Məhkəmə qərarları › İş №2-1(112)-6488/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6488/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6488/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarının etibarsız hesab edilməsi və əlilliyinin əsassız olaraq kəsildiyi tarixdən orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə təkrar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və iddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarın etibarsız hesab edilməsi və qiymətləndirilməsində xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyasının 61- 80 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi nəzərə alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsində N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən etibarən tağım komandiri kimi milli ordu sıralarında vətəninin ərazi bütövlüyü uğrunda könüllü olaraq döyüşməyə başlamış, xx.xx.1992-ci ildən həmin hərbi hissəyə komandir müavini təyin olunmuş, Başkəndin alınmasında, Mutudərə kəndi və əlverişli yüksəkliklərin ələ keçirilməsində şəxsən iştirak və rəhbərlik etmişdir. xx.xx.1992-ci ildə iddiaçı Hörüklüdaş əməliyyatı zamanı yaxınlıqda partlamış top mərmisinin qəlpələrindən başından və bədəninin digər yerlərindən ağır xəsarət almışdır. İddiaçının aldığı həmin ağır xəsarət hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra iddiaçı uzun müddət aldığı travma və xəstəlikdən əziyyət çəkmiş, müalicələrdə olmuşdur. Bu səbəbdən xx.xx.2017-ci ildə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq “kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, koordinator pozğunluqlar. Generalize olunmuş toniko-kloniki qıcolma tutmaları (ayda 8-9 dəfə). Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin asteno-nevrotik sindromudur” diaqnozuna əsasən ikinci dərəcəli əlillik verilmişdir. İddiaçının əlilliyi 2022-ci ilin avqust ayından dayandırılmış, bu səbəbdən iddiaçı əlilliyin təkrarən təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh qurum tərəfindən ekspertiza keçirilərək əyani formada müayinə edilib qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixində diaqnozun əlillik təyin etməməsi səbəbilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 12 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnoz travmatik ensefalopatiya. Asteno-nevrotik sindrom olmaqla, diaqnozun əlillik əlaməti təyin etməməsi, diaqnoz və xəstəliyin ağırlaşmasının əlillik dərəcəsini təyin etməyə əsas verməməsi səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2017-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və kəllədaxili travma, keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, koordinator pozğunluğları, generalize olunmuş toniko-kloniki qicolma tutmaları (ayda 8-9 dəfə). Üzvi mənşəli emosional labil [astenik] pozuntu, kəskin asteno -nevrotik sindrom diaqnozu ilə beş il müddətinə İkinci dərəcə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və diaqnoz başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəllə beyin travmasından (1992) davamlı qalıq əlamətləri olmaqla, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra- Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz xx.xx.2022-ci il tarixində Agentlikdə komissiyada əyani müayinə olunmuşunuz. Müayinə zamanı müəyyən edilmiş və göndərişdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 155 nömrəli Qərarında qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər (diaqnoz: Odlu silah yaralanmasından sonra başın sağ gicgah və alın nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində, alın qabarında bir qədər aşağıda bir ədəd, sağ əlin V barmağının dırnaq falanqasının bayır səthində bir ədəd, sol əlin İ barmağının dırnaq falanqasının arxa-içəri səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumaları, epilepsiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verməmişdir. Əlilliyin qiymətləndirilməsi və reabilitasiya xidmətləri ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya Ərazi TSEK-lərinə müraciət edə bilərsiniz. Ərazi TSEK-lərinin ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.qov.az saytında qeyd edilmişdir.”

8. Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz və ağırlaşması əlillik dərəcəsinin təyininə əsas vermir. Forma 88 - 0175003AACJK. Qiymətləndirmə tarixi xx.xx.2017-ci il.”

9. Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı Bakı 12 nömrəli Birləşmiş Şəhər Poliklinikasının 0175003AACQ7 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

10. Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Forma 88 – M00025496GİN. Qiymətləndirmə tarixi xx.xx.2022-ci il.”

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, **********0 nömrəli Qərarından görünür ki, İddiaçı – diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

İİ. İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

14. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

17. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

18. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.

19. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

20. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0175003AACJK nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və səbəb - diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilməklə diaqnoz və ağırlaşmasının əlillik dərəcəsinin təyininə əsas verməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti Bakı 12 nömrəli Birləşmiş Şəhər Poliklinikasının 0175003AACQ7 nömrəli göndərişi (Forma 088) əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin M00025496GİN nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və səbəb - diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilməklə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, **********0 nömrəli Qərarına əsasən İddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

24. Növbəti dəfə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş forma 88 arayışına əsasən (M00025496GJN) “Əsas diaqnoz: S09. Başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəllə-beyin travmasından (1992) davamlı qalıq əlamətləri, tez-tez təkrarlanan qıcolma tutmaları ilə; Ağırlaşmaları: G93.8 Baş beynin digər dəqiqləşdirilməmiş zədələnmələri, postravmatik ensefolopatiya, tez-tez təkrarlanan qıcolma tutmalarla koordimetr pozğunluqlarla; G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizəolunmuş (lokal) (parsial) simtomatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə; yanakı xəstəliklər: İ10 Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ; F48.0 Nevrasteniya, kəskin ifadəli asteno-nevrotik vəziyyət. Status localis qrafasına əsasən: bəbəklər D=S fotoreaksiya canlıdır, hər iki tərəfdə göz almalarının hərəkəti bir qədər məhduddur, yaddaşı və yuxusu pozulub, vətər və sümüküstü reflekslər D=S canlıdır. Romberq vəziyyətində göz almalarının və əl barmaqlarının treoru qeyd olunur. Koordimetr sınaqlarını dəqiq yerinə yetirə bilmir. Əsəbidir, emosional həssasdır, tez qıcıqlanır, əhval rühiyyəsi tez-tez dəyişir, sonuncu dəfə stasionarda yatanda (xx.xx.2022-xx.xx.2022) xəstədə 2 dəfə qıcolma tutmaları müşahidə edildi, xəstə daimi karbomezipim 200MQ 1x2 dəfə, femzepin 0.001 1 tab x 1 dəfə qəbul edir. Buna baxmayaraq ayda 7-8 dəfə qıcolma tutmaları baş verir. Xəstə İİ dərəcəli əlilldir, əlillik müddəti xx.xx.2022-ci ildə bitib, aldığı travma hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır.”

25. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “TİBBİ Ərazi Bölmələri İdarəetmə Birliyi” X5 “Bakı Baş Səhiyyə Mərzəki” X4 12 nömrəli Şəhər Poliklinikası tərəfindən iddiaçının EEQ və EKQ diaqnostik müayinələrinin sənədləri təqdim edilmişdir. Bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X3 stasionar müəyinə və müalicə olmuşdur. Stasionarda yatış müddətində EEQ və EKQ diaqnostik müayinələrdən keçmişdir. EEQ müayinəsinin nəticəsi: “Baş beyin biolektrik aktivliyin difuz dəyişikliyi. HV zamanı paroksizmal müşahidə edilir. Diensefal strukturların disfunksiyası müşahidə edilir. EKQ müayinəsinin nəticəsi: Sol mədəciyin hipertrofiyası. Təyin edilmiş xəstəliklər kodu Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) uyğun olaraq aşağdakı kimi təyin edilir: S06, S06.0, G40, İ10, F48.0; Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: S06 Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi; G40 Epilepsiya;İ10 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər.”

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - S06 Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi diaqnozu (6.1), G40 Epilepsiya; Qan dövranı sisteminin xəstəlikləri (2-ci bənd) İ10 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (2.1) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

27. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlilliyin təyin edliməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlilliyin təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar