Məhkəmə qərarları › İş №2-1(112)-6465/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6465/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6465/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona “Vətəndaşların pensiya təminatı haqqında” Azəbraycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 27 aprel 2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1963-cü il tarixdə doğulmuşdur. Əmək kitabçasının surətindən görünür ki, 1978-ci ildən, 1981-ci ilədək 2 il müddətində 59 saylı Texniki- Peşə məktəbində təhsil almış, 01 avqust 1981-ci il tarixdən, 29 sentyabr 1981-ci il tarixinədək “Aznefttikinti” trestində elektrik qaynaqçısı vəzifəsində, oktyabr 1981-ci il tarixindən, oktyabr 1983cü il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 01 dekabr 1983-cü il tarixdən, 03 avqust 1987-ci il tarixinədək “Aznefttikinti” trestinin dəmir-beton məmulatları zavodunda elektrik qaynaqçısı vəzifəsində, 11 avqust 1987-ci il tarixdən 14 yanvar 1988-ci il tarixinədək Səngəçal daş karxanasında üzləmə sexinin maşinisti vəzifəsində, 09 fevral 1988-ci il tarixindən, 09 mart 1988-ci il tarixinədək “Aqrosənayetikintimaterialları” trestinin yüngül konstruksiyalar müəssisəsində elektrik qaynaqçısı vəzifəsində işləmiş, 12 aprel 1988-ci il tarixdən bu günə kimi N.Nərimanov adma NQÇİ-də neft və qazçıxarma üzrə operator vəzifəsində işləyir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun “qeyd” hissəsində göstərilmişdir ki, 13 iyun 1997-ci il tarixli 321-İQD saylı Qanunun İ hissəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü və 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqust ayının 1-dən başlayaraq 2000-ci il avqust ayının 1-dək hər il 06 ay artırılır. Beləliklə, 27 aprel 2015-ci il tarixdə, 52 yaşı tamam olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq ona, güzəştli şərtlərlə iş stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası həmin tarixdən təyin edilmişdir. Lakin, bu zaman aylıq pensiya məbləği müəyyənləşdirilərkən, qeyd olunan Qanunun müddəalarına deyil, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilmiş, bununla da, hüquqları kobud şəkildə pozulmaqla, pensiyasının məbləği suni şəkildə, kəskin azaldılmışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 17-ci maddəsinə əsasən, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqınm (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faiz, “b” bəndində nəzərdə tutulan işlərdə çalşan işçilərə isə 65 faiz, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü abzasında qeyd olunmuşdur ki, yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci abzasında göstərilmişdir ki, həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta aylıq əmək haqqının 85 faizindən, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-cü abzasında qeyd olunmuşdur ki, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Həmin maddənin 2-ci abzasında göstərilmişdir ki, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, ona yaşa görə pensiya, orta aylıq əmək haqqının 70 faizi məbləğdə təyin edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər azı 20 il iş stajı olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Pensiya təyin olunarkən onun ümumi iş stajı 37 il 5 ay 17 gün , güzəştli işlərdə çalışdığı müddət isə 27 il 15 gün olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü abzasında qeyd olunanlara əsasən, ona təyin edilmiş yaşa görə pensiyanın əsas məbləği, tələb olunan iş stajından (20 il) artıq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər və tələb olunan güzəştli stajdan artıq hər il üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılmalıdır. Yəni onun ümumi iş stajı 37 il və güzəştli stajı 27 il, 1 nömrəli siyahı üzrə tələb olunan iş stajı isə 20 il və güzəştli staj 10 il olduğundan, pensiya məbləği müəyyən edilərkən 17 illik (37-20=17) artıq iş stajı və 27 illik güzəştli iş stajı nəzərə alınmalı, bu 17 illik ümumi iş stajının hər ili üçün orta aylıq əmək haqqının iki faizi miqdarında (17x2=34 faiz) və 27 illik güzəştli iş stajının hər ili üçün orta aylıq əmək haqqının bir faizi (27x1=27 faiz) miqdarında əlavə məbləğ müəyyənləşdirilməli və ümumilikdə yekun pensiya məbləği formalaşdırılmalıdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, ona yaşa görə pensiya, orta aylıq əmək haqqının 70 faizi məbləğində təyin edildikdən sonra, ümumi iş stajının 37 il və güzəştli stajının 27 il olması nəzərə alınmaqla (yəni tələb olunan ümumi və güzəştli iş stajları müvafiq olaraq 20 il və 10 ildir), ümumi iş stajının 20 ildən artıq hər tam ili üçün iki faiz və güzəştli iş stajının 10 ildən artıq hər tam ili üçün bir faiz olmaqla, orta aylıq əmək haqqının 68 (34+34=68) faizi miqdarında əlavə ödəniş, orta aylıq əmək haqqının 70 faizi miqdarında müəyyən edilmiş pensiya məbləğinin üzərinə gəlinməklə (yəni 70+68=138 faiz (lakin yuxarıda qeyd edildiyi kimi, bu məbləğ orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz)), ona ödəniləcək yekun pensiya məbləğinin orta aylıq əmək haqqıının 100 faizi miqdarında olması təsbit edilməli idi. Lakin, hal-hazırda o, hər ay bu məbləğdən dəfələrlə az pensiya alır ki, bunu da, hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən, Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsində Mülki qanunvericiliyin zamana görə qüvvəsi öz əksini tapmışdır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən, Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Ona təyin edilmiş pensiya haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi barədə cavabdehə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında bildirirlər ki, iddiaçı 28 dekabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirirlər ki, iddiaçıya 6 iyun 2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ərizəsində qeyd etdiyi əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1978-1981-ci illərdə təhsil almış, 01.08.1981-ci il tarixdən, 29.09.1981-ci il tarixədək, 01.12.1983-cü il tarixdən 03.08.1987-ci il tarixədək, 18.08.1987-ci il tarixdən, 14.01.1988-ci il tarixədək, 09.02.1988-ci il tarixdən, 09.03.1988-ci il tarixədək, 12.04.1988-ci il tarixdən, hal-hazıradək müxtəlif vəzifələrdə işləyir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03.03.2021-ci il tarixli, **********9 nömrəli “Güzəştli şərtlərlə pensiyanın yenidən hesablanmasının mümkün olmaması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 6 iyun 2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstətrilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinin 299 nömrəli, 05.05.2015-ci il tarixli qərarı ilə iddiaçıya 27.04.2015-ci il tarixdən, ömürlük, yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, əgər iddiaçının pensiya almaq hüququ 52 yaşdan (2015-ci ildə) yaranırsa, bu halda hesablama, hüququn yarandığı an qüvvədə olan qanunvericiliyin normalarına əsasən aparılmalıdır. 2015-ci ildə qüvvədə olan qanunvericilikdə isə (Qanunun 10 və 27-ci maddələri) pensiyanın sözügedən qaydada orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmalı olduğuna dair müddəalar nəzərdə tutulmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablanmasının aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, 01.01.2006 - 01.01.2010-cu il tarixlərdə bir hesablama qaydası, 01.01.2010-cu il tarixdən etibarən isə başqa hesablama qaydası tətbiq edilməyə başlanılmışdır. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində deyilir ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, pensiyanın hesablanması zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 72-ci maddələrinə istinad etməsi əsaslı deyildir. Çünki, sözügedən norma “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsini təsbit edir. Göründüyü kimi, hesablama qaydası yox, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alına bilər. Ona görə də, iddiaçı pensiyasının hesablama qaydası ilə bağlı 01.01.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə istinad etməkdə haqlı olmamışdır. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilmiş və ödənilmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı işin faktiki və hüquqi hallarına düzgün qiymət verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar