Məhkəmə qərarları › İş №2-1(112)-6495/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6495/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6495/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyavı olan qismində uçota alınma və ehtiyata buraxıldığı 15.02.2019-cu il tarixdən mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Ş-12-068 saylı 29.04.2021-ci il tarixli imtinasının əsassız hesab edilməklə ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxıldığı 15.02.2019-cu il tarixdən hesablanmaqla) öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 15.08.1998-ci il tarixdən 15.02.2019-cu il tarixə kimi zabit kimi 20 il qüsursuz xidmət etdikdən sonra qızının səhhətində (serebral iflic) yaranan problemlərlə yaxından iştirak etmək üçün Azərbaycan Ordusundan öz arzusu ilə ehtiyata buraxılıb. 20 il qüsursuz xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev adından “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə həmçinin yuxarı komandanlıq və rəislər tərəfindən bir çox fəxri fərmanla və qüsursuz xidmətlərimə görə medallarla təltif olunmuşam. Bildirir ki, Müdafiə Nazirliyi Mənzil istismar İdarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli arayışla da təsdiq olunmuşdur ki, Silahlı Qüvvələrdə xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb və mənzil növbəsində də adı yoxdur. Bundan əlavə, adına heç bir daşınmaz əmlak və torpaq sahəsi yoxdur. 2019-cu ilin fevral ayından himayəsində olan azyaşlı və xüsusi qayğı tələb edən qızı və ailəsi bugünə kimi bir neçə dəfə kirayə mənzil dəyişməklə (səbəb aylıq kirayə 350-400 manat olduğuna görə) yaşayıb. Ailəsi bir qöz övladı, yoldaşı və özü olmaqla məişət şəraiti çox çətindi. Övladını 2019-cu ildə açıq ürək (ASD) əməliyyatı, 2020-ci ildə hər iki gözünün (katarakta) əməliyyatı etdirməyi bir valideyin kimi özünə borc bilib. Bu gündə övladı “serebral iflic” xəstəliyindən əziyyət çəkir. Ehtiyatda olan hərbi qulluqçi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsinə dair ərizə ilə qeydiyyatda olduğu Bakı şəhəri, Cavabdehnə müraciət edilmişdir. Cavabdeh inzibati orqan 29.04.2021-ci il tarixli məktubla müraciətinə mənfi cavab vermişdir. Cavabdeh imtinasına əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) ehtiyata buraxılmağı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanununa əsasən mənzillə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmamışsınız,” əsas gətirərək müraciətin təmin edilməsindən imtina edilmişdir. İnzibati orqanın bu hərəkətini əsassız hesab edir. Bildirir ki, 29.12.2011ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il təqvim ili və daha çox "qüsursuz” xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə sərəncam imzalamışdır. Göstərilən maddəyə əsasən 20 il qüsursuz xidmət etdiyinə görə təltif olunduğu medalın vəsiqəsinin surətini əlavə edir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyatda və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarı ilə də müəyyən edilmişdir ki, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər kompensasiya ay ödənilir. Odur ki, imtinanı əsassız və qanunsuz hesab edir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun 29.04.2021-ci il tarixli imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. İddiaçı "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddənin “j” bəndinə əsasən ehtiyata buraxılmağınız səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mənzillə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmayıb. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağınız mümkün deyildir.

4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Milli X4ruculuğu, İnzibati və Hərbi Qanunvericilik şöbəsinin Yasamal Rayon İcra İcra Hakimiyyətinin 215/g- 10 nömrəli, 10 iyul 2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il, 6 avqust tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli qərarında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsi məsələləri nəzərdə tutulmamşdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3.-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, cavabdeh quruma 2019-cu ildəki müraciəti şifahi olmuş, o zaman onun ərizəsini cavabdeh qurum qəbul etməmiş, yazılı olaraq 2021-ci ilin fevral ayında Cavabdehnə müraciət etmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, şifahi müraciət nəzərə alınmır, iddiaçının yazılı müraciəti 2021-ci ilin fevral ayında olmuş və ona hazırki iş üzrə yazılı imtina təqdim edilmişdir.

II. İddianın növü və mümkünlüyü

7. İddianın növü “uçota alınma” hissəsində öhdəliyin icrasına dair, “kirayə haqqının ödənilməsi” hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

8. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04.02.2021-ci il tarixli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı qızı həqiqətən 15.08.1998-15.02.2019-cu il tarixlərində həqiqi hərbi xidmət keçmişdir və öz arzusu ilə ehtiyata buraxılmışdır.

15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar idarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb. Arayış Cavabdehnə təqdim edilməsi üçün verilmişdir.

16. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş 10.03.2021-ci il tarixli arayışa əsasən, İddiaçı 1085,93 manat məbləğində yaşa görə pensiya alır.

17. İddiaçı ailəlidir, 11.01.2017-ci il təvəllüdlü bir qız övladı var. İddiaçının 11.01.2017-ci il tarixli qızı X1 X2 komissiya tərəfindən 23.01.2019-cu il tarixdə uşaq serebral iflici, diskinetik forma, anadangəlmə inkişaf anomaliyaları (beyinciyin hipoplaziyası, ürək qüsuru) və psixomotor inkişafın geriliyi diaqnozu qoyulmuşdur.

18. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir.

20. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...

21. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.

22. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

25. Cavabdeh tərəfindən məhkəməyə Azərbaycan Respublikası Milli Məclisi aparatının şöbə müdiri tərəfindən Cavabdeh başçısına ünvanladığı 28.07.2020-ci il tarixli məktub təqdim edilmişdir. Həmin məktubda bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununda və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülmsəi və ya onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki: -“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. 90.2-ci maddəyə əsasən, normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununda və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının məzmununda qeyd edilən məsələ ilə bağlı qeyri-müəyyənlik və fərq yoxdur, odur ki, normanın tətbiqi təcrübəsində ziddiyyətlərin yaranmasını məhkəmə əsaslı hesab etmir. Digər tərəfdən, normativ hüquqi aktın rəsmi şərhini normayaratma orqanı (yəni orqanın özü) həyata keçirilməlidir.

26. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi almaq hüququ qanunda birbaşa olaraq nəzərdə tutulub (“Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanunun 12-ci maddəsi). Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin isə qeyd edilən hüququ ilk növbədə təmin olunmalıdır. Bu normalar bir-birini istisna etmir.

27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları tələbatı hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər (bax 21-ci bənd).

28. 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından kompensasiyanın ödənilməsi təmin edilməlidir (bax 21-ci bənd). İddiaçı 15.02.2019-cu il tarixdən öz arzusu ilə ehiyata buraxıldığından və siyahılar növbəti il üçün həmin ilin aprel ayının 1-nə qədər tərtib olunmalı olduğundan onun kompensasiya ödənilməsi hüququ faktiki olaraq 2020-ci ilin yanvar ayından yaranmışdır. Tərəflərin izahatına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı yazılı olaraq 2021-ci ilin fevral ayında Cavabdehnə müraciət etdiyindən kompensasiyanın növbəti ildən deyil, ən geci 2021-ci ilin aprel ayından ödənilməsi (imtinanın əvəzinə kompensasiya hüququnun təmin edilməsi) ona münasibətdə ədalətli yanaşma hesab edilməklə mütənasiblik təmin edilməlidir. Qeyd edilən qənaətə gələrkən məhkəmə həm də iddiaçının ailə vəziyyətini nəzərə alır.

29. İnzibati icraat haqqında qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

30. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X5 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X8 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Kompensasiyanın ödənilməsi 2021-ci ilin aprel ayından hesablansın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar