Məhkəmə qərarları › İş №2-1(112)-650/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-650/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-650/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" ASC üçüncü şəxs) “yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmiş daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" ASC üçüncü şəxs qismində zəruri olaraq inzibati məhkəmə icraatına cəlb olunmaqla “yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmiş daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə "xxxx" ASC məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanda yerləşən ümumi sahəsi 3196.9 kv.metr, 0.592320 kv.metr torpaq sahəsi olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrəli reyestr qeydi aparılmış və **********35-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 08 may 2021-ci il tarixli, 133 nömrəli sərəncamına əsasən Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli texniki rəy və qəbul aktı tərtib edilmiş, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin - qeyri yaşayış binasına keçməsi barədə eksiz-layihəsi Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Qeyd etməyi zəruri hesab edir ki, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sənədləşmələrin X5 adına aparılmasının səbəbi həmin dövrdə əmlakın onun mülkiyyətində olması ilə əlaqədardır. Bakı şəhəri 29 saylı notariat kontorunda kreditoripoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı X10 arasında bağlanmış 07 sentyabr 2021-ci il tarixli, SMMG-00024-05/21A nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 aprel 2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Azərbaycan Respublikası FHN TTNDA Dövlət Layihə İnstitu "Azərdövlətsənayelayihə" tərəfindən X8 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 9Z ünvanında yerləşən X8 məxsus qeyri-yaşayış binasının tikintisinin başa çatması ilə əlaqədar kompleks müayinə işlərinin aparılması üzrə müqavilə sənədləri təsdiqlənməsi üçün göndərilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bununla əlaqədar, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Mənzil Məcəlləsinin 21.6-ci bəndinə əsasən keçirilən sahənin yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfındən səlahiyyət verilmiş şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, yerli icra hakimiyyəti orqanı mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə əlverişli inzibati aktlar qəbul etmişlər. Əmlaka aid sənədlərini toplayıb yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etsə də, heç bir rəsmi cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus əmlak üzərində hüquqların mövcud vəziyyətdə qeydiyyata alınması üçün əsasdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır. Cavabdeh iddia tələbinin təmin edilməməsi xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 9Z nömrəli ümumi sahəsi 3196.9 kv.metr, 0.592320 kv.metr torpaq sahəsi olan ev üzərində ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, iddiaçının adına həmin daşınmaz əmlakla bağlı texniki pasport tərtib edilmiş, pasportda evin 2020-ci il tarixdə tikildiyi və texniki göstəriciləri əks olunmuşdur. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 08 may 2021-ci il tarixli 133 saylı sərəncamından görünür ki, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı layihəsi təsdiq edilmişdir. Təsdiq edilmiş layihəyə uyğun olaraq yenidən qurulma işlərinin aparılmasına razılıq verilmişdir. - xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Mənzil məsələləri üzrə komissiyası” tərəfindən tərtib edilmiş texniki rəydə qeyd olunmuşdur ki, komissiya mübahisəli yaşayış evinə baxış keçirmiş və müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa əsasən qeyd edilən ünvanda 9Z saylı yaşayış evi vətəndaş A.C. Abbasovaya məxsusdur. Yaşayış evində yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış və nəticədə evin faktiki ümumi sahəsi 3196,9 kv.m. olmuşdur. Azərbaycan Respuvlikası Mənzil Məcəlləsinin tələblərini rəhbər tutaraq komissiya hesab edir ki, vətəndaş A.C. Abbasovanın mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin mövcud vəziyyətində qeydiyyata alınması mümkündür. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında A-94/3-091 saylı bildirişdə göstərilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən X8 məxsus 9Z saylı yaşayış evinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 133 saylı 08 may 2021-ci il tarixli Sərəncam qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş formaya əsasən bu bildiriş mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsasdır. - BANK "xxxx"-nin xx.xx.2022-ci il tarixli MXD-2022/5439 saylı arayışından görünür ki, iddiaçı BANK "xxxx" ASC-nin “Promo” Filialından xx.xx.2021-ci il tarixdə SMN-00024- 05/21A saylı kredit müqaviləsinə əsasən 1,200,000 (bir milyon iki yüz min manat) AZN məbləğində götürdüyü krediti xx.xx.2022-ci il tarixdə tam bağlamışdır. Hal-hazırda müştərinin qeyd olunan müqavilə üzrə borcu yoxdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Dövlət Layihə İnstitutu “Azərdövlətsənayelayihə” tərəfindən X8 göndərilmiş 3ə/A-00062 nömrəli, 29 iyun 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z ünvanında yerləşən X8 məxsus qeyri-yaşayış binasının tikintisinin başa çatması ilə əlaqədar kompleks müayinə işlərini təsdiqlənməsi üçün ona göndərilmişdir.” - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Dövlət Layihə İnstitutu “Azərdövlətsənayelayihə” tərəfindən tərtib edilmiş rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z ünvanında yerləşən X8 məxsus qeyriyaşayış binasının müayinəsi haqqında texniki rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı sahədə X8 məxsus qeyri-yaşayış binası təqdim edilmiş eskiz layihədən kənaraçıxmalar ilə inşa edilmişdir. Vizual baxış zamanı binanın dəmir beton konstruksiyalarında və divarlarında qüsurlara rast gəlinməmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən fiziki şəxs X6 müraciəti ilə ünvan 4 ünvanında müayinə olunmuş qeyri-yaşayış obyektlərinin dəmir-beton konstruksiyalarının texniki vəziyyəti haqqında Müayinə Protokolundan görünür ki, “Şmidt-Hammer” sklerometri ilə yoxlanılan dəmir – beton konstruksiyalarında betonun naturada möhkəmlik göstəriciləri cədvəl 1-də verilmişdir. Betonun mühafizə qatı 31-79 mm olub dəyişkəndir. Sifarişçi tərəfindən müayinə olunan sahələrin yalnız eskiz layihəsi təqdim olunmuşdur. “A” blokunun A-H 1-6 oxları arası hissəsi dəmir-betondan, A-C 1-12 oxları arası hissəsi isə metal konstruksiyadan inşa olunub, üzəri isə metal vərəqələrlə örtülmüşdür. Metal hissəsində “B” oxunda verilmiş sütunlar, yerində inşa edilməmişdir. “A” blokunun dəmir-beton sütunlarıda armaturların sayı 12 ədəd, rigellərin alt hissəsində isə 3 ədəd qoyulmuşdur. “B” blokunun eskiz layihəsində B-C 2-3 oxlarında pilləkən qəfəsi və lift şaxtası nəzərdə tutulsada, yerində inşa edilmişdir. A-B 1-2 oxlarında yalınız pilləkən qəfəsi inşa edilmişdir. 2-ci mərtəbədə yalnız perimetr boyu sütunlar və rigellər inşa olunmuşdur. Örtük tavası metaldan yığılıb, üzəri isə sendviç paneli ilə örtülmüşdür. “B” blokunun dəmir-beton sütunlarında 1 səthdə 4 ədəd, rigellərin alt hissəsində isə 3 ədəd armatur qoyulmuşdur. “C” bloku əsasən metal konstruksiyadan inşa olunub, üzəri isə metal vərəqələrlə örtülmüşdür. “C” blokunun esdiz layihəsinin “2” oxundakı sütunlar yerində inşa olunmamışdır. “C” blokunda inşa edilmiş dəmir – beton sütunlarda və kəmərdə betonun möhkəmliyi 320-360 kqq/sm 2 arasında dəyişir. Dəmir-beton sütunların 1 səthində 3 ədəd armatur qoyulmuşdur. Sanitar qovşağın, qazanxananın və transformator stansiyasının tikintisində istifadə edilmiş betonun möhkəmliyi 310-340 Kqq/sm2 arasında arasında dəyişir. Sütunlarda 1 səthdə 2 ədəd armatur qoyulmuşdur. Yoxlanılan sahələrdə örtük tavalarında armaturların addımı 200x200 mm-dir. Tikintidə müşahidə edə bildikləri armaturların profillərinin quruluşu oraqvaridir. Bu da armaturların ГОСТ 10884-94 üzrə Aт 400 və ya AZS ***-**** (ГОСТ P 52544-2006) üzrə A 500 C sinfinə uyğun olduğunu göstərir. - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9 Z saylı sahədə yerləşən vətəndaş X8 məxsus fərdi yaşayış evinin – qeyri-yaşayış binasına keçməsinin eskiz layihəsinin surətinə əsasən tikililərin tutduğu sahə - 3369.90 kv.m., ümumi torpaq sahəsi isə 6862.20 kv.m. təşkil edir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən X8 göndərilmiş xx.xx.2021-ci il tarixli, XO-02-03-A-20/2-2021-02395 nömrəli məktubu ilə bildirilmişdir ki, fərdi yaşayış evinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi icraatı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələbinə uyğun olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bununla əlaqədar, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - 07 sentyabr 2021-ci il tarixli, SMMG-00024-05/21A nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X10 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında yerləşən fərdi yaşayış evini alıcı-ipoteka qoyan, İddiaçı satmışdır. Müqaviləyə əsasən "xxxx" ASC – kreditor – ipoteka saxlayan qismində çıxış edir. Daşınmaz əmlakın satış qiyməti 1 700 000 (bir milyon yeddi yüz min) manatdır, daşınmaz əmlakın dəyərinin 500.000 (beş yüz min) manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 1200.000 (bir milyon iki yüz min) manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditor – ipoteka saxlayan və alıcı-ipoteka qoyan/borcalan arasında Bakı şəhərində bağlanmış “07” sentyabr 2021-ci il tarixli SMN- 00024-05/21A nömrəli kredit müqaviləsinə əsasən alıcı- ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. - Satıcı – X5 və alıcı İddiaçı ərizəsinə əsasən onlar “satıcı” və “alıcı” Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında 0.686220 ha torpaq sahəsinin və onun üzərində olan 3196.90 kv.m. olan fərdi yaşayış evini 1.700.000 manat 00 qəpik qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabınıza qəbul olunmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə tərəfinizdən təsdiq edildikdən sonra notariat ofisinin depozit hesabı vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. - Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən Bank "xxxx" ASC-nin “Sənaye” filialına göndərilmiş 1068 nömrəli, 06 sentyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 1.700.000.00 (bir milyon yeddi yüz min manat 00 qəpik) manat məbləğində pulunun aralarında müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra məktubu əsasında 61.121.52 (altmış bir min yüz iyirmi bir manat 52 qəpik) manat vergi məbləğinin X1, 1.350.527.00 (bir milyon üç yüz əlli min beş yüz iyirmi yeddi manat 00 qəpik) manat X5 adına "xxxx" ASC-nin Promo filialında olan AZ49BBTB**********3333000005 nömrəli hesaba köçürülməsini və qalan 288.351.48 (iki yüz səksən səkkiz min üç yüz əlli bir manat 48 qəpik) manat X2 (Bakı şəhəri 29 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 7E-2379 reyestr nömrəli etibarnamə əsasında X9 təmsil edir) verilməsi üçün bankında olan VÖEN **********; AZ61BBTB******************** nömrəli hesaba qəbul olunması xahiş edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia tələbinin hüquqi əsaslarını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. İş materiallarına əlavə olunmuş sənədlərə görə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 9Z nömrəli ümumi sahəsi 3196.9 kv.metr, 0.592320 kv.metr torpaq sahəsi olan ev üzərində ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, iddiaçının adına həmin daşınmaz əmlakla bağlı texniki pasport tərtib edilmiş, pasportda evin 2020-ci il tarixdə tikildiyi və texniki göstəriciləri əks olunmuşdur. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 08 may 2021-ci il tarixli 133 saylı sərəncamı ilə Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin qeyri- yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı layihəsi təsdiq edilmişdir. Təsdiq edilmiş layihəyə uyğun olaraq yenidən qurulma işlərinin aparılmasına razılıq verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Mənzil məsələləri üzrə komissiyası” tərəfindən tərtib edilmiş texniki rəydə qeyd olunmuşdur ki, komissiya mübahisəli yaşayış evinə baxış keçirmiş və müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa əsasən qeyd edilən ünvanda 9Z saylı yaşayış evi vətəndaş A.C. Abbasovaya məxsusdur. Yaşayış evində yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış və nəticədə evin faktiki ümumi sahəsi 3196,9 kv.m. olmuşdur. Azərbaycan Respuvlikası Mənzil Məcəlləsinin tələblərini rəhbər tutaraq komissiya hesab etmişdir ki, vətəndaş A.C. Abbasovanın mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 9Z saylı yaşayış evinin mövcud vəziyyətində qeydiyyata alınması mümkündür. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında A-94/3-091 saylı bildirişdə göstərilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən X8 məxsus 9Z saylı yaşayış evinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 133 saylı 08 may 2021-ci il tarixli Sərəncam qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş formaya əsasən bu bildiriş mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Dövlət Layihə İnstitutu “Azərdövlətsənayelayihə” tərəfindən qeyri-yaşayış binasının müayinəsi haqqında texniki rəyi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən X8 göndərilmiş xx.xx.2021-ci il tarixli, XO-02-03-A-20/2-2021-02395 nömrəli məktubu ilə bildirilmişdir ki, fərdi yaşayış evinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi icraatı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələbinə uyğun olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bununla əlaqədar, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. 07 sentyabr 2021-ci il tarixli, SMMG-00024-05/21A nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X10 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında yerləşən fərdi yaşayış evini alıcı-ipoteka qoyan, İddiaçı satmışdır. Müqaviləyə əsasən "xxxx" ASC kreditor-ipoteka saxlayan qismində çıxış etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra – MM) əsasən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”-nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra –razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Göründüyü kimi, qanunverici yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydasını dəqiq tənzimləmiş, həm təqdim edilməli olan sənədləri, həm də keçirilmə qaydasını müəyyən etmişdir. İstinad olunan normalara əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün:

1. sahənin keçirilməsi haqqında ərizə, keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər, keçirilən yaşayış sahəsinin texniki pasportu yerli icra hakimiyyəti orqanına təqdim edilir.

2. orqan sənədlərin təqdim edildiyi gündən otuz gündən gec olmayaraq sahənin keçirilməsi haqqında qərar qəbul edir.

3. əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, həmin qərar sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.

4. belə işlərin görülməsi tələb edilirsə, keçirilmə barədə qərar həmin qərarda nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin görülməsi üçün əsas təşkil edir.

5. həmin işlərin başa çatması orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir və bu akt orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, mübahisəli daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ərizəsinə qanunvericiliklə tələb olunan sənədləri əlavə etməklə sahənin keçirilməsini həyata keçirən orqana təqdim etmiş, həmin orqan tərəfindən istinad olunan qaydaya uyğun keçirilmə barədə qərar qəbul edilmiş, keçirilmə nəticəsində aparılmış yenidənqurma işləri qəbul komissiyasının aktı ilə təsdiqlənmiş, bununla da sahənin keçirilməsi başa çatmışdır. Qanunvericiliyin normasına əsasən keçirilmə başa çatdıqdan sonra yerli icra hakimiyyəti orqanının özü həmin aktı kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərməli olduğu halda bunu etməmişdir. Buna görə də iddiaçı həmin keçirilmənin nəticəsi olaraq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə özü müraciət etmişdir. Cavabdeh isə guya iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Halbuki, cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş bütün səndələr təqim edilmişdir. Belə ki, Mənzil Məcəlləsi yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirildikdə, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) işlərinin başa çatmasını təsdiq edən yerli icra hakimiyəti oranının qəbul komissiyasının aktını keçirilmiş sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas kimi qəbul etmiş, əlavə hər hansı bir müddəa nəzərdə tutmamışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixdə cavab olaraq bildirmişdir ki, fərdi yaşayış evinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi icraatı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələbinə uyğun olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bununla əlaqədar, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçını yönəltdiyi qurum müvafiq məsələ ilə bağlı özünü səlahiyyətli bilməmiş və iddiaçıya aidiyyəti üzrə yerli icra hakimiyəti orqanına müraciət etməsini tövsiyə etmişdir, hansı ki, əvvəlki mülkiyyətçi məhz əmlakın yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Qeyd olunan normaların tələbinə görə cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı tərəfindən ilkin hüquqi qeydiyyat zamanı tələb olunan sənədlər təqdim edilməklə mübahisəli yaşayış evi onun adına qeydə alınmış, daha sonra isə iddiaçı daşınmaz əmlakın təyinatının dəyişdirilməsi ilə bağlı zəruri sənədləri əldə etməklə cavabdehə müraciət etmiş, lakin cavabeh iddiaçıdan qanunla nəzərdə tutulmayan sənədləri tələb etməklə, istinad olunan normaların tələblərini pozmuşdur. Buna görə də iddia tələbini əsaslı hesab edən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyriyaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar