isti metal damğalayıcıları peşəsi ilə eyniyyət təşkil edir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 3.4-cü bənddə öz əksini tapmışdır. Müəssisə, həmçinin qeyd etmişdir ki, əmək funksiyaları baxımından elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi də 2-ci Siyahı üzrə yuxarıda adıçəkilən fəsil və bölmədə nəzərdə tutulmuş 2040400a—19861 kod altında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsi ilə eyniyyət təşkil edir. Həmin peşə də yeni Siyahıda 3.8-ci bənddə öz əksini tapmışdır. Sorğunun məzmunundan və sorğuya cavabın mahiyyətindən aydın olur ki, müəssisə sorğuda nəzərdə tutulan məsələ ilə bağlı konkret olaraq əmək funksiyalarının mahiyyəti baxımından qiymətləndirmə aparmış və hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr əmək funksiyaları baxımından Siyahıda nəzərdə tutulan peşələrlə eynidir. Yəni, həmin Siyahıda nəzərdə tutulan peşələr üçün nəzərdə tutulmuş zərərli işlər iddiaçı tərəfindən göstərilən illər ərzində həyata keçirilmişdir ki, müəssisənin arayışının və məhkəmə sorğusuna cavabının mötəbərliyinin şübhə altına alınmasına məhkəmə əsas müəyyən etmir. Məhkəmə hesab edir ki, iddiaçı həqiqətən də göstərilən vəzifələrdə zərərli şəraitdə zərərli işlərdə işləmişdir ki, əmək funksiyaları eyniyyət təşkil etdiyi nəzərə alınmaqla ona güzəştli pensiya hüququnun təmin edilməsinin tətbiqinə istisna mövcud deyil. Bu zaman qeyd olunmalıdır ki, cavabdeh pensiya təyini üzrə ixtisaslaşmış orqan olsa da, yuxarıda adıçəkilən sahə üzrə ixtisaslaşmış müəssisə kimi Azərbaycan Boru Yayma Zavodunun arayışının və məhkəmə müraciətinə cavabının mötəbərliyinin şübhə altına alınması üçün cavabdeh tərəfindən hər hansı əsaslı arqument də irəli sürülməmişdir. Qeyd olunur ki, bu zaman iddiaçının işlədiyi peşələrin adlarının birə-bir adlarının eyniliyinə münasibətdə qiymətləndirmə aparılması tələb edilirsə, həmin qiymətləndirmənin qeyd olunan meyar üzrə aparılması formaldır. Belə ki, burada əsas eyni istehsalat sahəsində əmək funskiyalarının oxşarlığı əsasında qiymətləndirmə aparılmalıdır ki, müəssisə nəinki Siyahıda nəzərdə tutulmuş peşələrin oxşar olduğunu, hətta eyni olması ilə bağlı məlumat təqdim etmişdir. Qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göründüyü kimi güzəştli şərtlərlə iddiaçıya pensiya təyini üçün əsas olan 2 şərtin ödənildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. 3-cü şərt isə pensiya kapitalı ilə bağlıdır ki, cavabdeh mövqeyinə görə iddiaçının pensiya kapitalı tələb olunan 48720 manatdan azlıq təşkil edərək 32282,73 manatdır. Bu səbəbdən də ona pensiya təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə, həmin mövqe ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir “Əmək pensiyaları haqqında” Qanunun 13 may 2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. 13 may 2022-ci il tarixdən qüvvədə olan redaksiyada isə “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.” Sözləri çıxarılmışdır. Göründüyü kimi hal-hazırda qüvvədə olan Qanunun tələbinə əsasən güzəştli şərtlərlə pensiya təyini üçün iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində 60 yaş üçün müəyyən edilmiş 48700 manat yox, 65 yaş üçün zəruri olan 28800 manat məbləğdən artıq pensiya kapitalının mövcud olması tələb edilir ki, cavabdehin imtina, etiraz və məhkəmə sorğusuna əsasən verdiyi cavablardan da görünür ki, həmin pensiya kapitalı 28800 manat olmaqla, sonuncu sorğuya cavabda 34445,83 manat təşkil etmişdir. Həmin Qanunun 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməlidir. Məhkəmə mübahisənin 30 noyabr 2021-ci il tarixədək (minimum məbləğin 240 manat olmasına qədər) yarandığını əsas gətirərək bu nəticəyə gəlmiş və hesablama qaydasını gözlənin pensiya ödənişi müddətini və minimum əmək pensiyası məbləğini əsas götürmüşdür. Hesablama qaydası: 144 ay (gözlənilən pensiya ödənişi müddəti ) x 200 manat (minimum pensiya məbləği) = 28.800 manat. Göründüyü kimi iddiaçıya pensiya təyin edilməli olan dövrdə kişilər üçün yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 28.800 manat pensiya kapitalı lazım olmuşdur. Hazırda qüvvədə olan Qanunun 45-ci maddəsinin tələbi isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün də həmin məbləğin fərdi hesabın sığorta hissəsində olmasını yetərli sayır. Məhkəmə də hesab edir ki, 45-ci maddənin mövcud redaksiyası iddiaçının vəziyyətini yüngülləşdirdiyindən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Qanunun: 87.1.Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Göründüyü kimi şəxsin vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi barədə aktda göstərilməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl gələn münasibətlərə şamil edilmir. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyin edilməli olan şəxslərə münasibətdə fərdi hesabın sığorta hissəsində hansı miqdarda pensiya kapitalının olması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsində dəyişikliyin edilməsi, yəni “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.” Sözlərinin çıxarılması iddiaçıya münasibətdə yüngülləşdirici hal qismində çıxış edir ki, nəticədə də həmin Qanunun tələbinə uyğun olaraq iddiaçıya 28800 manat pensiya kapitalının fərdi hesabın sığorta hissəsində mövcudluğu kifayət edəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar