Məhkəmə qərarları › İş №2-1(112)-648/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-648/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-648/2020 26.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Abbasov Abbas Kazım oğlunun (Bakı şəhərində doğulmuşdur, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, İddiaçı Məhərrəm oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhərrəm oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X1 etibarsız edilməsinin qanunsuz hesab edilməsi və həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci il tarixdə qiymətləndirilərək ona müddətsiz üçüncü dərəcəli əlilliyin təyin edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Ona əvvəlcədən heç bir məlumat verilmədən cavabdeh alt sistemi vasitəsi ilə onun əlilliyi etibarsız edilmişdir. O, xx.xx.2019cu il tarixli məktubla cavabdehə müraciət edərək onun əlilliyinin etibarsız hesab edilməsini qanunsuz hesab etməyi və müddətsiz İİİ dərəcə əlillik statusunun bərpa edilməsini tələb etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının müalicə məlumatlarına dair səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən iddiaçının əlilliyi əlillik Ali sistemində etibarsız edilmişdir. Halbuki iddaçıya İİİ dərəcəli əlillik mövcud qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilməklə təyin edilmişdir. Belə ki, müvafiq səhiyyə müəsissəsinin göndərişi rəsmiləşdirilmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilmiş və nəticə olaraq ona müddətsiz İİİ dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya aid əlilliyin qiymətləndirilməsinin etibarsız hesab edilməsi üçün konkret əsaslar müəyyən edilməmişdir. Həmin əsaslardan heç biri iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş inzibati akta münasibətdə mövcud olmamış və hal-hazırda da mövcud deyildir. Bununla yanaşı, təyin edilmiş əlilliyin və ya aparılmış qiymətləndirilmənin etibarsız hesab edilməsi mexanizmi, həmçinin bunun üçün əsaslar, o cümlədən, səhiyyə müəsissəsinin göndərişinin əsassız hesab olunması nəzərdə tutulmamışdır. Cavbdehin isə belə bir səlahiyyəti müəyyən edilməmişdir. Əksinə həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabliyyətində dəyişiklik əmələ gəldikdə, vətəndaşların və ya vəzifəli şəxslərin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə və həmin bənddə göstərilmiş digər hallarda müddətsiz əlilliyi olan şəxslər təkrar müayinəyə cəlb edilirlər. Cavabdeh isə bunu etməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki,iddiaçının əlillik vəziyyəti Hacıqabul xəstəxanasının 4086003AAB0G nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidmətinin xx.xx.2018-ci il tarixli, NVS- 410 nömrəli məktubu ilə İddiaçı xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə ona rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti Bakı Dəmir yol Xəstəxanasının 4086003AAB0G nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nın Tibbi-Sanitar Xidməti tərəfindən əlilliyin təyininə əsasən olan 4086003AAB0G nömrəli göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik alt sistemində iddiaçıya qiymətləndirmə etibarsız edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasda iddiaçının nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1976-cı il təvəllüdlüdür. Tibbi Sosial Ekspertiza Müayinəsindən 35V53QL0001 nömrəli çıxarışa əsasən iddiaçıya xx.xx.2018-ci ildə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir, TSEK-in diaqnozu kimi “Skolioz, onurğanın 4-cü dərəcəli kifoskoliozu, kəskin funksiya pozğunluğu ilə.Kəskin asteno-nevrotik sindrom” göstərilmişdir. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçı onun əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemiində etibarsız hesab edilməsinin qanunsuz hesab edilməsini (əlilliyinin etibarsızlığı ilə bağlı müvafiq qərar olduqda isə belə qərarın ləğv edilməsini) və müddətsiz İİİ dərəcə əlillik statusunun bərpa edilməsini (xx.xx.2019-cu ildən hesablanmaqla) təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının əlillik vəziyyəti 4086003AAB0G saylı göndəriş əsasında xx.xx.2018-ci ildə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir.Sizin müalicə məlumatlarınız səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlilliyi əlillik Alt sistemində etibarsız edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən Məcidov Teymur Məhərrəm oğlunun əlillik vəziyyəti Hacıqabul dəmir yol xəstəxanasının 4086003AAB0G saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.”Azərbaycan Dəmir Yolları” QSC-nın Tibbi Sanitar Xidmətinin xx.xx.2018ci il tarixli, NVS-410 №li məktubu ilə İddiaçı xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyindən ona rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir.Bununla əlaqədar İddiaçı aid qiymətləndirmə əlillik alt sistemində etibarsız edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Hacıqabul dəmir yol xəstəxanasının 4086003AAB0G saylı göndərişi əsasında iddiaçı Məcidov Teymur Məhərrəm oğlunun əlillik vəziyyəti qiymətləndirilərək ona xx.xx.2018-ci ildə “Skolioz, onurğanın 4-cü dərəcəli kifoskoliozu, kəskin funksiya pozğunluğu ilə.Kəskin astenonevrotik sindrom” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.Sonradan cavabdeh tərəfindən iddiaçıya aid qiymətləndirmə əlillik alt sistemində etibarsız edilmişdir, cavabdeh buna əsas kimi göndərişi vermiş tibb müəssisəsinin yuxarı təşkilatının məktubunu, həmin məktubda iddiaçının xəstəliyinə dair rəsmi sənədlərin müvafiq məlumat bazasında aşkar edilməməsini göstərmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi - 3-cü qrup əlil olmasının müəyyən edilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın nəticəsinin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin qanunsuz hesab edilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Belə olan halda qanunvericinin göstərişinə əsasən iddiaçı yalnız əyani müyinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin işin faktiki hallarına əsasən iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin qiymətləndirilməsi altsistemində etibarsız etmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda gödtərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Məhərrəm oğlunun əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X1 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Məhərrəm oğlunun əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X1 etibarsız edilməsinin qanunsuz hesab edilməsi və həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Məhərrəm oğlunun əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X1 etibarsız edilməsi qanunsuz hesab edilsin və həmin alt sistemdə İddiaçı Məhərrəm oğluna aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar