Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6487/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlaması barədə aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya münasibətdə tərtib edilən 2016-2018-ci illərə aid dövrə görə xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması haqqında **********167900 saylı aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Nəsirli iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı MMC-də keçirilmiş səyyar vergi yoxlaması üzrə hal-hazırda qüvvədə olan səyyar vergi yoxlaması aktı xx.xx.2020-ci il tarixli **********167900 saylı aktdır. Bununla yanaşı, səyyar vergi yoxlaması aktı inzibati aktın cavab verməli olduğu meyarlarına malik olmadığından inzibati akt hesab olunmur. Belə ki, hər hansı aktın inzibati akt hesab olunması üçün cavab verməli olduğu tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsi ilə müəyyən edilmişdir. Sözügedən tələblərin biri də aktın ünvanladığı hüquqi və fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaratması ilə bağlı tələbdir. Halbuki, səyyar vergi yoxlaması aktı vergi ödəyici üçün müəyyən hüquqi nəticə yaratmır, yoxlamanın yekununa dair təkliflər özündə əks etdirir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, **********167900 saylı Səyyar vergi yoxlaması haqqında aktın surətindən görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və 2016-2018 dövrlər əhatə olunmaqla yoxlama keçirilmişdir. Həmin aktın yoxlamanın nəticələri üzrə təklifdən görünür ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, ƏDV bəyannamələrində göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 91.447,25 manat məbləğində azaldığına görə azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 45.723,63 manat məbləğində maliyyə sanksiyası; mənfəət bəyannaməsində göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 209.287,29 manat məbləğində azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 104.643,65 manat məbləğində maliyyə sanksiyası; müəssisə tərəfindən alınmış malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş 4.943,84 manat ƏDV məbləğinin 50%-i miqdarında 2.491,92 manat maliyyə sanksiyası; təsisçiyə olan 157.639,72 manat məbləğində borc nağd şəkildə qaytarıldığından, 15.763,97 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İşin hallarından görünür ki, iddiaçının hazırki mübahisələndirdiyi məsələ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, **********167900 saylı səyyar vergi yoxlaması aktının ləğvi ilə bağlıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, hazırki idda tələbinin mümkünlüyü ilə bağlı İddiaçı MMC-yə hüquqi yardımın göstərilməməsinin əsaslı səbəb odur ki, iddiaçının tələbi məhz səyyar vergi yoxlaması barədə aktın ləğvi ilə bağlıdır. Məhz mübahisələndirilən səyyar vergi yoxlaması aktının nəticəsində iddiaçı barəsində qərar qəbul edilmədiyindən, həmçinin, qanunvericilikdə səyyar vergi yoxlaması aktının inzibati akt olmaması səbəbi ilə mübahisələndirilməsinə yol verilmədiyindən, Məhkəmə İPM-nin 13-cü maddəsi ilə, iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı məktubun göndərilməsinin zəruriyyət təşkil etmədiyi nəticəsinə gəlmişdir. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi və yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi vergi orqanının vəzifəsidir. Səyyar vergi yoxlaması dedikdə, vergi orqanının vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət və vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vəzifəsinə xidmət edən, vergi orqanı tərəfindən vergi ödəyicilərinin uçot sənədləri, vergi bəyannamələri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlər, vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan və digər bəlli mənbələrdən alınan məlumatlar, habelə vergi ödəyicisinin elektron daşıyıcılarındakı məlumatları əsasında həyata keçirilən yoxlama növüdür. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilən səyyar vergi yoxlaması, Qanuna əsasən akt hesab olunur. Həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: - İnzibati orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan “akt” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən inzibati orqan tərəfindən tərtib olunan akt, yəni səyyar vergi yoxlaması haqqında akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Başqa sözlə desək, nə qədər ki, mübahisələndirilən akt üzrə vergi orqanı tərəfindən qərar (vergi məsuliyyətinə cəlb olunma və s.) qəbul edilməmişdir, sözügedən akt iddiaçı üçün müəyyən (konkret) hüquqi nəticə yaratmır. Məhkəmənin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Vergi orqanı tərəfindən tərtib olunan akt, yəni səyyar vergi yoxlaması aktı icra edilən akt deyil, səyyar vergi yoxlamasının nəticəsini rəsmiləşdirən, yoxlamanın yekununa dair təklifləri özündə əks etdirən və qərar qəbul edilməsinə əsas olan akt olduğuna görə həmin akt inzibati akt sayıla bilməz. Göründüyü kimi, iddiaçının hazırki mübahisələndirdiyi məsələ ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, **********167900 saylı səyyar vergi yoxlaması aktı inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilən səyyar vergi yoxlamasının yekun aktı özlüyündə vergi ödəyicisi üçün heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, mübahisələndirdiyi səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilən səyyar vergi yoxlamasının yekun aktı əsasında vergi orqanının rəhbəri (onun müavini) tərəfindən onu qane etməyən məsuliyyətlə bağlı qərar qəbul edildiyi halda, həmin qərarın qanuniliyini məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inziabti məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlaması barədə aktın ləğv edilməsi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətinə Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6487/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6487/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver