Məhkəmə qərarları › İş №2-1(112)-6500/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6500/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6500/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "radiasiya qəzası nəticəsində zərər çəkdiyinə görə müəyyən edilmiş müavinətin təyin edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqi yardımın göstərilməsi üçün iddia ərizəsinin tərtib edilməsi üçün 60 (altmış) manat pulun, 2023-2024-cü il üçün “radiasiya qəzası nəticəsində” zərər çəkdiyinə görə müəyyən edilmiş müavinətin təyin edilməsi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək radiasiya qəzasının nəticələrinin ləğvi zamanı zərər çəkdiyinə görə 2023 və 2024-cü illər üçün qanunla müəyyən edilmiş müavinətin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin (Müdafiə Nazirliyi Mərkəzi radiasiya-kimyəvi laboratoriyası) mühəndisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kimya Xidməti Rəisinin 19 nömrəli, xx.xx.1998-ci il tarixli Əmrinə əsasən o, xx.xx.1998-ci il tarixdə Zirə qəsəbəsindəki radiasiya qəzasının aradan qaldırılmasına cəlb edilmiş və radioaktiv şüalanmaya məruz qalmışdır (“Şah Dili” ərazidə yerləşən mayakın “RİTEK” tipli şüa mənbəyi). Şüa mənbəyinin gücü 1500 Rentgen/saat idi. Radiasiya qəzasının aradan qaldırılması nəticəsində o, 25 rentgen doza almışdır. 2015-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti ərzində müxtəlif vaxtlarda Hospitallarda radiasiya qəzası iştirakçısı kimi müayinə və müalicələr almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli, 0493 nömrəli əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. İddiaçı xx.xx.2004-cü il tarixindən Azərbaycan Respublikası “Çernobıl iştirakçıları cəmiyyətinin” üzvüdür. Əlilliyi növbəti dəfə təyin olunduqdan sonra iddiaçı radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətin təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, müraciətinə Çernobıl iştirakçılarına bərabər tutulmağı barədə sənədlər əlavə olunsa da, nəticədə radiasiya qəza iştirakçısı olduğu barədə heç bir qeyd edilməməsi səbəbindən imtina edilmiş və iddiaçı 2023-2024-cü il üçün “radiasiya qəzası nəticəsində” zərər çəkdiyinə görə müavinəti ala bilmir. Halbuki, 2015-2016-cı il tarixlərində ona əlillik təyin edilmiş və bununla bağlı müəyyən edilmiş birdəfəlik sosial müavinat almışdır. İddiaçıya sonradan növbəti 2016- 2021-ci il tarixlərində də ona əlillik təyin edilmiş və bununla bağlı müəyyən edilmiş birdəfəlik sosial müavinat almışdır. 2023-2024-cü illər üçün isə cavabdeh ona birdəfəlik sosial müavinatı verməkdən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə cavabdeh inzibati orqana müraciət edərək, ona radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və sözügedən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində iddiaçının xx.xx.2015-ci il tarixli, xxxxxxx0001 nömrəli, xx.xx.2016-cı il tarixli xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli xxxxxxx0004 nömrəli müayinə aktlarına əsasən müəyyən edilmiş əlilliyinin diaqnozu şüalanma ilə əlaqədar qeyd olunsa da, əlillik səbəbi “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə” əlaqədar əks olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçının əlilliyi ilə bağlı məlumatların (səbəbi, dərəcəsi, müddəti) dəqiqləşdirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-1065/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixdən 1 il müddətinə (xx.xx.2024-cü il tarixədək) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğundan, həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının hazırda radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxs kimi aktiv əlilliyi olmadığından ona radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinətin təyin edilməsi mümkün hesab edilmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin 29 dekabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kimya Xidməti tərəfindən verilmiş 130 saylı, xx.xx.2002-ci il tarixli arayışda iddiaçının Kimya xidməti rəisinin müvafiq əmrinə əsasən 21-22 aprel 1998-ci il tarixdə Zirə qəsəbəsindəki radiasiya qəzasının aradan qaldırılmasında faktiki iştirak edib və radioaktiv şüalanmaya məruz qalması, travmanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması qeyd edilmişdir. Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının əlil və sağlamlıq imkanının məhdudluğu xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş, diaqnoz “Şüalanmanın dəqiqləşdirilməmiş effektləri, Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin ifadə olunmuş asteno nevrotik sindrom. Energetik resursların artıq miqdarda daxil olması, İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” olmuşdur. Nəticədə iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının əlil və sağlamlıq imkanının məhdudluğu xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş, diaqnoz “Şüalanmanın dəqiqləşdirilməmiş effektləri, Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin ifadə olunmuş asteno nevrotik sindrom. Energetik resursların artıq miqdarda daxil olması, İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” olmuşdur. Nəticədə iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının əlil və sağlamlıq imkanının məhdudluğu xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş, diaqnoz “Şüalanmanın dəqiqləşdirilməmiş effektləri, Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular olmuşdur. Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının əlil və sağlamlıq imkanının məhdudluğu xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, diaqnoz “Şüalanmanın dəqiqləşdirilməmiş effektləri, Postradiasion ensefalopatiya” olmuşdur. Nəticədə iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 60% pozulmasına görə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının Mütəxəssisin iş yerinin və əmək şəraitinin sanitar-gigiyenik xarakteristikası Kartında Peşə zərərliyinin orqanizmə təsiri haqqında rəydə qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1998-ci il tarixdə həyacan siqnalı ilə hərbi hissənin “Mobil qrupu”nun heyətində Zirə qəsəbəsinin “Sah Dili” ərazisində radiasion şəraitinin ölçülməsi zamanı ionlaşdırıcı şüalanmanın yüksək dozalarına məruz qalmışdır. Xidməti dövrdə dəfələrlə SQ BKH-da müayinə və müalicə olmuşdur. Nəticədə 16 iyun 2015-ci ildə ştatlı hərbi-həkim komissiyası “Keçirilmiş radiasion şüalanmadan (04.1998) sonrakı İ (birinci) mərhələ xroniki dissirkulyator ensefalopatiya” diaqnozu ilə “hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” qərarı (Qərar № 2027) çıxarmışdır. Yuxarıda göstərilən patoloji proseslərin əmələ gəlməsi icra etdiyi işlərlə əlaqəli olduğu ehtimal olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş 16 iyun 2015-ci il tarixli 2027 nömrəli Xəstəlik haqqında şəhadətnamədə iddiaçının diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi “Keçirilmiş radiasion şüalanmadan (04.1998) sonrakı İ (birinci) mərhələ xroniki dissirkulyator ensefalopatiya. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” qeyd olunmuşdur. 3 saylı Bakı DOST Mərkəzinin iddiaçının xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab məktublarında iddiaçıya radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün verilən birdəfəlik müavinətin təyin edildiyi göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində radiasiya qəzasının nəticələrinin ləğvi zamanı zərər çəkdiyinə görə 2023 və 2024-cü illər üçün qanunla müəyyən edilmiş müavinətin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan respublikası Qanununda göstərilmişdir ki, bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları (5.1). Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər resept üzrə dərman almaq və ildə bir dəfə müalicə olunmaq üçün (nəqliyyat xərcləri daxil olmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət almaq hüququna malikdirlər (6.1). “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin üçüncü abzasında göstərilmişdir ki, radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir. ”Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 4.0.2.1-ci maddəsində birdəfəlik müavinətlər sırasına radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət aid edilmişdir. Həmin Qanunun 7.0.11-ci maddəsinə əsasən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə təyin edilir. Həmin Qanuna əsasən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir (9.2). İşdən göründüyü kimi iddiaçı hərbi xidmətdə olan zaman 21-22 aprel 1998-ci il tarixdə Zirə qəsəbəsindəki radiasiya qəzasının aradan qaldırılmasında faktiki iştirak edib və radioaktiv şüalanmaya məruz qalmışdır. Bu səbəbdən ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Ona ödənilməli olan illik müavinət əvvəllər ödənilsə də, cavabdeh 2023-2024-cü illər üçün müavinətin ödənilməsindən imtina etmişdir. Buna əsas kimi isə iddiaçıya təyin edilən əlilliyin səbəbinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməsi olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin imtina əsası formal mülahizələrə əsaslanır və iddiaçıya müavinətin ödənilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan bütün sənədlərdən, o cümlədən Tibbi-Sosial Ekspert Komissiyasında müayinə barədə məlumatlarından görünür ki, iddiaçının əlillik diaqnozu məhz şüalanmanın yaratdığı xəstəliklərlə bağlı olmuşdur. Yəni, iddiaçıya əllik təyinin əsası şüalanmanın yaratdığı xəstəliklər olmuşdur. Bu səbəbdən cavabdeh iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı vermişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı radiasiya qəzasının nəticələrinin ləğvi zamanı zərər çəkdiyinə görə 2023 və 2024-cü illər üçün qanunla müəyyən edilmiş müavinətin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar