Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-65/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X11) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X11) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli bildirişi qanunsuz hesab edib, X12 adına verilmiş JN-29651 saylı şəhadətnamənin ləğv edilməsinə dair müvafiq məhkəmə qərarının çıxarılması və 24 mart 2006-cı il tarixli 37312 saylı müqavilə üzrə ona verilmiş 0, 12 ha torpaq sahəsinin iddiaçıya aid olmasına dair müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının İnkişafı Departamenti, X2 və X9 ərazi massivi ünvanında yerləşən 1751 saylı bağın istifadəyə verilməsi haqqında həmin təşkilatla arasında 24 mart 2006-cı il tarixli rəsmi müqavilə bağlanmış olsa da belə, çoxssaylı tələbkarlıqlarin sabiq səlahiyyətli nümayəndəsi X13 tərəfindən edilməsinə baxmayaraq, sözügedən bu daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edəcək müvafiq sənədin əldə edilməsi bu günədək mümkün olmur. 24 mart 2006-cı il tarixli müqavilənin surəti iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh təşkilat tərəfindən 12 aprel 2016-cı il tarixli, **********44 saylı cavab məktubu ilə ona ünvanlanmış "BİLDİRİŞ" məzmunlu məktubun göndərilməsinə baxmayaraq, bu cavab məktubunda hüquqlarının pozlması məqsədinə əsassız fikir ifadə edilərək, birmənalı olaraq bildirilmişdir ki, Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 1751 saylı bağ sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 19 mart 2016-cı il tarixli ərizəyə baxılması və qeyd olunması rəsmi göstərilmiş olsa da, əslində həmin cavab məktubunda hüquqların qeydiyyata alınmasından imtina edilərək, birmənalı olaraq "Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, Belə ki, göstərilən bağ sahəsi JN-29651 saylı şəhadətnamə ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır," məzmunlu ədalətsiz bu fikirlər ifadə olunmaqla, iddiaçının qanunla qorunan mülkiyyət hüququna qarşı ciddi bir hörmətsizlik edilib, bu hüququnun pozulduğu rəsmi bu sənədlə ona bəlli edilmişdir. 12 aprel 2016-cı il tarixli bildirişin surətini iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı hesab edir ki, ona ünvanlanmış əsassız olan cavab məktubundan bir daha məlum olur ki, qanunla əldə etdiyi sözügedən bu bağ evinə hüquqların onun adına qeydiyyata alınması mümkün olmadığı kimi, həmin bağ evinə mülkiyyət hüququnun da onun adına məxsus olduğunu təsdiq edə biləcək müvafiq çıxarışın verilməsinin mümkün olmasından edilən imtina ədalətsizliyə olunan xidmət kimi qəbul edilib, qanun pozuntusu kimi dərk olunmalıdır. Çünki, torpağın mülkiyyətə verilməsinə dair JN-29651 məlum şəhadətnamə üzrə X12 adına müəyyənləşdirilməsi və onun ailə üzvülərinə aid edilməsi ciddi qanun pozuntuları ilə həyata keçrilib, iddiaçıya aid olan mülkiyyət hüququnun pozulmasına xidmət etmişdirsə, əlbəttə, belə halda, həmin şəhadətnamə qanuni və əsaslı sənəd ola bilməz. Onun ləğvi məhkəmə qaydasında həyata keçrilməlidir. xx.xx.2018-ci ildə nümayəndəsi Ə. Əsgərov cavabdeh bu təşkilata təkrar müraciət etsə də həmin ərizə bu günədək cavabsız qalmışdir. Ərizənin surəti iddia ərizəsinə əlavə olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyi rəis müavini C. Kərimovun bu məsələdə yanlış mövqe tutub, özünün fərziyyə və mülahizəsi üzərində maraqlı olaraq göndərmiş olduğu bu sənəddə; "..göstərilən bağ sahəsi üzrə JN-29651 saylı şəhadətnamə ilə üst-üstə düşür" , məzmunda bu cür fikir ifadə etməsi və daha sonra da, məhz bu səbəbdən "ərizənin icrası mümkün olmamışdır", məzmunlu növbəti bu cür fikirlərin məntiqsiz ifadə edilməsi bu gün ədalətli və qanuni görünə bilmir, ən azı ona görə ki, sabiq səlahiyyətli nümayndəsi X3 çoxsaylı iclaslarda cavabdeh təşkilatda nümayəndə qismində iştirak edib, tələbkarlıq göstərməsinə baxmayaraq, həmin sənədin (mülkiyyət hüququnun mənim adıma verilməsini təsdiq edə biləcək ÇİXARİŞİN) verilməsini tələb etsə də, həmin sənədin nümayəndəsinə verilməməsi, artıq iddiaçıda cavabdeh təşkilata qarşı ciddi şübhələr və inamsızlıq yaradıb, onların məsələdə maraqlı olduğu ona bildirilmişdir. Ona görə də artıq hesab edir ki, bu məsələ məhkəmə müzakirə mövzusu olduğundan, hadisələrin məhkəmə araşdırması ilə müəyyənləşdirilməsi həyata keçrilib, pozulmuş hüquqlarının prosessual bərpasına hüquqi təminat, məhz məhkəmə qaydasında tənzimlənməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2488 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X17 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə X10 və X11 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-523/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə iddaçıya ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-65/2023 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-65/2023 saylı qərardadı ilə iş üzrə X12 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Bakı Şəhər İcıra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X2 və İstismarı Biriliyi tərəfindən 1751 saylı bağ sahəsinin İddiaçı verilməsinə dair 37332 saylı xx.xx.2006-cı il tarixli müqavilənin surəti; - cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina olaraq xx.xx.2021-ci il tarixli bildiriş məktubu; - X12 adına verilmiş, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surəti; - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktub; - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktub; - cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu; - cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6902 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırkı mübahisə mahiyyət etibarı ilə Bakı şəhər X2 və İstismarı Birliyinin xx.xx.2020-ci il tarixli, 37332 saylı müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan 1751 saylı bağ sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması, bu barədə reyestrdən müvafiq çıxarışın və plan ölçünün verilməsi ilə bağlıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı müqaviləyə əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi JN-29651 saylı şəhadətnamə ilə üst-üstə düşür. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarına əsasən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli müşayiət məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 1751 nömrəli bağa və 1543 saylı torpaq sahələrinə dair sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən verilmiş (Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci tarixli 130 saylı qərarına əsasən), Goradil bağlar sahəsi ərazisində yerləşən, 191 nömrəli BTK nəzdində olan, 0,12 ha torpaq sahəsi olan 1543 saylı bağ sahəsi X1 adına 82 nömrəli Order verilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1053 saylı qərarına əsasən), Göradil bağlar sahəsi ərazisində yerləşən, 75 nömrəli BTK-nın nəzdində olan, 0,12 ha torpaq sahəsi olan 1751 saylı bağ sahəsi X8 adına 149 nömrəli Order verilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı (İddiaçı), Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsi ərazisində, X8 adına ayrılmış 1751 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi ilə bağlı olaraq Bakı şəhər X2 və İstismarı Birliyinə ərizə ilə müraciət etmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X16, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsi ərazisində onun adına ayrılmış 1751 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsinə etiraz etməməsinə dair ərizə ilə Bakı şəhər X2 və İstismarı Birliyinə ərizə ilə müraciət etmişdir. (ərizə möhür və imza ilə təsdiq edilmişdir) Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər X2 və İstismarı Birliyi və İddiaçı arasında, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan, 1751 saylı bağ sahəsinə dair xx.xx.2020-ci il tarixli, 37332 saylı müqavilə bağlanılmışdır. (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cı il tarixli, 70 nömrəli Sərəncamına əsasən) Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdə olan, JN seriyalı, 29651 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1496 saylı qərarı və Bağlar Təsərrüfatının İdarəsinin 85 saylı Orderi ilə Goradil bağlar sahəsində 89 nömrəli BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1543 saylı bağ sahəsi X12 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi olan, 1751 saylı bag sahəsi 75 nömrəli BTK-nın nəzdində olmuşdur. Üçüncü şəxs X15 ayrılmış 0,12 ha torpaq sahəsi olan, 1543 saylı bağ sahəsi 89 nömrəli BTK-nın nəzdində olan bağ sahəsi olmuşdur. Bundan başqa, həmin ərazinin məhkəməyə təqdim olunmuş sxematik planından da aydın görünür ki, həmin mübahisləndirilən 1751 saylı bağ sahəsinin ümumiyyətlə 1543 saylı bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmənin sorğusu əsasında əldə olunmuş və iş materiallarına əlavə edilmiş, MA seriyalı, ******* nömrəli xx.xx.2010-cu il tarixli (**********87-06301 reyestr nömrəli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisində olan qeyri yaşayış binası (pansionatın yarımçıq tikilisi) X4 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır.(Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən) Məhkəmənin sorğusu əsasında əldə olunmuş və iş materiallarına əlavə edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən qeyri-yaşayış binasına (**********87-06301 reyestr nömrəli) dair texniki pasport tərtib edilməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/6902 nömrəli rəyində qeyd edilmişdir ki, torpaq sahəsinin sərhədləri mişar daş hasarla, iki tərəfdən 1 metr hündürlükdə mişar daş hasarla əhatə olunduğu, bir tərəfdən isə şərti olmaqla faktiki olaraq 1200,0 m2 təşkil etdiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin bir hissəsinin X6 məxsus **********37 reyestr nömrəli sahə ilə, digər hissəsinin isə X7 məxsus **********87-06301 reyestr nömrəli istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, 10/6902 nömrəli ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********68 nömrəli mütəxəssis rəyinə əsaslanmışdır ki, həmin mütəxəssis rəyi də iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinin koordinatlarını əks etdirən texniki sənədlər olmadan, iddiaçının özünün göstərdiyi yerə görə tərtib edilmişdir. Bu da, iddiaçıya və 3-cü şəxslərə verilmiş torpaq sahələrinin üst-üstə düşməsinə dair rəyin verilməsi ilə nəticələnmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsi ərazisində, X8 adına ayrılmış 1751 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi ilə bağlı olaraq Bakı şəhər X2 və İstismarı Birliyinə ərizə ilə müraciət etmiş və X16, həmin bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsinə etiraz etmədiyinə dair ərizə ilə razılıq vermişdir. Həmçinin, Bakı şəhər X2 və İstismarı Birliyi və İddiaçı oglu (iddiaçı) arasında, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan, 1751 saylı bağ sahəsinə dair xx.xx.2020-ci il tarixli, 37332 saylı Müqavilə bağlanılmışdır. (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cı il tarixli, 70 nömrəli Sərəncamına əsasən) Nəzərə alınmalıdır ki, iddiaçıya bağ sahəsinin verilməsi ilə bağlı müxtəlif sənədlər vardır və həmin sənədlər cavabdehin arxivində də mövcuddur. Başqa sözlə, cavabdeh sənədlərin mötəbərliliyin mübahisələndirmir və iddiaçıya bağ sahəsinin verilməsini inkar etmir. Cavabdehin imtina əsası iddiaçının naturada göstərdiyi torpaq sahəsinin digər bağ sahələrinin ərazisi olması təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Cavabdeh inzibati orqan kimi hazırkı halda vəzifəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün müraciət etmiş iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğunu yoxlamaqdan, əgər bu əsaslardan hər hansı biri mövcuddursa, bu halda sözügedən torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdən, o cümlədən qanuni əsaslarla torpaq üzərində hüquqları qeydiyyata almaqdan ibarətdir. Belə ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək (3.0.2), təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; (3.0.3). bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; (3.0.4). dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; (3.0.8) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; (3.0.11) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (3.0.23). vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; (3.0.29) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq; (3.0.31) xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununa müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. (maddə 1) Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. (maddə 9) Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. (maddə 10) İddiaçıya 0,12 hektar torpaq sahəsi olan 1751 nömrəli bağın ayrılmasına dair X2 və İstismarı Birliyi ilə iddiaçı arasında xx.xx.2006-cı il tarixli, 37332 nömrəli müqavilə bağlanılmış və iddiaçı həmin torpaq sahəsini əldə edərkən hər-hansı formada qanunsuzluğa yol verməmişdir. Beləliklə, müvafiq uyğunsuzluğu (sxematik xəritə, koordinatlar və s.) qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılmanın təmin edilməsi, eyni zamanda torpaq sahəsinin müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aid olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (maddə 8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindənkeçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr,vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; (maddə 8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsininverilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (maddə 8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. “İnzibati icraat haqqında” Qanunun15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə iddaçıya ayrılmış 0,12 ha olan 1751 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə iddaçıya ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev