Məhkəmə qərarları › İş №2-1(112)-6474/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6474/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6474/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 12 sentyabr 1989-cu il tarixli, 2323 saylı doğum haqqında akt qeydində səhvlər düzəldilərək uşaq haqqında məlumatların “adı” qrafasında “Röya”dan “Röyal”a, “cinsi” qrafasında “qadın”dan “kişi”yə dəyişiklik edilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə Nizami rayon VVAQ şöbəsində akt qeydləri aparılmaqla ona 12 sentyabr 1989-cu il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə adı Röyal, ata adı Qurbanəli oğlu kimi yazılmışdır. Lakin məlum olmuşdur ki, həmin vaxt akt qeydləri tərtib edilərkən onun ad qrafasında adı Röya, cinsi qrafasında isə qadın yazılmışdır. Halbuki göründüyü kimi doğum haqqında şəhadətnamədə onun adı düzgün qeyd edilmişdir, həmçinin şəxsiyyət vəsiqəsində və hərbi biletdə də adı Röyal kimi yazılmış və ata adı Qurbanəli oğlu qeyd edilmişdir. Qeyd olunmalıdır ki, doğum haqqında akt qeydinə düzəliş edilməsi, qeydin uşaq qrafasında adının “Röya”dan “Röyal”a, cinsi qrafasında “qadın”dan “kişi”yə düzəliş edilməsi barədə ərizə ilə Binəqədi rayon qeydiyat şöbəsinə müraciət etmişdir. 20.04.2021-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş cavabda Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik , bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-ın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Akt qeydləri cavabdeh tərəfindən düzgün tərtib edilməmişdir və doğum haqqında şəhadətnamə ilə uyğunsuzluq təşkil edir, lakin akt qeydlərinə düzəliş edilməsindən əsassız olaraq imtina edilmişdir. Akt qeydləri səhv yazılmışdır, akt qeydlərinə düzəliş edilməsi onun üçün vacibdir, lakin imtina edilməsi səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranmışdır. Təqdim edilən sənədlərin surətlərindən də görünür ki, akt qeydinə düzəliş edilməsi üçün əsaslar mövcuddur, ona görə də akt qeydinə düzəliş edilməsi cavabdehin öhdəsinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, iddiaçının iddiasına etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1989cu il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında qeydiyyatdadır; AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı hərbi bilet Bakı şəhəri Xətai Rayon Hərbi Komissarlığı tərəfindən 02.10.2007-ci il tarixdə verilmişdir; Xİİİ-ЖГ №498361 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 17 avqust 1989-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12 sentyabr 1989-cu il tarixdə, 2323 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 05/q-1058/13 saylı imtina məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrinin İdarəetmə X6 X7 Şəxsin 758 nömrəli, 05.04.2021-ci il tarixli məktubundan görünür ki, X4 doğum şöbəsində 1989-cu il tarixinə aid qeydiyyat jurnalları olmadığı üçün X1 qız və ya oğlan uşağı doğması haqqında məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi 17 iyun 2021-ci il tarixli, 05Q-1193/13 nömrəli məktuba 12.09.1989-cu il tarixli 2323 saylı doğum haqqından akt qeydinin surəti əlavə edilmiş, akt qeydindən görünür ki, uşaq haqqında məlumatların “adı” qrafasında “Röya”, “cinsi” qrafasında “qadın” qeyd edilmişdir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclasındakı izahlarından görünür ki, iddia tələbinin faktiki əsasını Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 12 sentyabr 1989-cu il tarixli, 2323 saylı doğum haqqında akt qeydində olan məlumatların düzgün göstərilməməsi təşkil edir. İddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə (doğum haqqında akt qeydinə əsasən verilmiş), hərbi biletdə və şəxsiyyət vəsiqəsində “İddiaçı” kimi qeyd edilsə də, doğum akt qeydində uşaq haqqında məlumatların “adı” qrafasında “Röya”, “cinsi” qrafasında “qadın” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alındıqda, iddiaçının adı və cinsi barədə məlumatların doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üstüstə düşmədiyi) sonrakı sənədlər, o cümlədən həmin akt qeydinin əsasında verilmiş doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilməlidir. Belə ki, həmin sənədləri tədqiq etdikdə aydın olur ki, akt qeydindəki mübahisə predmeti olan məlumatlar texniki səhv olaraq qeyd edilmişdir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh inzibati orqanın iddiaçının “doğum haqqında akt qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi” barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin еdilməli, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 12 sentyabr 1989-cu il tarixli, 2323 saylı doğum haqqında akt qeydində səhvlər düzəldilərək uşaq haqqında məlumatların “adı” qrafasında “Röya”dan “Röyal”a, “cinsi” qrafasında “qadın”dan “kişi”yə dəyişiklik edilməsi öhdəliyi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 12 sentyabr 1989-cu il tarixli, 2323 saylı doğum haqqında akt qeydində səhvlər düzəldilərək uşaq haqqında məlumatların “adı” qrafasında “Röya”dan “Röyal”a, “cinsi” qrafasında “qadın”dan “kişi”yə dəyişiklik edilməsi öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar