Məhkəmə qərarları › İş №2-1(112)-6488/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6488/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6488/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа şifahi, açıq məhkəmə baxışı iclasında bахаrаq, müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək özünün ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixdə 069-7257M-3221 saylı məktubla qeydiyyata alınmaq istədiyi evin hər hansı bir rəsmi sənədi olmadığından ərizəni təmin etməkdən imtina etmiş, evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına və ya qeydiyyatla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

3. Bundan sonra İddiaçı Cavadehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da, hazırda ünvan 1 ünvanında yaşayır və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən vətəndaş yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğu üçün, o faktiki yaşadığı ünvanda qeydiyyata alınmalıdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Cavabdeh ərizə ilə məhəməyə müraciət edərək, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair keçiriləcək məhkəmə iclaslarının Qaradağ RPİ-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. III. Məhkəmənin mövqeyi

7. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

8. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********64 nömrəli məktubundan aydın olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

9. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021ci il tarixli, **********59 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanı barədə məlumat Ünvan Reyestri İnformasiya Sistemində mövcud deyildir.

10. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

11. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.

12. İşin hallarına görə, İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini təqdim etməmişdir.

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.

14. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı qeydiyyatına alınma barədə hazırkı tələbi irəli sürsə də, qeydə alınmasını tələb etdiyi evə dair mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi, həmçinin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçımn arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.

16. İddiaçı hüquqmüəyyənedici sənəd kimi iş materiallarına Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 296 saylı sərəncamının və etibarnamələrin surətlərini əlavə etmişdir. Həmin sənədlərlə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2000-ci il tarixli 296 saylı sərəncamdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya deyil, X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 300 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin şəxs tərəfindən verilmiş etibarnamələrlə isə həmin əmlakla bağlı hərəkətlər etmək iddiaçıya etibar edilmişdir, hansı ki, iddiaçı həmin hərəkətləri İ.Məmmədovun adından və İ.Məmmədovun mənafeyi üçün həyata keçirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, istinad olunan sənədlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sənədlərə aid edilə bilməz.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı :

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar