Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6481/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə cəlb edilməklə müsabiqənin keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və hərəkətlər edilməsi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə cəlb edilməklə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən cəmi 1800 kv.m olan torpaq sahələrinin İddiaçı və X3 mülkiyyətinə ayrılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsabiqənin keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və hərəkətlərin edilməsi vəzifəsinin Səbail Bələdiyyəsinin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Bələdiyyəsi ərazisində, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşə hər birisi 600 kv.m olmaqla cəmi 1800 kv.m olan torpaq sahələri uzun müddətdir ki, İddiaçı, X3 və X2 (Vəfatından sonra – oğlu X3) sahibliyində və istifadəsindədir. Həmin torpaq sahələrinin adlarına rəsmiləşdirilməsi ilə bağlı Səbail rayon İcra hakimiyyəti Başçısı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığı alınmış, habelə müvafiq ərazinin planları Səbail Bələdiyyəsinin və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuşdur. Qeyd ediləni nəzərə alaraq, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən cəmi 1800 kv.m olan və hər birinə 600 kv.m olaraq məxsus olan torpaq sahələrinin mülkiyyətlərinə ayrılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsabiqənin keçirilməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tərəflərindən Səbail Bələdiyyəsinə müraciət olunmuşdur. Səbail Bələdiyyəsi tərəfindən “müvafiq icra strukturları tərəfindən torpaq ərazisinin xəritəsi verilmədiyindən” sənədləşmənin mümkün olmadığı xx xxxxxx 2020-ci il tarixli, SB/HƏ-5/229 nömrəli məktubla bildirilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, iddiaçı istifadəsində olan, Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m ölçüdə torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, Səbail Bələdiyyəsinə müvafiq icra strukturları tərəfindən torpaq ərazisinin xəritəsi verilmədiyindən sənədləşmə mümkün deyil. İcra strukturları tərəfindən ərazinin xəritəsi təsdiqləndikdən sonra həmin məsələyə baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi bələdiyyələr kollegial orqan kimi fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6481/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6481/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver