Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-648/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı qanuni təmsilçisi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb olunmaqla) qarşı “faiz borcunun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Vergilər Departamentinin ona qarşı 5589.89 manat əsas borc, 40.39, həmçinin 40.15, o cümlədən 24 manat faiz məbləği olmaqla, ümumilikdə 5630.28 manat vergi borcunun yazılması barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Sübhan MMC-də fəaliyyət göstərir, aylıq əmək haqqı elə də yüksək deyil, təxminən 300 manat məbləğindədir. Ancaq Vergilər Nazirliyinin əməkdaşları guya onun vergi orqanlarına 5589.89 manat əsas borc, 40.39, həmçinin 40.15, o cümlədən 24 manat faiz məbləği olmaqla, ümumilikdə 5630.28 manat vergi borcunun yarandığını, təcili olaraq bu borcların qısa zamanda ödəməyi bildirmişlər. Ancaq bu borcun necə və nə cür yarandığı iddiaçıya məlum deyildir. Belə ki, hal-hazırda cavabdehə ərizə ilə müraciət edərək, bu borcla bağlı etirazını bildirərək, borcun ona aidiyyətinin olmadığı və borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X1 ərizəsi nəzərə alınaraq iddiaçı əsl İddiaçı MMC ilə əvəz edilmişdir. Sonradan İddiaçı MMC-nin rəhbəri tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh vergi orqanı tərəfindən hesablanmış sosial ödənişlərlə bağlı 2236,01 manat məbləğində faiz borcunun (penya) silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin 05 aprel 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaya dair təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin əvvəlində iddianın Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia olduğu qeyd olunmuşdur. Müvafiq maddənin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Lakin iddiaçının mübahisələndirdiyi borc məbləği vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktın icra olunmaması nəticəsində yaranmamışdır. İddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi, borc məbləği sığorta ödənişləri ilə bağlı iddiaçı tərəfindən bəyan edilmiş məbləğlər əsasında yaranmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə ünvanladığı yazılı münasibətində bildirmişdir ki, sığortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borcları məsul şəxsi tərəfindən elektron qaydada təqdim edilmiş rüblük hesabatlar əsasında formalaşmışdır. Eyni zamanda “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Sığortaedənin 2018-ci ilin 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının yaranma səbəbləri və tərkibinə dair məlumatların cədvəl şəklində məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru F.Piriyev iddianı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək bildirdi ki, yaranmış faiz borclarının köhnə borclara görə yarandığını və üzərindən xeyli müddət keçməsini nəzərə alaraq tələbin təmin edilməsini xahiş edir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçının ləğv edilməsini tələb etdiyi borc məbləği vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktın icra olunması nəticəsində deyil, iddiaçının özü tərəfindən 2019-cu ilin yanvarın 1-dək təqdim edilmiş hesabatlar üzrə yaranmışdır. İddiaçı tərəfindən aparılan bütün ödənişlər müəssisənin şəxsi hesab vərəqəsində aydın şəkildə öz əksini taparaq müvafiq azalmalar aparılmışdır. Penya məbləği isə qanunvericiliyə uyğun olaraq əsas borca hesablanan məbləğdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 təqdim edilən yazılı münasibətə uyğun məzmunda izahat vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Elektron məhkəmə sistemindən əldə edilən məlumatlardan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2006-cı il tarixdə vergi ödəyicisi kimi qeydyyatdan keçərək ********** №li VÖEN əldə etmişdir. -Cavabdeh tərəfindən iddiaçının İddiaçı şəxsi hesab vərəqəsində olan sosial sığorta haqqı üzrə borcların formalaşması haqqında məlumatın əldə edilməsinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, müraciətin araşdırılması ilə əlaqədar sosial sığorta haqqı üzrə xx.xx.2019-cu il tarixə mövcud olan 3426,98 manat (2749,66 manat əsas və 677,32 manat penya) borcunun tərkibinin müəyyən edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021-ci il tarixli **********206300 nömrəli məktubla müraciət edilmiş, borc barədə məlumatların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Sosial sığorta haqqı üzrə xx.xx.2019-cu il tarixə mövcud olan 3285,11 manat (2211,67 manat əsas və 1073,44 manat penya) borcun tərkibinin müəyyən edilməsi ilə əlaqədar məktuba aidiyyəti üzrə cavab verildikdən sonra qeyd edilən məktubun həmin hissədə icrası məsələsinə baxılacaqdır. Digər halda cəmiyyətin xx.xx.2021-ci il tarixə 82,14 manat əsas, 9,20 manat əsas vergi borcuna hesablanmış faiz, 2019-cu ilin 3-cü, 4-cü, 2020-ci ilin 1-ci, 2-ci, 3-cü, 4-cü, 2021-ci ilin 1 -ci, 2-ci və 3-cü rübləri üzrə cari qaydada təqdim edilmiş bəyannamə əsasında formalaşmaqla, 2928,37 manat məcburi dövlət sosial sığorta haqqı, 9,2 manat İcbari tibbi sığorta haqqı üzrə borcu vardır. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarnın qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; -digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4cü və 85.5-ci maddələrinə müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Aidiyyəti üzrə ödənilməsi tövsiyyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məluat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilməsi izah edilmişdir. -Məhkəmənin "xxxx" MMC-nin (VÖEN.**********) yaranmış vergi borcuna dair məlumatların təqdim edilməsinə dair cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubunda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC- nin xx.xx.2021-ci il tarixli **********0 saylı icraat vərəqəsi üzrə xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 5677.69 manat ödənilməli olan borcunun olduğu bildirilmiş, "xxxx" MMC-nin (VÖEN:**********) xx.xx.2022-ci il tarixə tərtib edilmiş şəxsi vərəqənin surəti təqdim olunmuşdur. -Məhkəmənin "xxxx" MMC-nin (VÖEN.**********) yaranmış vergi borcuna dair məlumatların təqdim edilməsinə dair cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə ödənilməmiş 5639.63 manat borcunun olduğu bildirilmişdir. Hazırkı işin hallarına əsasən iddiaçı məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı yaranmış faiz borcunun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1.10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. - 1.1.7-ci maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən Sığortaedənlərin vəzifələri aşağıdakılardır: .... -bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək -13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. -14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. -14.3-ci maddəsinə əsasən bu Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: -14.3.1-ci maddəsinə əsasən sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; -14.3.2-ci maddəsinə əsasən sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. İstinad olunan normalardan görünür ki, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat vermək sığortaedənlərin vəzifəsidir və həmin hesabata əsasən hesablanmış məcburi dövlət sosial sığorta haqlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ödənişlər aparılmadıqda isə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün sığortaedəndən ödənilməmiş sığorta ödənişləri məbləğinin 0,1 məbləğində faiz tutulur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 19 aprel 2023-cü il tarixli məktubu əsasında təqdim edilən cədvəldən məlum olur ki, iddiaçı sığortaedən kimi məcburi dövlət sosial sığorta ödənişləri üzrə hesabatlar təqdim etmiş, lakin həmin hesabatlar üzrə ödənişləri tam aparmadığından faizlər hesablanmışdır. İddiaçı tərəf özü də 1 yanvar 2019cu il tarixə qədər yaranmış məcburi dövlət sosial sığorta ödənişi üzrə borcun özlərinin təqdim etdikləri hesabatlar əsasında yaranmasını, həmin hesabatlar üzrə məbləğlərin vaxtında, tam ödənilməməsinə görə Cəmiyyətə hesablanmış faizlərin məbləğini qəbul etmiş, hesablamanın əsassızlığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin hesablamanın üzərindən uzun müddət keçməsini əsas gətirərək faiz borclarının silinməsini xahiş edir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, məcburi dövlət sosial sığorta ödənişlərinin vaxtında ödənilməməsi ilə bağlı hesablanmış faiz məbləğinin silinməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Buna uyğun olaraq iddiaçının 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu onun şəxsi hesab vərəqəsinə işlənilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1-ci maddəsinə görə, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-648/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-648/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver