Məhkəmə qərarları › İş №2-1(112)-6462/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6462/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6462/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasına dair çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evinə aid olan torpaq sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********12-10301 saylı reyestr nömrəsi və ********** nömrəli qeydiyyatla Çıxarış mövcuddur. Ancaq, həmin ünvanda yerləşən və mülkiyyətində olan fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətindədir. Ona məxsus olan və yaşadığı həmin fərdi yaşayış evinin torpaq sahəsinin dövlət mülkiyyətində olması, rəsmi sənədləşdirmə işləri, pay bölgüsü, qeydiyyat işləri və s. işlərdə ona çətinliklər törətməkdədir. Qanuna müvafiq olaraq, ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus olan fərdi yaşayış evinə aid olan torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etdi. Ancaq, xx.xx.2024-cü il tarixdə, 3-11-3-30/2 14-1224- 8/2024 sayılı bildirişdə əsassız olaraq ərizənin icrasından imtina edilmişdir. Həmin imtina məktubunda bildirilir ki, elektron kadastr məlumatına əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Halbuki, həmin ərazidə neft hasilatını həyata keçirən heç bir buruq və ya neft çıxarma qurğuları mövcud deyildir. Onların və qonşularının ərazisində də belə qurğular mövcud deyildir. Ümumiyyətlə, həmin ərazilərdə heç vaxt neft hasilatı işləri aparılmamışdır. Yaşadıqları evlərdə əvvəl ata-babaları və ulu babaları yaşamışlardır. Həmin ərazilərdə heç vaxt neft yatağı olmamışdır və faktiki olaraq, həmin ərazilər hər zaman bizim istifadəmizdə və mülkiyyətimizdə olmuşdur. Həmin torpaq sahələri heç vaxt neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olmamışdır. Habelə, imtina məktubunda bildirilir ki, güya həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü fərqi mövcuddur. Lakin həmin torpaq sahəsinə dair verilmiş texniki pasportda göstərilən ölçülərlə, faktiki perimetrik ölçülər arasında heç bir fərq yoxdur. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkündür.

3. İddiaçının müraciətinə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi imtina məktubunda bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü fərqi mövcuddur. Əlavə olaraq, müvafiq daşınmaz əmlaka dair Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-2921/2024 saylı inzibati iş mövcuddur, lakin qanuni qüvvəsini almış yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

7. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

8. İPM-nin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

9. Hazırda tələb iddiaçının paylı mülkiyyət hüququ üzrə fərdi yaşayış evinin ona məxsus hissəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq buna dair çıxarışın verilməsidir.

10. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbi aydın deyil və qoyulmuş iddia predmeti üzrə digər mülkiyyətçilərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilir.

11. Belə ki, iş materiallarında olan **********12-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin "A" tikilisindən - 2 otaq, y\s- 39.6 kv.m, k\s-26.0 kv.m, "saraydan” 46.7 kv.m; "B" tikilisi açıq eyvandan - 15.0 kv.m və yanmzirzəmi-38.9 kv.m-dən ibarət hissəsi İddiaçı adına (paylı) xüsusi mülkiyyət hüququ üzrə********** qeydiyyat nörməsi ilə xx.xx.2021-ci il tarixdə, "A" tikilisindən - 2 otaq, y\s- 40.4 kv.m, k\s-5.1 kv.m və "saraydan"-16.0 kv.m-dən ibarət hissəsi X1 adına (paylı) xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə, “B” tikilisi və açıq eyvandan -27.5 kv.m, yarımzirzəmi - 18.3kv.m-dən ibarət hissəsi X3 adına (paylı) xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

13. Göründüyü kimi, iddianın predmeti olan daşınmaz əmlak paylı mülkiyyətdə olan əmlakdır və iddiaçı yalnız payçıların birgə razılığı və ya iştirakı ilə onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüquqların qeydiyyata alınmasına nail ola bilər.

14. Bununla bağlı, yəni iş üzrə birgə iddiaçı qismində digər paylı mülkiyyətçilər ilə birgə məhkəməyə müraciət edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif olunaraq buna dair xx.xx.2025-ci il tarixli təklif məktubu ünvanlansa da, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir).

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

16. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli iclasda) iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır.

17. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. İddiaçıya izah olunsun ki, digər paylı mülkiyyətçilər ilə birdə iddia qaldıraraq hazırkı tələb ilə məhkəməyə müraciət edilə bilər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar