Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-650/2022 14.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 (mansard) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2015-ci ildə "xxxx" MTK ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın alıb. Həmin qeyri-yaşayış sahəsini xüsusi mülkiyyət kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Əmlakının Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirdikdən sonra öz adına xx.xx.2015-ci tarixli, RX seryalı, ******* nömrəli qeydiyyat nömrəsi **********1 olan çıxarış alıb. Nəsimi rayon Məhkəməsinin 2(006)-2842/2016 nömrəli, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə əvvəllər qeydiyyatda olduğu ünvan 2 ünvanından istifadə hüququnu itirdikdən sonra sonra o və ailə üzvlərinin faktiki yaşadığı yer üzrə qeydiyyata düşmək zərurəti yaranmışdır. O və ailə üzvlərinin faktiki yaşadığı yer üzrə qeydiyyata düşmək zərurəti yarandığı səbəbəindən o, mülkiyyətində olan, sözügedən qeyri-yaşayış sahəsinin (mansardın) yaşayış sahəsinə keçirilməsi üçün tələb olunan sənədləri əlavə etməklə ərizə ilə, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin müraciətindən uzun müddət keçməsinə baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyəti hələ də ərizəsinə münasibət bildirməmişdir. Beləliklə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mülkiyyət hüquqi ilə mənə məxsus və faktiki olaraq uzun illərdi ki mənzil kimi istifadə olunan qeyri-yaşayış sahəsinin (mansardın) yaşayış sahəsinə keçirilməsi ilə bağlı təqdim etdiyim ərizəyə münasibət bildirilmədiyi səbəbindən məsələnin məhkəmə müstəvisində həll edilməsinə zərurət yaranmışdır. Artıq 6 ilə yaxındır ki yaşadığı qeyri-yaşayış sahəsi tam olaraq mənzil şəraitlidir, heç bir qonşularaa maneəçilik yaratmır və sanitar qovşağı ilə də təmin edilmişdir. Hesab edir ki, faktiki olaraq yaşadığı mənzilin sənəd üzərində qeyri-yaşayış sahəsi olaraq qalması onun və ailə üzvlərinin mənafeinə ziddir və hüquqularını məhdudlaşdırır. Belə ki, cavabdehin hərəkəti (və yaxud hərəkətsizliyi) nəticəsində faktiki olaraq mənzil kimi istifadə etdiyim və yaşadığım sahəyə yaşayış yeri üzrə daimi qeydiyyata düşmək imkanım və digər hüquqlarım məhdudlaşdırır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,1 kv.m. olan mansard mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmış və qeyriyaşayış sahəsinə dair texniki pasport tərtib edilmişdir.
4. Tərəflər arasında əvvəllər qeyd edilən məsələ ilə əlaqədar məhkəmə mübahisəsi mövcud olmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1316/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yaşayış sahsəinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana təqdim edilməsi tələb olunan sənədlərdən biri də keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır. Lakin işdən məlum olur ki, iddiaçı bu planı cavabdehə təqdim etməmişdir. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planının cavabdehə təqdim olunmamasını iddiaçı da təsdiq edir və bunu "xxxx" MTK-nın həmin olanı ona verməməsi ilə əsaslandırır.
5. İddiaçının müraciətinə cavab olaraq cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.4-cü, 21.2.3-cü bəndlərində nəzərdə tutulan sənədlər, sahənin texniki təsviri göstərilməklə planı və sahənin yerləşdiyi binanın mərtəbəli planının notarial qaydada təsdiq olunmuş surəti Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciəyə yenidən baxıla bilər.
6. İddiaçı tərəfindən cavabdeh quruma təqdim edilmiş ərizəyə qoşma kimi göstərilən sənədlərə əsasən müvafiq müraciətinə qeyri-yaşayış sahəsinə dair cıxarışın, texniki pasportun təsdiq olunmuş surəti, eləcə də qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın mərtəbəli planı əlavə olunmuşdur.
7. Qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın mərtəbəli planı hazırkı inzibati işin materiallarına da əlavə olunmuşdur.
8. Hazırkı iş üzrə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: - Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təyinatı nədir? - Həmin qeyri-yaşayış sahəsi (mansard) binanın mərtəbəli planına əsasən yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına cavab verirmi və ya bu sahənin yaşayış sahəsi kimi müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkündürmü? - Həmin qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı nədir? - Həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qonşulara hər hansı maneəçilik törədirmi? - Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə (mansard) texniki mərtəbə hesab olunurmu?
9. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 16 iyul 2021-ci il tarixli 10/1695 №-li ekspert rəyinə əsasən aşağıdakılar qeyd edilir: Ünvana baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mansard mərtəbəsində daxili konstruktiv işlər görülərək dəyişikliklər aparılmış, arakəsmələrin yeri dəyişdirilmiş, əlavə otaqlar yaradılmışdır. Yaradılmış otaqlardan biri təbii işıq ilə təmin olunmur, həmin otağa plastik materialdan nəfəslik quraşdırılmışdır Bu da Tikinti Norma və Qaydaları 2.08.01.89 un 1.3-cü bəndinin tələblərinə ziddir. Mansard mərtəbəsinin daxili hündürlüyü 3.0 metr təşkil edir. Verilmiş vəsatətdə qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin hüquqmüəyyənedici və texniki sənədlərinin Mərkəzə təqdim edilməsi xahiş olunsa da hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təyinatı, mərtəbəsi, daşınmaz əmlakın adı, ünvanı, mülkiyyət növü, qeyri-yaşayış sahəsi üzərində hüququn növü iş materiallarında olan **********23-05301-083009 reyestr nömrəli, seriya RX № 0640961, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunmuşdur. Mansard mərtəbəsinin yüksək hissəsində hündürlüyün 3.0 metr olduğu nəzərə alınarsa təbii işıq ilə təmin olunmayan yaşayış otağı təbii işıqla və havalandırma ilə təmin olunduqdan sonra yaşayış kimi istifadə edilməsi mümkündür. Qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin hüquqmüəyyənedici və texniki sənədlərinin Mərkəzə təqdim edilmədiyi üçün 4-cü sual üzrə tədqiqat aparılmadı. Həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsi xüsusi bilik tələb etmədiyindən 5-ci sual üzrə tədqiqat aparılmadı. Beləki, sözügedən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsini müəyyən etmək üçün qonşuların məhkəməyə dəvət edilərək özlərindən soruşulması tövsiyyə olunur. Tədqiqatın nəticəsi: Qərardadın 1-ci və 5-ci sualları üzrə: Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təyinatı, mərtəbəsi, daşınmaz əmlakın adı, ünvanı, mülkiyyət növü, qeyri-yaşayış sahəsi üzərində hüququn növü iş materiallarında olan **********23-05301-083009 reyestr nömrəli, seriya RX № 0640961, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: Mansard mərtəbəsinin yüksək hissəsində hündürlüyün 3.0 metr olduğu nəzərə alınarsa təbii işıq ilə təmin olunmayan yaşayış otağı təbii işıqla və havalandırma ilə təmin olunduqdan sonra yaşayış kimi istifadə edilməsi mümkündür. Qərardadın 3-cü sualı üzrə: Qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin hüquqmüəyyənedici və texniki sənədlərinin Mərkəzə təqdim edilmədiyi üçün bu sual üzrə tədqiqat aparılmadı. Qərardadın 4-cü sualı üzrə: Həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsi xüsusi bilik tələb etmədiyindən bu sual üzrə tədqiqat aparılmadı. Belə ki, sözügedən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsini müəyyən etmək üçün qonşuların məhkəməyə dəvət edilməsi tövsiyə olunmuşdur.
10. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təbii işıqlandıma ilə təmin olunmayan otağın təyinatı nədir? - Həmin otaqda təbii işıqlandımanın olmaması digər otaqların yaşayış sahəsi kimi istifadə olunmasına mane olurmu?
11. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 21 sentyabr 2022-ci il tarixli 10/3731 №-li ekspert rəyində qeyd edilir ki: Baxış zamanı müəyyən olundu ki, təqdim olunan tikilinin konfiqurasiyası, ümumi ölçüləri həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Texniki Pasporta uyğundur. Texniki pasportda qeyd olunan 1 saylı dəhliz, 2 saylı və 3 saylı otaqlar arasındakı arakəsmə divarlar sökülmüş, yeni arakəsmə divarlar hörülərək yeni otaqlar və mətbəx inşa edilmişdir. Faktiki vəziyyətdə tikili mənzil kimi istifadə olunmaqla iki yaşayış otağından, bir bətbəx, bir yardımçı otaq və bir sanitar qovşağından ibarətdir. Faktiki olaraq yaşayış otağı kimi istifadə olunan iki otaq təbii işıqla təmin olunur, sanitar qovşağı, dəhliz və yardımçı otağın isə təbii işıqlandırma ilə təchiz olunması üçün pəncərə boşluğu mövcud deyil. Ekspert tərəfindən qeyd olunur ki, “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərində göstərilir: 1.1. bəndi - Yaşayış otaqlarının hündürlüyü, döşəmədən tavana qədər məsafə 2,5 metrdən, yardımçı otaqların hündürlüyü 2,1 metrdən az olmamalıdır. 2.2.bəndi - Mənzillərdə aşağıdakı otaqlar nəzərdə tutulur: Yaşayış- Yataq və ümumi otaqlar. Yardımçı - mətbəx, hamam, tualet, dəhliz, şüşəbənd, təsərrüfan ambarı və s.. 2.4.bəndi - Yaşayış otaqlarının sahəsi 8,0 kv. metrdən az olmamalıdır. 2.9.bəndi- Yaşayış otaqlarının eni 2,2 metrdən az olmamalıdır. Qərardadın birinci və ikinci sualları üzrə qeyd olunur ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin (mansard) təbii işıqlandırma ilə təmin olunmayan otağının daxili hündürlüyünün 2,1 metrdən az olmamasını, təbii işıqla təmin olunmamasını nəzərə alaraq həmin otağın təyinatının yardımçı tikili olduğu və həmin otaqda təbii işıqlandırmanın olmamasının digər otaqların yaşayış sahəsi kimi istifadə olunmasına hərhansı məhdudiyyət yaratmadığı müəyyən edilir. Tədqiqatin nəticəsi: Qərardadın birinci və ikinci sualları üzrə: Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təbii işıqlandırma ilə təmin olunmayan otağının daxili hündürlüyünün 2,1 metrdən az olmamasını, təbii işıqla təmin olunmamasını nəzərə alaraq həmin otağın təyinatı üzrə yardımçı tikili olduğu və həmin otaqda təbii işıqlandırmanın olmamasının digər otaqlardan yaşayış sahəsi kimi istifadə olunmasına hər-hansı məhdudiyyət yaratmadığı müəyyən edilir.
12. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, çoxmənzilli binada ümümi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Buna baxmayaraq, Dövlət Reyestr Xidməti tərəfindən iddia olunan texniki mərtəbəyə xx.xx.2015-ci il tarixdə çıxarış verməklə digər sakinlərin hüquqlarını pozmuşdur. Bundan əlavə, iddiaçı Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan sənədləri tam əlavə etməmişdir, bununla əlaqədar iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zaman iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
14. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclas(lar)ında iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
15. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.
16. İddianın növü məcburemtmə növündə iddiadır. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
17. Mənzil Məcəlləsindən: 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.
18. Şəhərsalma və Tikinti Məcəlləsindən: 3.0.15. mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə
19. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
20. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsaəsn Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
21. Beləliklə, məhkəmə qeyd edir ki, mansarda mərtəbəsinin yaşayış məqsədləri üçün nəzərdə tutulmasını qanunvericilik mümkün hesab etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən ona xüsusi mülkiyyət hüququ üzrə məxsus sahənin mansarda mərtəbəsindəki qeyri-yaşayış sahəsini yaşayış sahəsinə keçirilməsi üçün mənzil qanunvericiliyində nəzərdə tutulmuş sənədləri təqdim etmiş, lakin cavabdeh qurum buna dair ağlabatan əsaslandırma təqdim etmədən iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.
22. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında ekspert rəyi ilə müəyyən olunur ki, Faktiki vəziyyətdə tikili mənzil kimi istifadə olunmaqla iki yaşayış otağından, bir bətbəx, bir yardımçı otaq və bir sanitar qovşağından ibarətdir. Faktiki olaraq yaşayış otağı kimi istifadə olunan iki otaq təbii işıqla təmin olunur, sanitar qovşağı, dəhliz və yardımçı otağın isə təbii işıqlandırma ilə təchiz olunması üçün pəncərə boşluğu mövcud deyil. Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin (mansard) təbii işıqlandırma ilə təmin olunmayan otağının daxili hündürlüyünün 2,1 metrdən az olmamasını, təbii işıqla təmin olunmamasını nəzərə alaraq həmin otağın təyinatının yardımçı tikili olduğu və həmin otaqda təbii işıqlandırmanın olmamasının digər otaqların yaşayış sahəsi kimi istifadə olunmasına hər-hansı məhdudiyyət yaratmadığı müəyyən edilmişdir.
23. Bakı şəhəri, ünvan 1 ünvanında mansarda mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, qeyri-yaşayış sahəsinə dair qeydiyyat ləğv və ya etibarsız hesab edilməmişdir.
24. Odur ki, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə, eləcə də qanunun güddüyü məqsədə mütənasib hesab edilə bilməz və iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
25. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
26. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X1 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
27. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən 150 (bir yüz əlli) manat (ilkin ekspertiza xərci 50 manat və təkrar ekspertiza xərci 100 manat olmaqla cəmi 150 manat) məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında mansarda mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva