Məhkəmə qərarları › İş №2-1(112)-6492/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6492/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6492/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı “adın növbəti dəfə dəyişdirilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə adının nikahdan əvvəl olmuş “Niqar” adı ilə dəyişdirilməsi haqqında öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 20 dekabr 2014-cü ildə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində öz adını “Leyla” adına dəyişmişdir (nikahdan əvvəl). 07 yanvar 2015-ci il tarixdə X1 Cavid Akif oğlu ilə nikaha daxil olmuş və ərinin soyadını “Həsənova” götürülməsi ilə bağlı dəyişiklik Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində bu tarixlə qeydiyyata alınmışdır. İddiaçı Həsənova “Leyla” adı ilə bu günədək uyğunlaşa və öyrəşə bilmədiyi üçün, hətta bütün qohum və tanışların qarşısında diskomfort hisslərinin keçirilməsi səbəbindən cavabdehə öz adını - yəni “ Niqar”- qaytarmaq xahişi ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının, və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları-nm 6.24 - 6.28-ci bəndlərinə müəyyən olunmuş halların heç biri sizdə olmadığından” qeyd edərək ərizəni təmin etməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə ki, istinad etdiyi Qaydalara əsasən, adını dəyişmək və ya öz əvvəlki adına qayıtmaq 6.24-6.28- bəndlərində məhdudiyət qoyulmamışdır. İddiaçı nikahdan əvvəl olan adına qayıtmaq arzusundadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibət təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddia ərizəsində “Niqar” adı texniki səhvlə yazılmışdır, əslində “Nigar” yazılmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra müvafiq qaydada iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının mövcud tələbi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir Qaydaların 6.3-cü bəndinə əsasən isə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Adın “Leyla”-dan “Nigar”-a dəyişdirilməsi ilə bağlı bildirilir ki, Nəsimi rayon qeydiyyat şobəst tərəfindən tərtib olunmuş 20.12 2014-cü il tarixli 54 №-il adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Nigar”-dan “Leyla”-ya dəyişdirilmişdir. Adın yenidən dəyişdirilməsi üçün Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri iddiaçıda olmadığından ərizənin təmin olunması mümkün olmamışdır. -Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş X6 adını “Leyla” olaraq dəyişdirmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2014-cü il tarixli, 54 №-li qeyd aparılmışdır. -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlara əsasən ASAN 1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının adı əvvəlcə “Nigar” olmuş, o, xx.xx.2014-cü il tarixində öz xahişi ilə adını dəyişdirərək “Leyla” kimi qeyd etdirmişdir. Sonradan iddiaçı adının növbəti dəfə dəyişdirilməsi və hüquqi marağına uyğun olaraq yenidən “Nigar” adı ilə əvəz edilməsi tələbi üçün cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. Hazırda iddiaçı cavabdehin imtina cavabını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.3-cü maddəsinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə görə, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən, atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən, hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən, valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən, valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Beləliklə, yuxarıda qeyd olunan normalardan göründüyü kimi, ad və soyadın növbəti dəfə dəyişdirilməsi məsələsini dəqiq tənzimləmişdir. Belə ki, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadının dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız ər-arvaddan biri soyadını dəyişdirdikdə; yetkinlik yaşına çatan şəxsin atasının öz adını dəyişdirdikdə; yetkinlik yaşına çatmayan uşaqların hər iki valideynin razılığı ilə valideynlərdən biri soyadı dəyişdirdikdə; yetkinlik yaşına çatmış övladın valideynlərdən birinin və ya hər ikisinin soyadı dəyişdirildikdə imkan verilir. Lakin iddiaçı adının növbəti dəfə dəyişdirilməsi üçün göstərilən konkret əsaslardan hər hansı birinə əsaslanmadığından cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar