Məhkəmə qərarları › İş №2-1(112)-6490/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6490/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6490/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil, tərcüməçi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2005-ci il tarixli “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlük kitabçasına əsasən Əliyeva X3 rayonu Hövsan qəsəbəsindəki Xəzər Dəniz Gəmitəmiri Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin üzvüdür və ona J-25, 27 saylı 0,10 hektar yer verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №409431 Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı, “Gəmitəmirçisi” b/y-nin xx.xx.1994-cü il tarixli, xx.xx.1999-cu il tarixli Protokolları ilə Suraxanı rayonu, Hövsan bağ massivi ərazisində 1000 kv.m J-25 və J-27 saylı bağ evi tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X13 kitabında xx.xx.2012-ci il tarixdə 31908 nömrə ilə uçota alınıb. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Əliyeva X3 rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” bağ y/s., J-25; 27 evdə yaşayır. Həmin evdə yaşayan ailə üzvləri - X6 , X7 və X9. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “J 25-27” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…idarənin arxiv məlumatlarına əsasən “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinin bir hissəsi “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən ümumi göstərilən torpaq sahəsinin bir hissəsi hasarlanmış bir hissəsi isə şərti olduğu müəyyən edilmişdir. Bundan başqa, təqdim edilən bağçılıq-yoldaşlığın üzvlük kitabçasında bağ sahənin ölçüsü 1000 kv.m göstərilsə də, İdarənin arxivində mövcud olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 31908 nömrəli, xx.xx.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (kadastr planı) sahənin ölçüsü 513,77 kv.m qeyd olunmuşdur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək J-25 və J-27 saylı bağ evi tikintisi üçün ayrılmış torpaq sahəsinin faktiki ölçüsü 924 kv.m sahə olduğundan həmin ölçüdə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Xəzər Dəniz-Gəmiçiliyi” idarəsində uzun müddət işlədiyi üçün növbəlik əsasında, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı Qərarı əsasında, “Gəmitəmirçisi” b/y -nın xx.xx.1994-cü il tarixli, xx.xx.1999-cu il tarixli Protokolları ilə 1000 kv.m sahə, yəni J-25 və J-27 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivində yerləşir. Bundan başqa, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı Qərarı əsasında, “Gəmitəmirçisi” b/y -nın xx.xx.1994-cü il tarixli, xx.xx.1999-cu il tarixli Protokolları ilə 1000 kv.m sahə, yəni J-25 və J-27 saylı bağ sahəsi bağ evi tikintisi üçün ayrılmış “Torpaq sahəsinin plan və ölçüsü” Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X13ı kitabında xx.xx.2012-ci il tarixdə 31908 nömrə ilə uçota alınmış və A№ 409431 nömrəli dövlət sənədi verilmişdir. Həmçinin iddiaçıya qeyd olunan Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən “Bağçılıq Yoldaşlıq” təsərrüfatının üzvü olmağı barədə və J-25; J-27 savlı, 0,10 hektar torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair İdarə heyətinin sədri tərəfindən verilımiş vəsiqəsi də vardır. Cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin bağçılıq yoldaşlıq bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə İdarənin mutəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, təqdim edilən bağçılıq-yoldaşlığın üzvlük kitabçasında bağ sahənin ölçüsü 1000 kv.m, İdarənin arxivində mövcud olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 31908 nömrəli, xx.xx.2012-ci il tarixli ‘‘Torpaq sahəsinin planı və ölçüsü‘‘ sənədində (kadastr planı) sahənin ölçüsü 513.77 kv.m qeyd olunsa da, faktiki olaraq 924 kv.m təşkil edir. Ümumi 924 kv.m sahənin isə 660 kv.m hissəsi hasar daxilindədir, 264 kv.m sahə isə hasardan kənarda, sahəyə bitişik cənub hissədə göstərilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi izahatında bildirdi ki, sözügedən torpaq sahəsi X8 LTDnin ərazisidir. Hal-hazırda neft-qaz hasilatı aparılmır. Torpaq sahəsi neft quyusunun mühafizə zolağında yerləşmir. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, “Gəmitəmirçisi” b/y-nin xx.xx.1994-cü il tarixli, xx.xx.1999-cu il tarixli Protokolları ilə iddiaçıya Suraxanı rayonu, Hövsan bağ massivi ərazisində J-25 və J- 27 saylı bağ sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №409431, xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmçinin iddiaçı, “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə üzv qəbul edilməsinı dair üzvlük kitabçası verilmişdir. İddiaçı həmin ünvanda olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyiyyata alınmasını xahiş edir. Cavabdeh idarənin arxiv məlumatlarına əsasən ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmadığını, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsinin ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini, bağçılıq yoldaşlıq bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsinin düzgünlüyünün müəyyən edilməsinin mümkün olmadığın, təqdim edilən bağçılıqyoldaşlığın üzvlük kitabçasında bağ sahənin ölçüsü 1000 kv.m, İdarənin arxivində mövcud olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 31908 nömrəli, xx.xx.2012ci il tarixli ‘‘Torpaq sahəsinin planı və ölçüsü‘‘ sənədində (kadastr planı) sahənin ölçüsü 513.77 kv.m qeyd olunsa da, faktiki olaraq 924 kv.m təşkil etdiyini və ümumi 924 kv.m sahənin 660 kv.m hissəsinin hasar daxilində, 264 kv.m sahənin isə hasardan kənarda, sahəyə bitişik cənub hissədə göstərildiyini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. Baxılan işdə iddiaçı Bağçılıq-Yoldaşçılıq Cəmiyyətinin üzvlük biletini və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №409431, xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədini təqdim etmişdir. Lakin cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir:

1. İdarənin arxiv məlumatlarına əsasən ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması;

2. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsinin ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi,;

3. Bağçılıq yoldaşlıq bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsinin düzgünlüyünün müəyyən edilməsinin mümkün olmaması;

4. Təqdim edilən bağçılıq-yoldaşlığın üzvlük kitabçasında bağ sahənin ölçüsü 1000 kv.m, İdarənin arxivində mövcud olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 31908 nömrəli, xx.xx.2012-ci il tarixli ‘‘Torpaq sahəsinin planı və ölçüsü‘‘ sənədində (kadastr planı) sahənin ölçüsü 513.77 kv.m qeyd olunsa da, faktiki olaraq 924 kv.m təşkil edir.

5. Ümumi 924 kv.m sahənin isə 660 kv.m hissəsi hasar daxilində, 264 kv.m sahənin isə hasardan kənarda, sahəyə bitişik cənub hissədə göstərilməsi. Məhkəmə cavabdehin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, birinci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə bağçılıqyoldaşlıq cəmiyyətinin üzv olmasına dair üzvlük biletinin əslini təqdim etmişdir. Bundan başqa iddiaçı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №409431, xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədini məhkəməyə təqdim etmişdir ki, həmin sənəddə Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı, “Gəmitəmirçisi” b/y-nin xx.xx.1994-cü il tarixli, xx.xx.1999-cu il tarixli Protokolları ilə Suraxanı rayonu, Hövsan bağ massivi ərazisində 1000 kv.m J-25 və J-27 saylı bağ evi tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Cavabdeh İdarənin təqdim etdiyi bağçılığın arxiv qovluğundan müəyyən edilir ki, bağçılıq Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarına əsasən yaradılmış, üzvlərin ilkin siyahısı isə 1986-cı il arixdə tərtib edilmişdir. Sonradan 1906-cı ildə bağçılığın üzvlərin yeni siyahısı tərtib edilmişdir. Bundan sonra bağçılığa dair arxiv qovluğunda başqa siyahı yoxdur. Cavabdeh həmin siyahılara istinad edərək iddiaçının həmin siyahılarda adının olmamasını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı isə 1994-cü il tarixdə bağçılığa üzv qəbul edilmişdir. Belə olan halda, iddiaçının həmin siyahılarda adının olması mümkün deyildir. Bağçılığa yeni üzvlər qəbul edildikdən sonra siyahının yenilənməməsi isə iddiaçının təqsiri deyil. İddiaçının bağçılığın üzvü olması digər mötəbər sübutlarla, üzvlük kitabçasının əsli və Plan və Ölçü sənədi ilə təsdiq edilir. Cavadehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin SOCAR-ın istifadəsi üçün verilmiş ərazilərdə yerləşməsi iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənəddir. İşin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənədlər qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan qərarın hər hansı subyekt, o cümlədən üçüncü şəxs tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçının ona ayrılmış torpaq sahəsinə dair qanuni gözləntisi olmuşdur. “Önəryıldızın Türkiyəyə qarşı» işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları», «mülkiyyət» kimi qiymətləndirilə bilər «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edir ki, “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa demokratik cəmiyyətin fundamental prinsiplərindən olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o, halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın”. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1630/2021 nömrəli iş üzrə, xx.xx.2021-ci il tarixli qərarında da ifadə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, baxılan işdə iddiaçının mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan üstündür. Əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə xüsusi mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiyanın verilməsində isə fərq olacağından fiziki şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz Oxşar işlər üzrə (mülkiyyətə müdaxilə nəticəsində kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında eyni hüquqi mövqe sərgilənmişdir. Belə ki, “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “... hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”. Bundan başqa məhkəmə qeyd edir ki, bu hal araşdırılarkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinin tələbləri də nəzərə alınmalıdır. Həmin normanın tələblərinə görə, şəxsi tikililər və digər obyektlər quyulardan, separatorlardan 300 metr məsafədə yerləşməlidir. Hazırkı işdə isə, torpaq sahəsinin neft qaz hasilatının aparılmadığı sahədə yerləşməsi, həmçinin yaxınlığından hər hansı neft quyusunun və ya neft qaz boru xəttinin olmaması işin mübahisələndirilməyən halıdır. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən rəydə bu barədə hər hansı qeyd yoxdur. Həmçinin üçüncü şəxsin nümayəndəsinin izahatından da, qeyd edilən hallar öz təsdiqini tapır. Bundan əlavə məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən ərazidə Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nın **********74 reyestr nömrəli J-17 saylı və **********80 reyestr nömrəli Q-20-22 saylı, eləcə də **********30 reyestr nömrəli E- 19, E-21, E-17, E-23 saylı bağ sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. X5 mülkiyyətində olan J-17 saylı, X1 mülkiyyətində olan E-19, E-21, E-17, E-23 saylı və X2 mülkiyyətində olan Q-20-22 saylı bağ sahələrinə aid müvafiq sənədləri surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, cavabdeh eyni hüquqmüəyyənedici sənədlərə malik, eyni bağçılığın üzvlərinin göstərilən ərazidə mülkiyyət hüququnu dövlət reyestrində qeydə almışdır. Belə olan halda, cavabdeh həmçinin iddiaçıya münasibətdə bərabərlik və etimadın qorunması prinsipininin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Məhkəmə 3-cü halla bağlı qeyd edir ki, həmin bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq sənədləşdirilməsi cavabdehin vəzifəsidir. Digər tərəfdən iş materiallarına əsasən iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikməklə ailə üzvləri ilə birlikdə uzun illərdir orada yaşayır. Cavabdeh İdarə tərəfindən torpaq sahəsinin yerləşməsini müəyyən edən koordinatlar, həmçini ortofoto göründüsü təqdim edilmişdir. Bağçılığın arxiv qovluğunda bölgü sxemin olmaması, iddiaçının təqsiri deyil və mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas təşkil etmir. Məhkəmə cavabdenin imtinasının 4-cü dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tələbində dəqiqləşmə verərək J-25 və J-27 saylı bağ evi tikintisi üçün ayrılmış torpaq sahəsinin faktiki ölçüsü 924 kv.m sahə olduğundan həmin ölçüdə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini xahiş etmiş və göstərilən imtina əsası aradan qalxmışdır. Cavabdehin beşinci, imtina dəlili ilə bağlı, yəni torpaq sahəsinin bir hissəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hal da iddiaçının tələbin tam və ya qismən rədd edilməsi üçün əsas deyil. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş ortofotodan müəyyən edilir ki, torpaq sahəsinin bir hissəsi (660 kv.m hissəsi) hasar daxilində, bir hissəsi isə (264 kv.m) isə hasardan kənarda yerləşir. Məhkəmə qeyd edir ki, bağçılıq tərəfindən iddiaçıya ayrılan torpaq sahəsi bağçılığın sərhəddində, ayrıc aktının sərhəddində yerləşir və bu yanlışlıq, uyğunsuzluq iddiaçının təqsiri deyil. Həmçinin ayrıc aktında kənarda düşən hissə, torpaq sahəsinin az hissəsini təşkil etməkdə bağçılığın ayrıcından əhəmiyyətli dərəcədə kənarda yerləşmir. Torpaq sahəsi ümumiyyələt ayrıc aktında kənarda yerləşsəydi cavabdehin imtinasını əsaslı hesab etmək olardı. Hazırkı halda isə, torpaq sahəsinin az hissəsinin ayrıcdan kənarda yerləşməsi, iddiaçını hüquqlarının pozulması ilə nəticələnməməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, torpaq sahəsinin ayrıc aktından kənarda düşən hissəsi də daxil olmaqla, uzun illərdir ki, iddiaçının istfadəsindədir və orada fərdi yaşayış evin inşa etməklə yaşayır. Torpaq sahəsinə hər hansı digər şəxsin iddiası yoxdur və hər hansı reyestr qeydi ilə üst-üstü düşmə halları yoxdur. Həmçinin məhkəmə onu da nəzərə alır ki, cavabdehin təqdim etdiyi mülkiyyət hüququnun qeydə alındığı arxiv sənədlərindən və ortofoto görüntüsündən müəyyən edilir ki, eyni bağçılıqdan olan şəxslərin bağçılığın ayrıc aktında tamamilə kənarda yerləşən torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh tər4əfindən dövlət reyesytrdində qeydə alınmışdır. Göründüyü kimi, cavabdeh bu halla bağlı da iddiaçıya münasibətdə bərabərlik prinsipinin tələblərini pozmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir

NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. Faktiki ölçüsü 924 kv.m olan J-25 və J-27 saylı torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar