Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6465/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədiyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X1rşı “nikah akt qeydinin bərpa edilməsi və təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədiyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X2 ərizə ilə müraciət edərək ona nikah akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Həmin qurum tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfinizdən şöbəmizə nikah akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə ərizənizin təmini mümkün olmamışdır. Bildiririk ki yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Bundan sonra iddiaçı X3 cavabdeh 1 saylı Bakı “ASAN” Xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "ASAN xidmət mərkəzi" Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 05/Q20/68-saylı imtina məktubunun qanunusuz hesab edilməsi, iddiaçı, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1957-ci il təvəllüdlü X4 ilə 1980-ci il tarixdə Ermənistanın Vedi rayonunda nikahda olmaları barədə nikah haqqında şəhadətnaməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı xx.xx.1957-ci il təvəllüdlü X4 ilə 1980-ci il tarixdə Ermənistanın Vedi rayonunda rəsmi nikaha daxil olmuşlar. Hazırda nikah haqqında şəhadətnamə itirilmişdir. Nikah haqqında akt qeydinin bərpası barədə cavabdehə müraciət etsə də, cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki cavabdehin imtina məktubu əsassızdır. Belə ki, Ali Məhkəmənin Plenumunun huquqi əhəmiyyətli faktlarının müəyyən edilməsi barədə qərarınln 5.1-ci bəndinə əsasən 1944-cü il 8 iyul tarixinədək nikah münasibətində olma faktı təsdiq edilir. Lakin sonrakı tarixlərdə bağlanan nikahlar heç bir hüquqi nəticə gətirmədiyi üçün MPM 307-ci maddəsinə əsasən faktın təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1957-ci il təvəllüdlü X4 ilə 1980-ci il tarixdə Ermənistanın Ararat rayonun Şidli kəndində bağlanmış nikah akt qeydinin bərpa edilməsi və təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin iclasında protokol qaydasında icraata qəbul edilmişdir. İddia tələbinin bu qaydada dəqiqləşdirilməsi cavabdehin imtinasının əsasına təsir göstərmədiyindən məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ayrıca akt şəklində qərardad qəbul edərək cavabdehə göndərilməsinə (həmçinin prosessual qənaət prinsipini nəzərə alaraq) zərurət görməmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE 0******* № li şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistan respublikası Ararat rayonunda anadan olmuşdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkalarından müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistan respublikası Ararat rayonunda anadan olmuşdur. X4 ilə evlidir. İddiaçıya Ararat rayonu Şidli kənd Soveti tərəfindən İ-12 394299 № li 22.09.80-ci il tarixli nikah haqqında Şəhadətnamə verilmişdir. X4 xx.xx.1957-ci ildə Ermənistan Respublikası Ararat rayonu, Şidli kəndində anadan olmuşdur. Ona İ-12 394299 № li 22.09.80-ci il tarixli nikah haqqında Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vətəndaş Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılarkən İddiaçı ilə Rza Əliyevin nikahı barədə hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin xx.xx.1989-cu il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş İddiaçı ilə ilə R.Əliyevin övladı Raziyə Əliyevanın doğumu haqqında 2224 nömrəli akt qeydi nəzərdən keçirilərkən ata haqqında məlumatların valideynlərin xx.xx.1980-ci ildə Ermənistan Respublikasının Ararat rayonunun Şidli kəndinə bağlanmış nikahına əsasən qeyd edildiyi məlum olmuşdur. Həmin məktuba Raziyə Əliyevanın doğumu haqqında 2224 nömrəli akt qeydi əlavə edilmişdir. Məhkəmə iddia tələbi və cavabdehin iddiaçıya imtina məktubu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının nikahı barədə akt qeydinin olması məhkəmə sorğularına verilmiş cavab məktubları və məktublara əlavə edilmiş sənədlərdən aydın şəkildə görünür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1957-ci il təvəllüdlü X4 ilə xx.xx.1980-ci il tarixdə Ermənistanın Ararat rayonun Şidli kəndində bağlanmış nikah akt qeydinin bərpa edilməsi və təkrar şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədiyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X2 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6465/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6465/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver