Məhkəmə qərarları › İş №2-1(112)-6489/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6489/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6489/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Nəbiyeva (Dörtyol) Zərifə İsmayıl qızı, X6 və X2) “bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarış verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 6 saylı order əsasında verilmiş 0,12 ha sahəli 3829 saylı bağ sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydə alınmaqla həmin bağ sahəsinə dair adına reyestrdə çıxarış verilməsinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 6 saylı order əsasında iddiaçıya verilmiş 1164,0 kv.m. sahəli 3829 saylı bağ sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydə alınmaqla həmin bağ sahəsinə dair iddiaçının adına reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzəyinə qoyulması” olaraq dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********24 saylı məktubu ilə ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Lehiş bağ massivində yerləşən 3829 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən ona ВТК nəzdində eyni qərar əsasında başqa nömrə ilə torpaq sahəsi ayrılmış, təqdim edilmiş orderin nüxsəsi idarənin arxivində aşkar edilməmiş, şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin yerinə uyğun gəldiyi üçün torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təstiq edilmiş bölgü sxemi təqdim edilməmiş, göstərilən torpaq sahəsinə digər şəxsin müraciəti qeydə alındığı əsas göstərilməklə həmin bağ sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Cavabdehə təqdim edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı əsasında adına Ləhiş bağlar massivində 6 saylı order əsasında 0,12ha sahəli 3829 saylı bağ sahəsi verilmişdir. O vaxtdan da həmin bağ sahəsindən ailə üzvüləri ilə birlikdə istifadəsində olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialın xx.xx.2022ci il tarixli, BA-07499-2022 saylı məktubu ilə xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq Ləhiş bağlar massivində 6 saylı order əsasında 0,12ha sahəli 3829 saylı bağ sahəsinin ona Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı əsasında ayrılması təstiq olunmuş və həmin qərarın surəti ona təqdim edilmişdir. Belə olduğu halda hesab edir ki, cavabdehə təqdim etdiyi orderin nüxsəsi idarənin arxivində aşkar edilməməsi, şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin yerinə uyğun gəldiyi üçün torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təstiq edilmiş bölgü sxemi təqdim edilməməsi, göstərilən torpaq sahəsinə digər şəxsin müraciəti əsasında qeydə alınması həmin bağ sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, bağının orderin nüxsəsinin idarənin arxivində qoruyub saxlamaq, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin yerinə uyğun gəldiyi üçün torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təstiq edilmiş bölgü sxemi təqdim etmək səlahiyyətinə aid olan məsələ olmadığından hesab edir ki,cavabdehin tam qanuni əsaslarla ona verilmiş bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Cavabdehin idarənin arxiv məlumatlarına əsasən ona ВТК nəzdində eyni qərar əsasında başqa nömrə ilə torpaq sahəsi ayrıldığına dair istinad etdiyi dəlil də imtinanın əsası kimi qəbul edilməməlidir. Belə ki, həqiqətən də X5 ilə aralarında ona 0,12 ha sahəli, 4226a saylı bağ sahəsinin ayrılmasına dair 36168 saylı müqavilə tərtib edilmiş olsa da, o, həmin müqaviləni imzalamışdır və həmin müqavilədə onun imzası mövcud deyildir. Вu əsasla da hesab edir ki,cavabdehin ona ВТК nəzdində eyni qərar əsasında başqa nömrə ilə torpaq sahəsi ayrılmasını əsas göstərməklə istifadəsindəki bağa dair hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi qanuna zidd hesab edilməlidir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən iddiaçıya eyni BTK nəzdində eyni qərar əsasında başqa nömrə ilə (4226a) torpaq sahəsi ayrılmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin yerinə uyğun gəldiyi üçün qonşu torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə digər şəxslərin (Nəbiyeva (Dörtyol) Zərifə İsmayıl qızı, X6 və X2) müraciəti qeydə alınmışdır. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********27 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında iş üzrə Nəbiyeva (Dörtyol) Zərifə İsmayıl qızı, X6 və X2 üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

6. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən təqdim edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən X8nin iştirakçısı İddiaçı (A458433) 14 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır.

7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, 1956-cı il təvəllüdlü istefada olan baş leytenant Bağırov X3 müharibəsi veteranıdır. (Veteran vəsiqəsinin nömrəsi A458433)

8. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş müayinə (baxış) aktı və planına əsasən: - 3829 saylı bağ sahəsi kimi göstərilən sahə digər bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir. Ümumi sahə 2212.0 kv.m təşkil edir. Vətəndaşın nümayəndəsi hasarın digər vətəndaş tərəfindən çəkildiyini bildirdi. - Sahədə tikili yoxdur. - Vətəndaşın nümayəndəsi (Babək) xx.xx.2023-cü ildə sahəyə təkrar baxış zamanı darvazanı hasardan keçərək açdı və mövcud hasarların digər vətəndaşlar tərəfindən çəkildiyini, sahənin zəbt edildiyini bildirdi. Ümumi sahədən şərti olaraq göstərilən 1164.0 kv.m sahənin koordinatları əlavə olundu. (Belə olan halda digər sahəyə 1048.0 kv.m sahə qalır.)

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

15. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

20. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

22. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

23. Məhkəmə tərəfindən Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı və 14 saylı BTK-nın siyahısı tələb edilərək tərəflərin iştirakı ilə tədqiq olunmuş və surəti iş materiallarına əlavə edilmişdir. Müəyyən edilmişdir ki, həmin BTK üzrə İddiaçı 0,12 ha torpaq sahəsi ayrılmış, 14 nömrli BTK-nın üzvlərinin siyahısında 20-ci sırada İddiaçı adı var. Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı ilə İddiaçı 14 nömrəli BTK nəzdində 0,12 ha sahəli 3829 nömrəli bağ sahəsinin ayrılması barədə iddiaçıya 20 yanvar 1989-cu il tarixli order verilmişdir. (orderin əsli iş materiallarında mövcuddur).

24. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Ləhiş bağ massivindəki 3829 nömrəli bağ məhz 14 nömrəli BTK-nın nəzdindədir və 14 nömrəli BTK-nın üzvlərinin siyahısında 20-ci sırada Əfqanistan müharibəsi iştirakçısı İddiaçı adı var.

25. 14 nömrəli BTK-nın üzvlərinin siyahısında X8 iştirakçıları yazılması texniki səhv olmuşdur. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin arayışından görünür ki, Veteran vəsiqəsinin nömrəsi A458433 olmaqla 1956-cı il təvəllüdlü istefada olan baş leytenant Bağırov X3 müharibəsi veteranıdır

26. Müayinə aktına və planına əsasən həmin torpaqlar ümumi hasar daxilində olmaqla hər birinin sərhədləri ayrılıqda müəyyən edilməmişdir. İddiaçı özünə aid torpaq sahəsinə sahiblik edir və torpaq onun istifadəsindədir. Belə ki, 3829 saylı bağ sahəsi digər bağ sahəsi ilə ümumi hasar daxilində yerləşirməklə ümumi sahəsi 2212.0 kv.m təşkil edir və iddiaçının ümumi sahədən 1164.0 kv.m sahəyə sahiblik etdiyi müəyyən olunur.

27. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Əfqanistan müharibəsi iştirakçısı İddiaçı Ləhiş bağ massivindəki 14 nömrəli BTK-nın nəzdində 3829 nömrəli bağ sahəsi ayrılmışdır. Odur ki, 3829 nömrəli bağ sahəsinə dair İddiaçı hüquqlarının qeydiyyatı digər şəxslərin maraqlarına toxunmur (onların hüquqları həmin ərazidəki digər bağ sahəsinə aiddir)

28. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

30. Odur ki, İddiaçı Ləhiş bağ massivindəki 14 nömrəli BTK-nın nəzdindəki sahəsi 3829 nömrəli saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində 14 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 3829 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar