Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6467/2021 06.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiyann ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, İddiaçı və "xxxx" ASC arasında 19 iyun 2015-ci il tarixində kredit kartı üzrə 30.06.2017-ci il tarixinə qaytarılmaq şərtilə bağlanmış müqavilə üzrə 9.968,02 (doqquz min doqquz yüz altmış səkkiz ABŞ dolları iki sent) ABŞ dolları əsas kredit borcunun 2015-ci ilin dekabrın 21-dək devalvasiya ilə əlaqədar olaraq 5.980,81 (beş min doqquz yüz səksən manat 81 qəpik) manat artmış hissəsinin verilməsi üçün kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 19 iyun 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün iddiaçıya 5,980.81 manat kompensasiya məbləğinin hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, "xxxx" ASC ilə aralarında mövcud olmuş kredit münasibətlərinə görə onun ikinci devalvasiya tarixinə 10.000 ABŞ dollarından az borc qalığının, yəni 9.968,02 ABŞ dollar olması, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının ona münasibətdə tətbiq edilməsi və zəruri kompensasiya məbləğinin ödənilməsi üçün əsasdır. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd olunmuşdur ki, "xxxx" ASC ilə İddiaçı (FİN:xxxxxxx) arasında bağlanmış 19.06.2015-ci il tarixli kredit müqaviləsinə görə sonuncuya 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə üzrə iddiaçının 21.12.2015-ci il tarixində devalvasiyanın baş verdiyi günə qədər 9.853 ABŞ dolları əsas kredit borcu qalmışdır. Bununla belə, iddiaçının həmin devalvasiya gününə "xxxx" ASC ilə 07.08.2015-ci il tarixində bağladığı 300,00 ABŞ dolları dəyərində kredit xətti və 1.250 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə borcları da mövcud olmuşdur. Belə ki, həmin müqavilələr üzrə iddiaçının müvafiq olaraq 300,00 ABŞ dolları və 863,17 ABŞ dolları məbləğində ödənilməmiş əsas kredit borcu qalmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, Fərman ilə fiziki şəxslərə müvafiq kompensasiyaların ödənilməsi yalnız devalvasiyaların baş verdiyi günə (21.02.2015-ci və ya 21.12.2015-ci il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil olunur. Göründüyü kimi, borclu İddiaçı sözügedən kredit müqavilələri üzrə əsas borcu 21.02.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 10.000 ABŞ dollarından artıq olduğundan Fərmanın əhatə dairəsinə düşməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə əlavə olaraq bildirir ki, iddiaçının müraciəti üzrə rəsmi cavab verilməməsi, iddianın mümkün sayılmaması üçün əsas vermir. Belə ki, iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçı dəfələrlə kompensasiyanın ödənilməsi barədə aidiyyəti üzrə ərizə ilə Mərkəzi Banka müraciət etmiş və poçt xəbərnamələrinə əsasən müraciətlər cavabdehə təqdim edilmişdir. Bundan başqa qeyd olunmalıdr ki, cavabdeh orqan ümumiyyətlə müraciətin olmamasın mübahisələndirməmiş, əksinə yaranmış mübahisə ilə bağlı irəli sürülmüş iddiaya münasibətdə yazılı etiraz təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış 19 iyun 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiq edilməsini və 5.980,81 manat kompensasiyanın ödənilməsini xahiş etmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı (kredit alan) "xxxx" ASC (kredit verən) ilə aralarında kredit münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində ona 10.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə İddiaçı devalvasiya tarixlərinə, yəni 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərinə əsas qalıq borcunun nə qədər təşkil etməsidir. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə borc məbləğini müəyyən etməzdən əvvəl, ilk öncə ölkə ərazisində baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı qüvvədə olan qanunvericiliyin normalarını əsas gətirir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. 8.6 və 8.8-ci bəndlərinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutlmuşdur. Nəzərə alınmalıdır ki, həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10.000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. (3.1.2-ci bənd). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Həmin Qaydaların 6.2-cı bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Həmçinin, qalıq borcun restrukturizasiya olunması üçün də əsas şərtlər kredit müqaviləsinin 2012-ci il yanvarın 1-dən 2019-cu ilin martın 1-dək bağlanması, 2019-cu ilin martın 1-nə əsas kredit borcunun qalıq məbləğinin 10000 ABŞ dollarından və ya 17000 manatdan çox olmaması və həmin tarixə ödənişlərin 360 gündən çox gecikdirilmiş olmasıdır. Bundan başqa, qanunvericilik fiziki şəxsin devalvasiya tarixlərinə müəyyən edilmiş məbləğdə kredit borcunun olmasını təkcə bir kredit müqaviləsi üzrə deyil, ümumiyyətlə mövcud olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələrindən yaranan kredit borcunu nəzərdə tutur. Əvvəla, qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərə əsasında kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək bununla bağlı məlumat vermək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasın səlahiyyətlərinə aid olunmuşdur. Lakin, sonradan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi səbəbi ilə Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri çərçivəsində “Banklar haqqında” Qanunun və “Mərkəzləşdirilmiş kredit reyestri” haqqında Qaydalarının tələbləri əsasında borcalanın devalvasiya tarixlərinə kredit xətti üzrə borcun müəyyən edilməsi məqsədi ilə MKR-ə daxil edilmiş məlumatlardan istifadə etmiş və birinci devalvasiya tarixinə borcun olmadığını, ikinci devalvasiya tarixinə isə 10.000 ABŞ dollarından çox kredit borcunun olmasını müəyyən etmişdir. İşin hallarından məlum olmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının iddiaçıya münasibətdə tətbiq olunmasının mümkün olmamasının yeganə səbəbi odur ki, onun ölkə ərazisində baş vermiş hər iki devalvasiya tarixlərinə kredit müqaviləsi üzrə qalıq borc məbləği 10.000 ABŞ dolları məbləğindən çox təşkil etmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-ilə mövcud olmuş müqavilə münasibətlərinə görə iddiaçının ikinci devalvasiya tarixinə kredit borcunun 10.000 ABŞ dollarından az olması təkzib olunmaz bir haldır. Belə ki, iddiaçının 21.12.2015-ci il tarixə həmin müqavilə üzrə kredit borcunun 9.917,87 ABŞ dollar olması "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda və ona əlavə olunmuş ssuda hesabdan çıxarışda öz əksini tapmışdır. Lakin, nəzərə alınmalıdır ki, həmin dövrdə iddiaçının təkcə "xxxx" ASC ilə deyil, həmçinin "xxxx" ASC ilə müqavilə münasibətləri mövcud olmuşdur. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan göründüyü kimi, İddiaçı "xxxx" ASC-də 2 kredit müqaviləsi olmuş, hər iki kredit müqaviləsi üzrə 28.07.2021-ci il tarixinə və 21.02.2015-ci il tarixinə qalıq borc olmamış, 2395nkSTB/15 saylı müqavilə üzrə 21.12.2015-ci il tarixinə 863,17 ABŞ dolları, 2366tkSTB/15 saylı müqavilə üzrə 21.12.2015-ci il tarixinə 300 ABŞ dolları kredit borcu qalmışdır. Göründüyü kimi, "xxxx" ASC və "xxxx" ASC ilə mövcud olmuş kredit münasibətlərinə görə İddiaçı 21.02.2015-ci il tarixinə borcunun olmaması, 21.12.2015-ci il tarixinə isə ümumilikdə 10.000 ABŞ dollarından çox qalıq borcu olduğundan, həmçinin Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilmiş məlumatlar ssuda hesabdan çıxarışda olan məlumatlar ilə üst-üstə düşdüyündən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanın iddiaçıya münasibətdə tətbiq edilməsi və bunun əsasında kompensasiyanın ödənilməsi mümkün deyildir. İPM-nin58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6467/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6467/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver