Məhkəmə qərarları › İş №2-1(112)-6495/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6495/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6495/2023 10.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X51 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Elfan oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı icra vərəqəsinin icra olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun paylı mülkiyyətindədir və xx.xx.2021-ci il tarixdə adına paylı mülkiyyət hüququ tanınmışdır. İstifadəsində olan hissənin ümumi sahəsi 2 otaq olmaqla 56.64 kv.m-dir və həmin hissə onun paylı mülkiyyətindədir. Mübahisəli mənzil olan ünvan 2 ünvanda yerləşən mənzilin digər paylı mülkiyyətçiləri var və qalan hissə isə cavabdeh X8 və digər cavabdehlərin mülkiyyətindədir. Digər paylı mülkiyyətçiləri və cavabdeh X24 ilə onun mənzilinin giriş-çıxış qapıları Bakı şəhərində tikilmiş digər yeni binalar kimi ayrılmışdır və hətta hər birinin ayrıca giriş qapıları vardır və həmin qapılar onların mənzillərini tam ayırmışdır. Digər paylı mülkiyyətçilər onun qonşularıdır və evin qalan hissə isə cavabdeh X8 mülkiyyətindədir, ən əsası isə onların qonşularla heç bir mübahisələri yoxdur. İddiaçı olaraq o, Bakı Şəhər Xətai Rayon Məhkəməsinə cavabdehlər olan mənzilin digər paylı mülkiyyətçiləri və cavabdeh X14 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. İddiası Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən təmin edilib və qətnamədə qeyd edilib ki, ünvan 3 ünvanında yerləşən İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılsın. Maraqlı şəxs və cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verməmişlər və qətnamə qanuni qüvvəsini almışdır. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası Bakı Şəhər Xətai Rayon İcra Şöbəsinə tapşırılmışdır. Bakı Şəhər Xətai Rayon İcra Şöbəsi xx.xx.2022-ci il tarixdə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tələbin könüllü icrası haqqında bildirişi göndərmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilməsindən imtina etmişdir. Mənzil sahibi kimi o, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, iddiası Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsi ilə təmin olunduğundan həmin qətnamənin icrası təmin edilsin. Lakin, 2ci dəfə isə ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilməsindən imtina etmişdir. İmtina kağızında ona bildirilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun fəaliyyət istiqamətləri ilə bağlı hər hansı öhdəlik qoyulmamışdır.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsində qeyd edilmiş iddiaçının mülkiyyətində və istifadəsində olan 56.64 kv.m olan 2 otaqlı mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-999/2022 saylı icra vərəqəsinə əsasən iddianın təmin edilməsi, ünvan 3 ünvanında yerləşən İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzilin onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. Bildirilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 999/2022 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun fəaliyyət istiqamətləri ilə bağlı hər hansı öhdəlik qoyulmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********06 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, müvafiq daşınmaz əmlak X9, X4, X19, X25, X20, X26, X3, X21, X5, X10, X11, X12, X6, X27, X7, X24, X22, X31, X32, X15 və X2 paylı mülkiyyətindədir. Məlumat üçün bildirilmişdir ki, iddiaçı X13 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü sxemin aparılması ilə bağlı xx.xx.2021-ci il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirmişlər ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən iddaçının müraciətində qaldırılan məsələnin həlli mümkün olmamış, bununla bağlı iddiaçıya **********97 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi paylı mülkiyyət hüququ üzrə İV mərtəbədən 2 otaq (ü/s- 56.64 kv.m) olmaqla İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X14 və qeyrilərinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3-cü şəxs qismində cəlb edilməklə ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı evin onun istifadəsində olan 2 otaq olmaqla 56.64 kv.m hissənin payına uyğun olaraq naturada ayrılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia tələbi təmin olunaraq ünvan 3 ünvanında yerləşən İddiaçı qııznın istifadəsində və mülkiyyətində olan sahəsi 56.64 kv.m olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılmışdır.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Sonuncu tərəfindən icra sənədinin icra olunması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

11. Cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin könüllü icra ilə bağlı məktubuna və iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun fəaliyyət istiqamətləri ilə bağlı hər hansı öhdəlik qoyulmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi paylı mülkiyyət hüququ üzrə İV mərtəbədən 2 otaq (ü/s-56.64 kv.m) olmaqla İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-999/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının digər mülkiyyətçilər olan X14 və qeyrilərinə qarşı iddia tələbi təmin olunaraq ünvan 3 ünvanında yerləşən İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56.64 kv.m olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması barədə xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı icra vərəqəsi tərtib olunaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən həmin sənəd icra olunması üçün cavabdehə göndərilsə də, cavabdeh tərəfindən icra sənədi üzrə onların üzərinə hər hansı bir öhdəlik qoyulmadığına istinad edilməklə icra sənədinin icrasından və iddiaçının müraciətindən imtina edilmişdir.

19. Beləliklə işin hallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olmasına, məhkəmə qətnaməsinə əsasən onun payı naturada ayrılmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir qanuni əsas gətirilmədən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə onların üzərinə heç bir öhdəliyin qoyulmadığına, məhkəməyə təqdim edilmiş etiraz ərizəsində isə fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olmasına, konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilinmədiyinə istinad edilsə də, məhkəmə həmin imtinanın dəlillərini iddiaçıya məxsus mübahisəli sahələrin naturada ayrılması barədə qüvvədə olan məhkəmə qətnaməsinin olması səbəbindən əssasız hesab edir. Digər tərəfdən cavabdeh məhkəməyə təqdim etdiyi etirazının hüquqi əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına istinad etsə də, həmin qanunvericilik normaları hazırki mübahisənin predmeti ilə bağlı olmayıb, artıq digər mülki məhkəmə icraatında baxılaraq hüquqi qiymət verilmiş mübahisənin predmeti ilə bağlıdır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən fərdi yaşayış evinə dair naturada ona ayrılmış payına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət etməkdə haqlı olmuşdur.

22. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

24. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

25. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

27. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X18 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

28. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

30. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsində qeyd edilmiş İddiaçı mülkiyyətində və istifadəsində olan 56.64 kv.m olan 2 otaqlı mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar