Məhkəmə qərarları › İş №2-1(112)-6494/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6494/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6494/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, üçüncü şəxs X1, onun nümayəndəsi və vəkili Vəkil Cabir oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının X2 torpaq sahəsinin icarəyə verilməsi hissəsində və X5 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri Yeni Yasamal, U.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1.050 kv. mert olan torpaq sahəsini əraziyə atılmış məişət tullantılarından təmizlənib abadlaşdırmışdır. Həmin torpaq sahəsini daş hasara almış, su və kanalizasiya xətləri çəkmişdir. Torpaq sahəsindən, faktiki olaraq o, istifadə edir. Torpaq sahəsinin icarəsinə verilməsi üçün Bakı şəhəri Yasamal bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Qeyd edilən torpaq sahəsi Bakı şəhəri Yasamal bələdiyyəsinin sədrinin 04 aprel 2007-ci il tarixli 30/2 saylı sərəncamına əsasən onun icarəsinə verilmiş, aralarında icarə müqaviləsi bağlanılmışdır. O, sistematik olaraq icarə haqqını bələdiyyə büdcəsinə ödəyir. Bundan sonra o, istifadəsində olan torpaq sahəsinin 0.1 ha hissəsinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 102 nömrəli sərəncamı və xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ilə X2 49 il müddətinə icarəyə verildiyi haqqında məlumat almışdır. Hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli sərəncamı qanunvericiliyin tələblərini pozmaqla verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 02 mart 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir İddiaçı nümayəndəsi və vəkili X8 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil Cabir oğlu məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 102 nömrəli Sərəncamına və xx.xx.2020-ci il tarixli 1600 nömrəli icarə müqaviləsinə əsasən 49 il müddətinə X2 icarəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən 0,1 ha torpaq sahəsi üzərində sonuncunun icarə hüquqları qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 30/2 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, ünvan 1 ünvanında məskunlaşan məcburi köçkün, İddiaçı tərəfindən Ü.Əkbərov küçəsində 1050 kv. metr torpaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 1050 kv. metr torpaq sahəsi vətəndaş İddiaçı icarəyə verilmiş və torpaq sahəsinin icarəyə verilməsi şərtlərinin müqavilə əsasında tənzimlənməsi qərara alınmışdır. Yasamal Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 9/16 nömrəli, xx.xx.2007-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ü.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1.050.00 kv. metr olan torpaq sahəsi müvəqqəti istifadə üçün İddiaçı icarəyə verilmiş və icarəçi torpaq sahəsini qəbul etmişdir. Bakı şəhəri, Yasamal rayonu Yasamal Bələdiyyəsinin 306 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X4 həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən torpaq sahəsi üçün icarə haqqının ödəyicisidir, ödənişi edib və xx.xx.2021-ci il tarixədək borcu yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8574/2021 nömrəli qərardadlarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının ləğv edilməsi, eyni zamanda mübahisəli torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş məhkəmənin qeyd olunan qərardadları ilə: - İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və çıxarışın ləğv edilməsi barədə iddiasının Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin X1 istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 102 nömrəli sərəncamın ləğv edilməsi hissəsində geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi; - İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və çıxarışın ləğv edilməsi barədə iddiasının Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair X1 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində aparılmış qeydlərin (Çıxarışın) ləğvi hissəsində isə mümkün sayılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin arxivində olan 2-1(112)-8574/2021 nömrəli işdən götürülmüş; Bakı Şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyətinin 70 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 28 avqust 2020-ci il tarixli, 1600 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 102 saylı xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən torpaq sahəsi X2 49 il müddətinə icarəyə vermişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının: - xx.xx.2020-ci il tarixli, 102 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən 0.10 ha torpaq sahəsi vətəndaş X1, 0.11 ha torpaq sahəsi isə vətəndaş X6 icarə əsasında istifadələrinə verilmişdir. - xx.xx.2021-ci il tarixli, S-244-091 nömrəli məktubundan müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən icarə əsasında X1 adına rəsmiləşdirilmiş 0.10 ha torpaq sahəsi “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamları ilə Yasamal Bələdiyyəsinə ayrılmış əraziyə aid deyildir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırda verilmiş iddia ərizəsi ilə eyni məzmunlu (sərəncamın ləğv edilməsi və s.) iddia ərizəsi ilk dəfə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur ki, bu hal da iddiaçının mübahisələndirilən sərəncamı və müqaviləni həmin tarixdə artıq əldə etmiş olduğunu sübut edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının X2 torpaq sahəsinin icarəyə verilməsi hissəsində və X5 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv olunması barədə iddiaçının hazırki iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan müvafiq olaraq, 2 (iki) və 1 (bir) ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia sərəncamın ləğv olunması hissəsində mümkün sayılmamalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi digər tələblər də, mübahisələndirilən sərəncamın ləğvi ilə bağlı olduğundan həmin hissələrdə də iddia mümkün sayılmamalıdır. Məhkəmənin 03 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair İddiaçı tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar