Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6485/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «iltizamın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Cavabdehnə qarşı «iltizamın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) ünvan 1 ünvanında rəsmi qaydada müvafiq dövlət orqanları tərəfindən fərdi yaşayış evinə istifadə hüququ əldə edərək yaşayır. Həmin ünvandakı fərdi yaşayış evini 11 dekabr 2019-cu il tarixdə X1 əsasında 43 saylı Notariat Ofisində podrat müqaviləsi bağlamaqla 24.500 manat məbləğində pul vəsaiti ödəməklə almışdır. Fərdi yaşayış evi, 1 mərtəbədən, 2 otaqdan ibarət olmaqla sahəsi 60 kv.m-dir. Fərdi yaşayış evinə dair onun (iddiaçının) adına Binəqədi rayonu Binəqədi qəsəbəsi İcra Nümayəndəliyi tərəfindən 2019-cu ildə “ev kitabı” acılmış və 2019-cu ildən etibarən pasport qeydiyyatına alınmaqla faktiki əmlaka sahiblik və mülkiyyət hüququnu həyata keçiririr. Onun adına olan fərdi yaşayış evinə dair bütün kommunal xidmətlər üzrə hesablar acılmış, kommunal xidmətlərdən (qaz. işıq, su və məişət tullantıları xidmətləri) istifadə etməklə müvafiq qaydada ödənişləri həyata keçirir. Ona məlum olmuşdur ki, X7 adlı şəxs X3 qarşı Bakı şəhəri. Binəqədi rayonu. Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 15 ünvanında yerləşən özünə məxsus özbaşına tikilidən çıxarılma tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı 22 fevral 2021-ci il tarixli icra sənədi mövcuddur. Qeyd olunan icra sənədi üzrə Cavabdeh icra məmuru hec bir hüquqi əsas olmadan onun (Abdulla Baramovun) yaşadığı və faktiki sahibi olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 8 fevral 2022-ci il tarixdə daxil olmuş və evin boşaldılmasını qanunsuz şəkildə tələb etmiş, iş üzrə ona (iddiaçıya) aid olmayan icra sənədi üzrə ondan qanunsuz şəkildə 8 fevral 2022ci il tarixdə iltizam almış, bununla da «İcra haqqında» Qanunun tələblərini kobud surətdə pozmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı 22 fevral 2021-ci il tarixli icra sənədində borclu şəxs olaraq X8 oglu göstərilməklə onun Bakı şəhəri. Binəqədi rayonu. Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 15 ünvanında yerləşən X5 məxsus özbaşına tikilidən çıxarılması qət olunmuşdur. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 15 ünvanında deyil, 1-ci Mədən, korpus 14, mənzil 81 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla faktiki sahiblik və mülkiyyət hüququnu həyata keçirir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı 22 fevral 2021-ci il tarixli icra sənədində yalnız Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 15 ünvanında yerləşən X5 məxsus ösbaşına tikilidən yalnız X2 çıxarılması qeyd olunmuşdur. Qeyd olunan icra sənədinin İddiaçı aiddiyyatı yoxdur. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 1.1, 7, 9.1, 26, 87-ci maddələrinə, İPM-in 2.2.2, 32, 33.1, 35-ci maddələrinə əsaslanaraq, Cavabdeh böyük icra məmurunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı işi üzrə ondan (İddiaçı) aldığı 8 fevral 2022-ci il tarixli iltizamın ləgv edilməsinə dair qərar qəbul edilməsi məhkəməən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən Azərbaycan Respublikası məhkəmələrinin qərarları, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları, məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar yerinə yetirdiyi vəzifələrdəndir. Həmin Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi “iltizam” inzibati akt kimi qiymətləndirilə bilməz, çünki, bu sənəd icra işi üzrə müəyyən nəticə doğura bilsə də, inzibati icraat çərçivəsində qəbul olunmuş istər əlverişli aktın, istərsə də əlverişsiz aktın əlamətlərini daşımır. Bundan başqa, icra məmurunun hərəkətləri ilə bağlı qanunvericilik icra sənədini vermiuş məhkəməyə şikayət ərizəsi ilə müraciət olunmasını nəzərdə tutur. Belə olan halda məhkəmənin qənaətinə görə, İddiaçı Həbubulla oğlunun hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6485/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6485/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver