Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6476/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X7, X8, X5, X9 və X10) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1967-ci il təvəllüdlü X7, xx.xx.1961-ci il təvəllüldü X8, xx.xx.1987-ci il təvəllüdlü X5 və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X6 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Bİnəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2014-cü il tarixdə mənzili alq-satqı müqaviləsi əsasında mülkiyyətinə keçirib. Buna dair müvafiq olaraq qeydiyyat nömrəsi ilə qeyd edilərək çıxarış verilmişdir. Ona məxsus mənzildə keçmiş sakin qeydiyyatda qalıb. Mənzildən qeydiyyatdan çıxması barədə öhdəlik götürməsinə baxmayaraq, bu günə kimi qeydiyyatda qalmışdır. Bildirir ki, mənzili alqı-satqı yolu ilə aldıqdan sonra ona məxsus mənzildə qeyd edilən şəxslər yaşamamışdır. Ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı barədə öz üzərinə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmiş, ona məxsus olan fərdi yaşayış evində 3-cü şəxsin qeydiyyatda qalmağı, sahiblik, istifadə və sərəncam vermək hüquqlarımı tam olaraq həyala keçirilməsinə mane olur. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, könüllü olaraq mənzildən pasport qeydiyyatından çıxmaqdan boyun qaçırdıqları üçün məhkəmə qaydasında mənzil qeydiyyatından çıxarılmalıdırlar.
3. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxsləri tanımır, onların qeydiyyatı formal xarakter daşıyır.
4. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir.
5. Cavabdeh Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
8. Cavabdeh Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X7, X8, X5, X9 və X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir.
9. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X8, X5, X9 və X10 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdurlar.
11. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X7, X8, X5, X9 və X10 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
12. DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən xx.xx.1967-ci il təvəllüdlü X7, xx.xx.1961-ci il təvəllüldü X8, xx.xx.1987-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
13. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 3, mənzil 43 İddiaçı xüsusi mülkiyyətindədir.
14. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, X3, X4, X1, X2 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 3, 43 saylı mənzilə dair istifadə hüquqlarının qeydə alınması barədə məlumat idarənin arxivində aşkar edilməmişdir.
15. 107 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən X7, X8, X5, X9 və X10 2014-cü ildən mənzili satıb yaşamırlar.
IV. Məhkəmənin mövqeyi
16. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, iddiaçı ilə yaxın qohumluq əlaqələri yoxdur (ailə üzvləri deyillər), istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
19. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
22. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və X3, X4, X1, X2 və X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalı, yetkinlik yaşına çatmayan X11 valideyinin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X7, X8, X5, X9 və X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva