Məhkəmə qərarları › İş №2-1(112)-647/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-647/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-647/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdin qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan və fərdi mənzil tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 0.4 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 saylı sərənamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınaraq ona 0.4 ha torpaq sahəsinin ayrılması barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik-Südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli, 24/K nömrəli əmri nəzərə alınaraq ona həyətyanı torpaq sahəsində 0.04 ha torpaq hesabı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 21 may 2003-cü il tarixli 28 ssaylı əmrinə əsasən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X1 Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınmaqla müəssisənin balansında olan torpaq sahəsindən ona fərdi mənzil tikintisi üçün 0.04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi X5 balansında olan torpaq sahəsindən onun adına ayrılmış torpaq sahəsinin plan-cizgisi işlənmiş və torpaq sahəsinin koordinatları göstərilərək xx.xx.2023-cü il tarixli plan-cizgi ona verilmişdir. Eyni zamanda, müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 direktoru E.S.Ələkbərova tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi üçün ona verilmiş xx.xx.2023-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün 0.4 ha hesabı ilə - 1-1862 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. 2003-cü ildən torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsini daş hasara alaraq giriş hissəsinə dəmir darvaza qoymuş və mütəmadi olaraq torpaq sahəsinə gedib gəlir. O, sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozuna ayrılan ərazilərin hüdudlarından kəanarda, Donuzkökəltmə Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, sənədlərdən də, açıq-aydın müəyyən olunur ki, qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikitnisi üçün ayrılaraq onun istifadəsinə verilmişdir. Həmin dövrdən də, torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsinin Donuzkökəltmə Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsidə yerləşməsi 2003-cü ildən ona ayrılmış torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi əsassızdır.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan və fərdi mənzil tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 380 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozuna ayrılan ərazilərin hüdudlarından kənarda, Donuzkökəltmə Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 380 kv.m təşkil edir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-36587/2023 **********87 nömrəli məktubla imtina edilmişdir.

9. Abşeron rayon İcra hakimiyyəti üzrə 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamdan çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda yerləşən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmış, vətəndaş İddiaçı 0.04 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmışdır. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.04 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

10. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrindən çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0.04 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.

11. İddiaçı ayrılmış torpaq sahəsinin plan-cizgisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən təsdiq edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən 31 yanvar 2024-cü il tarixli, 1-2-27/2-56/2024 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük Sovxozunun 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin və arxiv kitabında vətəndaşın adı qeyd olunmuş səhifənin (26 arxa tərəf səhifədə 13-cü sətir) təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-32228/2024 **********28 nömrəli məktubla bildirilmişdir ki, Buzovna Tərəvəzçilik- Südçülük Sovxozuna ayrılan ərazinin ayrıc aktının təsdiq edilmiş surətini əldə etmək üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən 07 oktyabr 2024-cü il tarixli, 1-2-28/2-603/2024 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük Sovxozunun 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 həmkarlar təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunun, arxiv kitabında vətəndaşın adı qeyd olunmuş səhifənin (26 arxa tərəf-cı səhifədə 13-cü sətir) təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir.

15. Cavabdeh tərəfindən məhkəməyə torpaq sahəsinin koordinatları və xx.xx.2023cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surəti məhkəməyə təqdim edilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 25 fevral 2025-ci il tarixli, 3-21-3-30/2-7488/2025 nömrəli məktubla torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və ortofoto görüntüsü təqdim edilmişdir.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 7 aprel 2025-ci il tarixli, 3- 21-3-30/2-13131/2025 nömrəli məktubla İddiaçı ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 0.4 ha torpaq sahəsi ətrafında qeydiyyatdan keçmiş torpaq sahələrinin ilkin qeydiyyatdan keçməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ətrafında cavabdeh tərəfindən eyni faktiki və hüquqi hallara söykənən işlər üzrə digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların atlında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”, 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”, 6-cı bəndinə əsasən “Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir”, 8-ci bəndinə əsasən “Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir”.

28. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşlarlın mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

29. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır.

30. İşin hallarından göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 nömrəli 15 aprel 1999-cu il tarixli sərəncamına və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 28 nömrəli 21 may 2003-cü il tarixli əmrinə əsasən iddiaçının adına 0.4 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş, bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir.

31. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq sərəncam mübahisələndirilməmişdir.

32. Cavabdeh tərəfindən iddiaçının müraicətinin təmin edilməsindən vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 ayrıc aktından kənarda, Donzkökəltmə Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsinə və torpaq sahəsinin faktiki ölçüsünün 380 kv.m təşkil etməsinə istinad edilmişdir ki, məhkəmə cavabdehin bu dəlillərinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin ayrıc aktından kənarda olması faktı vətəndaşın deyil, torpaqayıran orqanın məsuliyyəti dairəsindədir. Əlavə olaraq iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsinə istinad edilsə də, məhkəmə tərəfindən bununla bağlı cavabdehə sorğu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən ayrıc aktının surəti məhkəməyə təqdim edilə bilməmişdir. Belə olan təqdirdə, cavabdehin torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi ilə bağlı dəlili ümumiyyətlə əsaslandırılmış hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya yuxarıda qeyd edilən sərəncam və əmrlə göstərilən ölçüdə torpaq sahəsinin ayrılması məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən verilmiş cavab məktubu ilə də, bir daha təsdiqlənmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən eyni mühüm faktiki və hüquqi hallara söykənən işlər üzrə torpaq sahələrinə dair artıq cavabdeh tərəfindən digər fiziki şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Bu hal isə, cavabdehin dəlilini tamamilə əsassız edir.

33. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin (Bərabərlik prinsipi) tələblərinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

34. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən eyni mühim faktiki hallara söykənən işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağan olunmasına baxmayaraq, cavabdeh tərəfindən faktiki olaraq iddiaçıya münasibətdə bərabərlik prinsipi pozulmuşdur.

35. Bundan əlavə, cavabdehin iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki ölçüsünün 400 kv.m deyil, 380 kv.m təşkil etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin bu dəlili ilə iddiaçı razılaşaraq iddia tələbini dəqiqləşdirərək torpaq sahəsinə dair hüquqların 380 kv.m ölçüdə qeydə alınmasına etiraz etməməsini bildirmiş, bununla bağlı dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

37. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının adına sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan və fərdi mənzil tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 380 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar