Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6499/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 qarşı “sərəncamın və orderin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamının və həmin sərəncamın əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2006-cı il tarixli, 037395 saylı orderin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 32.4 kv.m yaşayış sahəsi və 22.3 kv.m köməkçi sahələrdən ibarət 3 otaqlı mənzildən cavabdeh İddiaçı çıxarılmasına və yaşayış sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddiasını onunla əsaslandırmışdır ki, o, hazırkı mübahisəli mənzilə order verilmədiyindən 2005-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən göstərilən yaşayış sahəsinə order verilməsi vəzifəsi Cavabdeh2nə tapşırılmışdır. Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamına əsasən ona 32.4 kv.m olan yaşayış sahəsinə order verilməsi qərara alınmış və xx.xx.2006-cı il tarixdə 037395 saylı order verilmişdir. Bildirilir ki, qeyd olunan yaşayış sahəsi 2004-cü ildə iddiaçının ailə üzvlərinin vəsaiti hesabına inşa edilmişdir və onlar 20 ildir ki, həmin mənzildə yaşayırlar. Nə Cavabdeh1, nə də ki, onun əri X3 mənzilin tikintisində iştirak etməyib. İddiaçının mübahisəli mənzilə dair Cavabdeh1 adına sənəd olmasından xəbər və məlumatı olmamışdır. Yalnız hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra məlumatı olmuşdur. İddia ərizəsi və əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 adına order verilməsinə əsas olmuş sənəd Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsidir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi və mülki işlə tanış olub Cavabdeh1 hansı əsasla order verilməsini müəyyənləşdirmək üçün xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və iddiaçı Cavabdeh1 Cavabdeh2nə qarşı orderin verilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin surətinin təqdim edilməsini xahiş etmişdir. Uzun axtarışdan sonra Yasamal Rayon Məhkəməsinin arxiv müdiri bildirmişdir ki, 2003-2006-cı illər üzrə nə elektron sistemdə, nə də mülki işlərin qeydiyyatı kitablarında Cavabdeh1 və onun əri X2 adına Yasamal Rayon Məhkəməsində mülki iş olmamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə rəsmi məktubla cavab verilmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamı saxta olmasına dair iddiaçıda əsaslı şübhələr yaranmışdır. Belə ki, sərəncamın surətindən görünür ki, sərəncam Yasamal Rayon Məhkəməsinin nömrəsi qeyd olunmayan xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası haqqındadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində isə nə Cavabdeh1 adı keçən mülki iş, nə də həmin qətnamə mövcuddur. Bundan başqa iddiaçı Mərkəzi Arxivə müraciət edərək Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamının və ona əsas olmuş sənədləri tələb etmişdir. Mərkəzi Arxivdən bildirmişlər ki, bunu yalnız məhkəmə (sorğusu ilə) və tərəfin özü ala bilər. Lakin eyni zamanda şifahi olaraq bildirilmişdir ki, Arxivdə olan sənədlərin içində qətnamə yoxdur, yalnız sərəncam vardır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Eyni zamanda İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçının ünvanına hüquqi yardım məktubu göndərilərək hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi təklif edilmiş və bunun üçün vaxt təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2005-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 16 D saylı evinə dair Cavabdeh1 adına sərəncam verilməsi qət edilmişdir. Bundan sonra Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 16 D saylı evinə dair Cavabdeh2 Başçısının xx.xx.2006-cı il tarixli, 685 saylı sərəncamının və həmin sərəncamın əsasında Cavabdeh1 adına xx.xx.2006-cı il tarixli, 037395 saylı order verilmişdir. Hal-hazırda sərəncam və order hüquqi qüvvəsindədir. Eyni zamanda bildiririk ki, İddiaçı və onun ailə üzvlərinə dair qeyd olunan ünvanla bağlı hər hansı hüquq müəyyənedici sənədlər aşkar olunmamış, sadəcə olaraq bir müddət qeyd olunan ünvanda qeydiyyatsız yaşamışdır. Belə olan halda, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 16 D saylı evinə dair hər hansı hüquq müəyyənedici sənədi olmadığından Yasamal Rayon Məhkəməsinin 15 aprel 2005-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 16 D saylı evinə dair Cavabdeh1 adına sərəncam verilməsi qət olunduğundan, yəni məhkəmə qətnaməsi ilə Cavabdeh1 verilmiş sərəncam və orderin ləğv edilməsi əsassızdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1 -ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun olması yoxlanılmalıdır. Belə olan halda, İddiaçı qeyd olunan mənzilə dair hər hansı hüquq müəyyənedici sənədi olmadığından yuxarıda qeyd olunan iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, iddiaçının subyektiv hüququ olmadığından iddia mümkün hesab edilməməlidir. Yuxarıdakıları nəzərə alaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlük məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbi olduğu kimi müdəafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri iddia tələbinin mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Baxılan işin müəyyən edilmiş hallarına əsasən iddiaçının hüquqi marağı və məqsədi Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair order verilməsi barədə Cavabdeh2 xx.xx.2006-cı il tarixli sərəncamının və həmin sərəncam əsasında sözügedən mənzilə dair Cavabdeh1 adına verilmiş orderin ləğv edilməsinə yönəlmişdir. Lakin iddiaçı qeyd olunan sərəncam və orderi mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, ilk növbədə qeyd olunur ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda “16D” ünvanında deyil, “16” ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşadıqlarını bildirmişdir. Bundan başqa, iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmadığı işin mübahisəsiz halıdır. Odur ki, iddiaçının 16D ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşadığı qəbul olunsa belə, bu hal ona hazırkı iddianı irəli sürməyə əsas vermir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 tərəfindən iddiaçının qanunla qorunan hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Habelə, iddiaçı hazırda mübahisələndirdiyi Sərəncamın ləğv edilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Mübahisələndirilən xx.xx.2006-cı il tarixli Sərəncamın qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2148/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2783/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-478/2024, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1044/2024, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1463/2024 nömrəli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə həmçinin qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddia tələbinin düzgün cavabdehə qarşı yönəldilməsidir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs olmalıdır. Hazırkı tələb üzrə cavab göstərilmiş Cavabdeh1 isə bu səlahiyyətlərə malik olmadığından iddia tələbi üzrə cavabdeh qismində göstərilməsi yolverilməzdir. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6499/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6499/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver