Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6495/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun cavabdeh orqana müraciət etdiyi ərizəyə münasibət bildirilməsi və cavabdeh tərəfindən tərtib edilmiş qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6495/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinin işə baxılmadan geri qaytarılmasına dair ərizəsi təmin edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(112)-6495/2024 saylı qərardadının ləğv edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə münasibət bildirilməklə, cavab verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(112)-6495/2024 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardadda göstərilmişdir ki, “...İddiaçı ona məxsus avtomobilinin texniki baxışdan keçirilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin tələbinə münasibətdə sonuncu hərəkətsizlik göstərmişdir. Hazırda iddiaçının hüquqi marağı və tələbi iş materiallarında olan cavabdeh quruma məhkəməyədək müraciətində göstərdiyi “avtomobilinin texniki baxışdan keçirilməsinə icazə verilməsi” ilə bağlıdır, hansı ki, bu da inzibati xəta haqqında protokolun mübahisələndirilməsi anlamına gəlmir və məhkəmə kollegiyası bu barədə bir daha qeyd etməyi zəriuri hesab edir ki, iddiaçı bundan öncə barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarların məhkəmə qaydasında ləğv edilməsinə nail olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə müvafiq olaraq, iş üzrə məhkəmə iclası təyin edilərək (mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirə edilməsi üçün) bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək tələbin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin hərəkətsizliyi nəticəsində (avtomobilin vaxtında texniki baxışdan keçirilməsinin həyata keçirilmədiyi üçün) yaranmış cərimələrin ləğv olunması və **-EM-*** dövlət nömrə nişanlı “Honda” markalı avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sisteminin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı Məmmədov X1 şəhəri, M.Ə.Sabir küçəsi, ev 35 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli, 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd olunan Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı onun əsasən yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı kimi göstərilmiş yaşadığı yer üzrə müəyyən edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Biləsuvar rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir (18.4.). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə qeyd edir ki, yuxarı instansiya məhkəməsinin qərardadında da vurğulandığı kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi avtomobilinin texniki baxışdan keçirilməsinə icazə verilməsinə yönəlmişdir. Bu vəzifə bilavasitə cavabdeh Baş X2 İdarəsinin publik fəaliyyəti ilə bağlı olduğundan və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi ilə həyata keçirildiyindən tələb mahiyyətcə öhdəliyin icrası növünə aiddir. Belə olan halda, iddia öhdəliyin icrası növünə aid iddia, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan, iddiaçının yaşayış yeri Biləsuvar rayonu olduğundan işin aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin sonuncu cümləsinə uyğun həll edilməli və hazırkı inzibati iş baxılması üçün iddiaçının yaşadığı yerə görə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməsinin səmərəliliyini nəzərə alaraq, iddiaçı tərəfindən təqdim edilmiş tələbin dəqiqləşdirilməsi barədə ərizəyə münasibət bildirilməsinə lüzum görmür. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.3, 8.1.2, 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6495/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6495/2024
07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver