Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6467/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X7, X13, X16 və X17) “yeni çıxarışın, yeni ünvanın, texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) Dövlət Reyestrindən çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılması, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsi, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsi, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsi, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin iddiaçının adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırkı işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plansxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin iddiaçıya məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4 kv.m) iddiaçının özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə onun istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qətnamə icra edilmiş, lakin yeni çıxarış verilən zaman digər mülkiyyətçilərin də adları həmin çıxarışda göstərilmiş, torpaq sahəsinin ölçüsü isə düzgün göstərilməmişdir. Belə ki, qeyd edilən paylı mülkiyyətdə olan daşınmaz əmlak artıq məhkəmə qətnaməsinə əsasən naturada ayrıldığına görə həmin əmlaka dair verilən çıxarışda da digər mülkiyyətçilərin adları göstərilməməli, çıxarışda qətnamədə göstərilən məlumatlar öz əksini tapmalı və həmin evə dair texniki pasportda yalnız evin naturada ayrılmış hissəsi göstərilməli idi. Ona görə də iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılmasını, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsini, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsini, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsini, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsini xahiş etmişdir. Cavabdeh isə onun müraciətindən imtina etrmiş, ərizəsinə cavab olaraq bildirilmişdir ki, “konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən müraciətinizdə qaldırılan məsələ mümkün olmamışdır”. Artıq cavabdehin konstruktiv cəhətdən vahid olan bina kimi istinad etdiyi fərdi yaşayış evinin naturada ayrılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamədə naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilməli olan yaşayış sahəsinin ölçüsü və hissəsi və istifadəsinə verilməli olan torpaq sahəsinin ölçüsü və yeri dəqiq göstərilmişdir. Belə ki, həmin qətnamə ilə təsdiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 20664 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 70 saylı yaşayış evinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, İddiaçı faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin onun 1/6 payına düşən sahəyə uyğun olduğunu nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən İddiaçı məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissənin ayrılma variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Bu baxımdan cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar verdiyi çıxarışda artıq tələb olunan məlumatları dəqiq göstərməli idi. Göründüyü kimi cavabdeh öz səlahiyyətlərinə aid olan hərəkətləri etməkdən imtina edir. Bu səbəbdən məhkəmə qətnaməsi ilə naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilən yaşayış sahəsindən və onun istifadəsinə verilən torpaq sahəsindən o, öz iradəsinə uyğun istifadə etmək, həmin əmlak üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Ona görə də belə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılması, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsi, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsi, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsi, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X11, X7, X13, X4 və X16 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən verilmiş çıxarışa düzəliş edilməsi və yeni ünvanın, yeni texniki pasportun verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, X17 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Həmçinin fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən qaldırılan məsələnin həlli mümkün olmamış və bu barədə iddiaçıya **********06 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin 1/6 hissəsi X8, 1/6 hissəsi X6, 1/6 hissəsi X5, 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31,7 kv.m, 20,1 kv.m və 14,4 kv.m) İddiaçı, 1/6 hissəsi X2 və 1/6 hissə (ü/s-51,07 kv.m) isə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, “A” tikilisinin 1-ci mərtəbəsi digər mülkiyyətçinin, 2-ci mərtəbəsi isə iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(102)-6354/2021 saylı qərarında göstərilmişdir ki, payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxslərin iddiaya dair yazılı münasibətləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, sahəsi 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X6 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X5 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X8 adına 1/6 hissədə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv.m, 14.4 kv.m) xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X2 adına 1/6 hissədə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X12 adına 1/6 hissə (ü/s- 51.07 kv.m) xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 70 saylı evə dair İddiaçı və başqalarının adına tərtib edilmiş **********24-10301 reyestr nömrəli texniki pasporta əsasən torpaq sahəsinin faktiki sahəsi 0.21527 ha, tikinti altı sahə 0.07905 ha, digər sahələr 0.13622 ha-dır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-155/2019 nömrəli mülki iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20664 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən, 70 saylı yaşayış evinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, İddiaçı faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin onun 1/6 payına düşən sahəyə uyğun olduğunu nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən İddiaçı məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissəsinin ayrılma variantı yuxarıda və rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin İddiaçı adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırki işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plansxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin İddiaçı məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4, kv m) İddiaçı özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5134/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı şəkildə olduğundan ayrıca hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qeyd olunan fərdi yaşayış evinin sizə məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Nəzərinizə çatdırılır ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin paylı mülkiyyətçisi olaraq evin ona aid hissəsinə dair mülkiyyət hüququnun, yerləşdiyi torpaq sahəsinin istifadəsində olmaqla yeni ünvan göstəricisi ilə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsini mübahisələndirir. Cavabdeh fərdi yaşayış evinin paylı mülkiyyətdə, vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğunu, tikilinin bölünə bilinmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Normaların məzmunundan göründüyü kimi ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər payçılarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, sahəsi 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi 6 nəfərin adına paylı mülkiyyət hüququ ilə qeydə alınmış, paylı mülkiyyətçilərdən biri olan hazırki İddiaçı mülki məhkəmə icraatı qaydasında digər payçılara və üçüncü şəxs DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq payının naturada ayrılmasını mübahisələndirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-155/2019 nömrəli mülki iş üzrə payın naturada ayrılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20664 nömrəli ekspert rəyi ilə İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən İddiaçı məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissəsinin ayrılma variantı yuxarıda və rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Qeyd edilən ekspert rəyinə əsaslanaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin İddiaçı adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırki işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plansxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin İddiaçı məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4, kv m) İddiaçı özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. Sözügedən mülki iş üzrə əmlakın digər payçıları qətnamə ilə razılaşmış, mübahisələndirməmişlər. Həmin iş üzrə üçüncü şəxs qismində çıxış edən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi apelyasiya şikayəti verərək sözügedən fərdi yaşayış evinin naturada ayrılmasının qeyri-mümkün olmasını əsas gətirməklə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5134/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -15.1-ci maddəsinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin İddiaçı aid hissəsinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan 31.7 kv.m, 20.1 kv.m və 14.4, kv.m olmaqla cəmi 66.2 kv.m hissəninin mülkiyyətində, həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin istifadəsində qalması qət edilmişdir. Cavabdehin özünün də iştirakçısı olduğu mülki məhkəmə icraatında hüquqi qiymət verilmiş iddiaçıya aid hissənin naturada ayrılmasının mümkün olmaması kimi məsələlərə yenidən inzibati məhkəmə icraatında imtina əsası və ya etirazın dəlili kimi irəli sürülməsi yolverilməzdir. Beləliklə, iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuş, belə olan halda paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılmış olduğundan müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.2-ci bəndinə görə Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə cavabdehin iddiçının tələbinə uyğun olaraq daşınmaz əmlakı dövlət reyetsrində qeydə almaqla ayrıca çıxarış, texniki pasport və ünvan verilməsindən imtina edilməsinə əsas ola biləcək qanunla sadalanan hallar mövcud olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evindən naturada ayrılmış hissəsinə- ümumi sahəsi 66,2 kv.m ölçüdə olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ, 359 kv.m torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla və həmin ayrılmış əmlaka yeni ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evindən naturada ayrılmış hissəsinə - ümumi sahəsi 66,2 kv.m ölçüdə olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ, 359 kv.m torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla və həmin ayrılmış əmlaka yeni ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6467/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6467/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver