Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-648/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 15a nömrəli fərdi yaşayış evinin bölgü sxeminin tərtib edilməsi, bölünmüş payına uyğun olaraq evin və onun altında yerləşən torpaq sahəsinə (tikintialtı) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reysterindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 15a nömrəli fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinə (8 otaq (ü\s-193.3 kv.m, y\s-163.8 kv.m) ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 15a nömrəli fərdi yaşayış evinin bir hissəsi 05 aprel 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Sonradan həmin fərdi yaşayış evi üzərində X4 2 otaq 25.7 kv.m, X1 5 otaq 120.3 kv.m, İddiaçı sahəsi 193.3 kv.m olan hissəsinə paylı mülkiyyət hüququ adlarına daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Hal-hazırda fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən biri X7 vəfat etdiyinə və onun heç bir vərəsəsi olmadığına görə digər mülkiyyətçilərin həmin ev üzərində sərəncam vermək hüquqları ciddi şəkildə məhdudlaşdırılmışdır. Paylı mülkiyyətçilərin hər birinin evi ayrı-ayrıdır, bir damın altında yerləşmir, evlərin girişləri və digər kommunikasiyaları ayrıayrılıqdadır. Ona görə də iddiaçıya məxsus hissəyə ayrıca çıxarış və texniki pasport verilməlidir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilsə də, heç bir əsas olmadan müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan binanın bölünməsi mümkün olmadığından bölgünün aparılması məqsədəmüvafiq deyildir. Bu baxımdan iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400.3 kv.m olan (torpaq sahəsi 0.0338, dövlət mülkiyyəti) fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ 8 otaq (ü\s-193.3 kv.m, y\s- 163,8 kv.m) İddiaçı adına 23.11.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 5 otaq (y/s- 120.3 kv.m) X1 adına, 2 otaq (25.7 kv.m) X4 adına 17.08.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən İddiaçı və başqalarının adına 21.11.2015-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair (reyestr nömrəsi **********47-10301) texniki pasport tərtib edilmişdir, torpaq sahəsinin və tikilinin planı tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13.11.2019-cu il tarixli, **********39 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir, konstruktiv cəhətdən vahid olan binanın bölünməsi mümkün olmadığından bölgünün aparılması məqsədəmüvafiq deyildir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.05.2020-ci il tarixli, **********31 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibəy Yusifbəyli küçəsində yerləşən 15a saylı fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir, konstruktiv cəhətdən vahid olan binanın bölünməsi mümkün olmadığından bölgünün aparılması mümkün olmadığından, fərdi yaşayış evinin ona aid hissəsinə və onun yerləşdiyi torpaq sahəsinə ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qanunamüvafiq deyildir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 03.02.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanının 8 otaq, ü/s-193,3 kv.m, y/s-163,8 kv.m olan hissəsi 22 saylı NK-nın 4ə-/98 reyestr nömrəli, 05.04.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Mustafayeva (Dünyamalıyeva) X8 reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı 03.11.2015-ci il tarixli müraciəti ilə Seriya RX, ******* saylı çıxarış əsasında onun adı ilə bağlı Seriya RX, ******* saylı yeni çıxarış tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi B.Abbaszadə tərəfindən tərtib edilmiş 06.07.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (İddiaçı məxsus hissəsi) bölgüsü nəzərdə tutulan hissələrinin dam örtükləri və əsas yükdaşıyan divarları ayrı olduğundan bölgü sxemi tərtib etmək mümkündür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 13.12-ci maddəsinə əsasən daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400.3 kv.m olan (torpaq sahəsi 0.0338, dövlət mülkiyyəti) fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ 8 otaq (ü\s-193.3 kv.m, y\s-163,8 kv.m) İddiaçı adına 23.11.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 5 otaq (y/s- 120.3 kv.m) X1 adına, 2 otaq (25.7 kv.m) X4 adına 17.08.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı özünə aid olan hissəyə ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşməsini, konstruktiv cəhətdən vahid olan binanın bölünməsinin mümkün olmamasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin qeyd olunan fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinin dam örtükləri ayrıdır və həmin hissə digər hissələrdən təcrid olunmuş vəziyyətdədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş 06.07.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından da görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (İddiaçı məxsus hissəsi) bölgüsü nəzərdə tutulan hissələrinin dam örtükləri və əsas yükdaşıyan divarları ayrıdır. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinin naturada ayrılmaqla ayrılıqda yerləşməsi və digər hissələrlə bir dam altında olmaması, dam örtüklərinin və əsas yükdaşıyan divarlarının ayrı olması iş materiallarında olan texniki sənədlər və digər sübutlarla öz təsdiqini tapır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçıya aid olan hissə digər paylı mülkiyyətçilərin hissəsi ilə təcrid olunmuş vəziyyətdə olduğundan iddiaçıya aid olan hissəyə ayrıca çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi digər paylı mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 15a nömrəli fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinə (8 otaq (ü\s-193.3 kv.m, y\s-163.8 kv.m) ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-648/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-648/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver