Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6463/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 746 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 7 nömrəli xx.xx.2001-ci il tarixli Protokoldan çıxarışın surətindən görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 24a nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 013447 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 18 kv.m olan 24a nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra iddiaçı) adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən 24a nömrəli fərdi yaşayış evinə dair Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportu xx.xx.2002-ci il tarixdə tərtib edilmişdir. Texniki pasportda torpaq sahəsinin ölçüsü 374.8, tikintialtı sahə 23.2 kv.m göstərilmişdir. 2007-ci ildə tərtib edilmiş ünvan 1 ünvanında yerləşən 24a nömrəli fərdi yaşayış evinə dair Memarlıq həllindən görünür ki, torpaq sahəsinin ölçüsü 398 kv.m, tikinti sahəsi 65.02 kv.m, ümumi sahəsi 232.25 kv.m göstərilmişdir. İddiaçı qeyd edilən ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı arxiv texniki pasportunda göstərilən fərdi yaşayış evinin söküldüyü və yeni fərdi yaşayış evinin inşa edildiyi məlum olmuşdur. Odur ki, sökülmüş daşınmaz əmlak üzərində hüquqların ləğv edilməsinə dair ərizə təqdim edilməlidir. Həmçinin, təqdim olunmuş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Əlavə olaraq, layihədə mansard mərtəbəsində olan pilləkən qəfəsi otaq kimi qeyd edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair (texniki pasportda göstərilən ölçülər hüdudlarında) onun mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın, həmin fərdiyi yaşayış ev və yerləşdiyi torpaq sahəsinə dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və torpaq sahəsində tikilən fərdi yaşayış evi onun mülkiyyətindədir. O və ailə üzvləri Ermənistan Respublikasından qaçqın düşmüşdür. Qaçqın düşdükdən sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsində özbaşına tikilidə məskunlaşmışdır. Bir müddətdən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının 746 nömrəl 26 noyabr 2001-ci il tarixli sərəncamı ilə 7 nömrəli 23 noyabr 2001-ci il tarixli protokoldan çıxarış ilə İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 24a nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi təsdiq edilmişdir və bununla bağlı protokoldan çıxarışda öz təsdiqini tapmışdır. Sərəncamdan sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə FM seriyalı 013447 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportuda tərtib edilmişdir. Hazırda həmin ünvanda yerləşən fərdi yaşayış evini sökərək həmin torpaq sahəsində yeni fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinin çıxarışı yoxdur. Lakin sökülən evin çıxarışı olmuşdur. Hazırda evinin köhnə çıxarışı olsa da yeni evi tikdiyindən yeni çıxarışa zərurət yaranmışdır. Hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsi də var və 2007-ci ildə tərtib edilmişdir və həmin lahiyəyə uyğun şəkildə ev tikilmişdir. Cavabdeh orqan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdaraəsinə ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış verilməsi üçün müraciət etmişdir. Cavabdeh orqan ona imtina verərək, torpaq sahəsində yeni evin tikildiyini və torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərq olduğunu əsas gətirərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Hesab edir ki, cavabdehin vermiş olduğu çıxarışın verilməsinə dair imtina məktubu qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı arxiv texniki pasportunda göstərilən fərdi yaşayış evinin söküldüyü və yeni fərdi yaşayış evinin inşa edildiyi məlum olmuşdur. Lakin, sökülmüş daşınmaz əmlak üzərində hüquqların ləğv edilməsinə dair ərizə təqdim edilməmişdir. Həmçinin təqdim olunmuş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Əlavə olaraq, layihədə mansard mərtəbəsində olan pilləkən qəfəsi otaq kimi qeyd edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair (texniki pasportda göstərilən ölçülər hüdudlarında) onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə FM seriyalı 013447 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Hazırda həmin ünvanda yerləşən fərdi yaşayış evini sökərək həmin torpaq sahəsində yeni fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinin çıxarışı yoxdur. Lakin sökülən evin çıxarışı olmuşdur. Hazırda evinin köhnə çıxarışı olsa da yeni ev tikdiyindən yeni çıxarışa zərurət yaranmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsi 2007-ci ildə tərtib edilmiş və ev həmin lahiyəyə uyğun şəkildə tikilmişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Göründüyü kimi iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydə alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini (18 kv.m) sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 18. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 746 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 7 nömrəli xx.xx.2001-ci il tarixli Protokoluna istinad etsə də, həmin sərəncam əsasında ünvan 1 ünvanında yerləşən 18 kv.m olan 24a nömrəli fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmış və ona Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 013447 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, iddia ərizəsindən və iddiaçının izahatından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 013447 nömrəli qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 18 kv.m olan 24a nömrəli fərdi yaşayış evi sökülmüş, onun yerində və ya yaxınlığında ümumi sahəsi 232.25 kv.m olan daşınmaz əmlak inşa edilmişdir. İddiaçının mülkiyyət hüquqları qeydə alınmış fərdi yaşayış evinin hal-hazırda mövcud olmadığı (söküldüyü, yəni məhv olduğu) və həmin 18 kv.m-lik fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqlarının qeydə alınmadığı işin mübahisəsiz hallarına aiddir. Yəni iddiaçının 18 kv.m-lik sökülmüş fərdi yaşayış evinin yerində inşa edilmiş ümumi sahəsi 232.25 kv.m olan daşınmaz əmlakın və yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı 374,8 kv.metr (texniki pasportda qeyd edilən) torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, həmin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı»nda nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu isə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı»nda isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Ona görə də təqdim olunan texniki pasport torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan da müəyyən olunur ki, iddiaçıya məxsus hazırda yerində inşa etdiyi daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsində əvvəllər mövcud olmuş mənzil üzərində mülkiyyət hüququna dair qeyd (çıxarış) qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, eyni torpaq sahəsində mövcud olan və ya mövcud olmuş daşınmaz əmlaklarla bağlı reyestrdə 2 qeyd aparıla (qüvvədə ola) bilməz. O cümlədən qeyd edilməlidir ki, iddiaçı 18 kv.m-lik sökülmüş fərdi yaşayış evinin yerində 2007-ci ildə (2013-cü ilədək inşa edilmiş tikili olmaqla) inşa edilmiş ümumi sahəsi 232.25 kv.m olan daşınmaz əmlaka dair mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri də təqdim etməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının ona məxsus olmuş 18 kv.m-lik sökülmüş fərdi yaşayış evinin yerində inşa etdiyi daşınmaz əmlaka, həmçinin həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in: 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-6463/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6463/2025
01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver