Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6479/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhər 4 nömrəli şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraaatına cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, ona təkrarən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 2-ci dərəcə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Naxçıvan MR Şərur rayonunda doğulmuşdur. Uzun illər bundan öncə səhhətində yaranmış narahatçılıqlarla əlaqədar uzunmüddətli müayinələrdən keçmişdir və müalicələr almışdır. Səhhətindəki yaranmış narahatçılıqlarla bağlı almış olduğu müalicələr tam şəkildə sağalmağına imkan vermədiyindən, ona xx.xx.2014-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müddəti 1 il olmaq üzrə müəyyən edilmiş və diaqnoz olaraq “ÜİX.Gərginlik Stenokardiyası ll-lll F.S. İİ X2 QDÇ-İİ Dərəcə” qeyd olunmuşdur. Həmin əlillik müddəti bitdikdən sonra yenidən müayinədən keçdikdən sonra əlillik müddəti ilk dəfə 1 il, daha sonra isə xx.xx.2016-cı il tarixdə yenidən 5 il müddətinə artırılmışdır. Sonuncu təyinat zamanı ona təyin olunmuş diaqnoz “ÜİX. Gərginlik Stenokardiyası İİİ fs. ÜÇ-Ğ İİ fs. Hipertoniya Xəstəliyi İİİ mərhələ Nevrasteniya” qeyd olunmuşdur. 2021-ci ilin oktyabr ayında təyin olunmuş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən Forma 88 göndərişinin tərtib edilməsi üçün qeydiyyatda olduğu 4 №-li şəhər Poliklinikasına müraciət etmişdir. Həmin müraciəti əsasında Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə 0100003AADFL №-li Forma 88 tərtib edilərək TSERAS sisteminə elektron qaydada yüklənmişdir. Adıçəkilən Forma 88 göndərişi cavabdeh inzibati orqan tərəfindən araşdırıldıqdan sonra əlillik təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: “Əlavə müalicəyə ehtiyacın olması. Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicə yetərli deyil (2013-2021 -ci illər ərzində 11 gün). Müalicəni ixtisaslaşmış stasionarda davam etdirmək qərarı verilir. Hesab edir ki, cavabdeh inzibati orqanın barəsində qəbul etdiyi qərar qanuni olmadığından ləğv edilməli və ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh inzibati orqan öz imtinasını yalnız stasionar müalicənin yetərli olmaması ilə əsaslandırmışdır. Halbuki cavabdeh inzibati orqan onun müraciətini ilkin əlillik yox, təkrar əlillik təyinatı olduğunu nəzərdən qaçırmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 13 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər 4 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X. gərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz.. .q.d. çat-ği. İİ dər; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: Ü.İ.X. qərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz.. .q.d. çat-ği. İİ dər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissənin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] =>120.8 Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Gərginlik stenokardiyası İİİ fs. ÜÇ-ğı İİ fs. Hipertoniya xəstəliyi İİİ mər. Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX.Gərginlik stenokardiyası İll fs.ÜÇ-ğı İİ fs.Hipertoniya xəstəliyi İİİ mər. Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 4 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0100003AADFL saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30) Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], tez-tez baş verən hipertonik krizlərlə İİİ mər Risk İV Yanaşı xəstəliklər K80.0 Kəskin xolesistitlə birgə öd kisəsi daşları, Yanaşı xəstəliklər H52.4 Presbiopiya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə yetərli deyil. (2013-2021-ci illər ərzində 11 gün). Müalicəni ixtisaslaşmış stasionarda davam etdirmək qərari verilir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Üçüncü şəxs Bakı şəhər 4 nömrəli şəhər poliklinikası tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 14650540 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Şərur rayounda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-01 seriyalı 470010 №li arayışın surətindən və cavabdehin iddiaya dair yazılı etirazından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə; - 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X. gərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz.. .q.d. çat-ği. İİ dər; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: Ü.İ.X. qərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz.. .q.d. çat-ği. İİ dər” səbəbi ilə bir il müddətinə, yəni xx.xx.2015-ci il tarixədək əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissənin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] =>120.8 Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Gərginlik stenokardiyası İİİ fs. ÜÇ-ğı İİ fs. Hipertoniya xəstəliyi İİİ mər. Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1964-cü il təvəlllüdlü İddiaçı ümumi xəstəliklə bağlı xx.xx.2016-cı il tarixdə beş il müddətinə xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Əlilliyin müəyyən olunması meyarı: ÜİX.Gərginlik stenokardiyası İİİ fs.ÜÇ-ğı İİ fs.Hipertoniya xəstəliyi İİİ mər.Nevrasteniya. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Bakı şəhər 4 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0100003AADFL saylı göndərişdə “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-cü il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30) Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], tez-tez baş verən hipertonik krizlərlə İİİ mər Risk İV Yanaşı xəstəliklər K80.0 Kəskin xolesistitlə birgə öd kisəsi daşları, Yanaşı xəstəliklər H52.4 Presbiopiya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya qeyd olunmuşdur. 0100003AADFL saylı göndəriş üzrə Tibbi Sosial Ekspert Komissiyasının cavabında İddiaçı əlilliyin təyin olunmadığı qeyd olunmuş və imtina edilmənin səbəbi kimi əlavə müalicəyə ehtiyacın olması; sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmadığı (2013-2021-ci illər ərzində 11 gün), müalicəni ixtisaslamış stasionarda davam etdirmək qərarı verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 168/2022 saylı (ekspertizanın başlanma tarixi 20 aprel 2022-ci il, başa çatma tarixi 04 may 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0100003AADFL №-li TQS 088 saylı tibbi arayışda şəxsin səhhətini əks etdirən “əvvəllər keçirilən miokard infarktı, miokrad infarktından sonrakı kardioskleroz (2013). Ağırlaşma: 120.8-stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla; 150.0- durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30)” diaqnoz kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən olunmuş, xəstəliyin dinamikası, müalicə tədbirləri, səmərəliliyi və proqnozu düzgün əsaslandırılmışdır. Həmin diaqnozda olan əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar son 8 il ərzində şəxsin stasionar müalicəsi olmadığından onun ixtisaslaşmış tibb müəssisəsində stasionar qaydada müayinə və müalicəsi aparılmalı və nəticədən asılı olaraq yeni Forma 088 rəsmiləşdirilməlidir. Bu səbəbdən də onun xəstəliklərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də olub-olmaması barədə fikir söyləmək mümkün olmamışdır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixli göndərişi əsasında 1 il müddətinə, sonradan xx.xx.2015-ci il tarixli göndəriş əsasında 1 il müddətinə, daha sonra xx.xx.2016-cı il tarixdə beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə eyni diaqnozlarla (xəstəliklərlə) səhiyyə orqanı tərəfindən göndərilmiş Forma 088 göndərişi əsasında əlilliyi qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmaması (2013-2021ci illər ərzində 11 gün), müalicənin ixtisaslaşmış stasionarda davam etdirilməli olması diaqnozu ilə əlillik dərəcəsinin təyinatından imtina olunmasına dair qərar qəbul edilmişdir. Hazırda iddiaçı sonuncu dəfə əlilliyi qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin təyin olunmasını istəyir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Qaydaların 1.5-ci bəndində göstərilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3) göndəriş verilməsi üçün əsaslardır. Qaydaların 2-ci bəndinə göstərilmişdir ki, göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir (2.1.). Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır (2.2.). Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir (2.3.). Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir (2.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Qeyd olunan Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq iddiaçıda əlillik müddətinin bitməsindən sonra həmin Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin (əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-cü il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30)) davam etməsi müəyyən edildiyi üçün əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş təqdim olunmuşdur (göndərilmişdir). İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyindən də göründüyü kimi, ekspertiza zamanı iddiaçının canlı müayinəsi keçirilməklə, ekspertlər belə nəticəyə gəlmişlər ki, sonuncunun iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli TQS 088 saylı tibbi arayışda şəxsin səhhətini əks etdirən müayinələr əsasında müəyyən olunmuş, xəstəliyin dinamikası, müalicə tədbirləri, səmərəliliyi və proqnozu düzgün əsaslandırılmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən işin yuxarıda qeyd olunan halları, o cümlədən iddiaçının müraciətinin ilkin deyil, təkrar əlillik təyinatı ilə bağlı olduğu və qanunvericiliyin (“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.5.3-cü bəndi - əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndəriş verilməsi üçün əsasdır) tələbləri nəzərə alınmadan, formal (əlavə müalicəyə ehtiyacın olması, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmaması (2013-2021-ci illər ərzində 11 gün), müalicənin ixtisaslaşmış stasionarda davam etdirilməli olması) əsaslarla əlillik dərəcəsinin təyinatından imtina olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1964-cü ildə Şərur rayonunda doğulmuş İddiaçı təyin olunmuş ikinci qrup əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1964-cü ildə Şərur rayonunda doğulmuş İddiaçı ikinci qrup əlillik dərəcəsinin təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6479/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6479/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver