Məhkəmə qərarları › İş №2-1(112)-6475/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6475/2020

10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6475/2020 10.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və iddiaçının ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının müvəqqəti yaşayış ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına daxil olub 1998-2005-ci illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, Kapitan rütbəsinə kimi yüksəlmiş, 7 il boyunca layiqincə vətənə xidmət etmiş, 2005-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0430 saylı əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. Həmin ildə Müdafiə Nazirliyinin mərkəzi həkim komissiyahısının qərarı ilə xəstəlik hərbi xidmət dövründə alınmışdır səbəb əlaqəsi ilə 2 ci qrup əlildir. O və ailə üzvləri - həyat yoldaşı, 2 oğlu və anası ünvan 2 ünvanında qeydiyyatda olduqlarından ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdehə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh başçısının xx.xx.2016 il tarixli Sərəncamı ilə o, 5 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 saylı qərarına əsasən mənzil alanadək mənzil uçotuna götürülmüş hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi xərcləri ödənilir. Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi mövcud olmadığından 2016-cı ildən 2020-ci ilin Yanvar ayına kimi rayon İcra Hakimiyyəti tərəfindən hər ay mənzil kirayə haqqı ilə təmin olunmuşdur. Hal-hazırda ailə üzvləri ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi Elman Qasımov kucəsi ev 20B 98 saylı mənzildə kirayə yaşayır. 2020-ci ilin fevral ayından mənzil kirayə haqqı onlara ödənilmir. Şifahi olaraq cavabdeh ilə əlaqə saxladıqda bildirdilər ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması səbəbindən o və ailə üzvləri ehtiyatda olan hərbi qulluqçuların mənzil növbəsindən çıxarılacaqlar. Bununla bağlı cavabdeh tərəfindən ona bir neçə dəfə xəbərdarlıq edildi, o, rayon İcra Hakimiyyətində qəbulda olarkən ona yenidən mənzil növbəsindən çıxarılacağı bildirildi. Bundan sonra Rayon İcra Hakimiyyətinə dəvət olundu və mənzil növbəsinin ləğv olunması barədə sərəncam ona təqdim olundu. Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından mənim və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Həmin sərəncam ilə iddiaçı ailə üzvlərilə birlikdə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır və növbəsinə dair Cavabdeh başçısının 216 nömrəli, xx.xx.2016.-cü il tarixli Sərəncamı ləğv olunmuşdur. Bununla bağlı olaraq Cavabdehnə ərizə ilə müraciət edərək Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsini xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən qeyd olunan məsələ ilə əlaqədar xahişinin yerinə yetirilməsinin mümkün olmaması bildirilmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 05 may 2016 -cı il tarixli 102 saylı arayışına əsasən İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin "e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndi (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Eyni zamanda Məcəllənin 49.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən kateqoriyalardan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normalardan yuxarı ayrılma norması müəyyən edilə bilər. Yuxarıda qeyd olunan istinadlara əsasən rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması üçün İcra Hakimiyyətinin mənzil fonduna mənzillərin ayrılması zəruridir. Eyni zamanda Cavabdeh mənzil fondunda mənzillərin olmadığını nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması mümkün deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 09 dekabr tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. Lakin tərəflər yazılı qaydada razılıqlarını məhkəməyə bildirməmiş və təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirməmişdirlər. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 1998-2005-ci illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 2005-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. İddiaçı və onun ailə üzvləri yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Daha sonra isə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli 1890/d nömrəli məktubla İddiaçı güzəştli mənzil növbəsinə götürülməsinə və çıxarılmasına əsas olmuş sənədlərin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Cavabdeh başçısının 134 nömrəli xx.xx.2016-cı il tarixli Sərəncamı ilə İddiaçı 5 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısında daxil edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh başçısının 161 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamı ilə İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh başçısının 134 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamı ləğv olunmuşdur. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli 1360 nömrəli məktubla bildirmişdir ki, ehtiyatda olan kapitan 1977-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2005-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsi “e” bənd, (xidməti uyğunsuzluğa görə) əsasən həqiq hərbi xidmətdən ehtiyata tərxis olmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, yəni 6 il 07 ay həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2005-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsi “e” bənd, (xidməti uyğunsuzluğa görə) əsasən həqiq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)... Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (6 il 07 ay) həqiqi hərbi xidmətdə olması, yəni mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi 15 təqvim ili və daha çox xidmət etməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçının hazırkı tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və iddiaçının ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar