Məhkəmə qərarları › İş №2-1(112)-6502/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6502/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6502/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı oğluna dair Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qəbul edilmiş 20 aprel 2023-cü il tarixli ******* №-li qərarın ləğv edilməsi və iddiaçının mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1949-cu ildə Bakı şəhərində doğulmuşdur. 1956-1965-ci illərdə Bakı şəhərində yerləşən 200 nömrəli orta məktəbdə və 1965-1967-ci illərdə isə 150 nömrəli orta məktəbdə təhsil almışdır. Daha sonra isə təhsilini davam etdirərək 1969-1972-ci illərdə Rusiya Federasiyasında təhsil almışdır. 1986-cı illərdə Bakıda Mədəniyyət İnstitutunu bitirmişdir.Ümumilikdə 1974-1995-ci ilədək Bakıda yerləşən 21 saylı uşaq musiqi məktəbində müəllim olaraq çalışmışdır. xx.xx.1983-cü ildə X2 ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçı 1995-ci ilədək Azərbaycanda daimi qeydiyyata alınaraq yaşamışdır. 1995-ci ildən isə həyat yoldaşı İddiaçılə birlikdə X3 köçmüşdür. İddiaçı digər ölkənin vətəndaşlığını qəbul etmiş olsa da, öz vətəni Azərbaycana mütəmadi olaraq gəlib-getməkdədir. Azərbaycanda yaşadığı illərdə öz adlarına daşınmaz əmlakları olmuş, 1998-ci ilədək həmin ünvan (ünvan 1. İddiaçı 2023-cü ildə Azərbaycana gəldikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmşdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli imtina qərarında səbəb kimi iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmadığı bildirilmişdir. Həmçinin qərarda qeyd olunmuşdur ki, qərar hüquqi qüvvəyə mindiyi tarixdən 30 gün müddətində məhkməməyə müraciət edilə bilər. İddiaçı qeyd edir ki, imtina barədə xx.xx.2023-cü il tarixli qərar iddiaçıya xx.xx.2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətin tərəfindən rəsmi qaydada təqdim edilmişdir İddiaçı hesab edir ki, iddiaçının mənsubiyyətinin tanınmaması haqqında qərar qanunsuzdur, ləğv edilməlidir və İddiaçı mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməlidir.

3. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli 8839687nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur (VMMS üzrə məlumat etiraza əlavə olunmuşdur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Eyni zamanda, məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı inzibati aktı xx.xx.2019-cu il tarixdə şəxsən imzalayaraq rəsmi qaydada qəbul etmişdir. Bununla yanaşı, şəxs barəsində qəbul edilmiş sözügedən inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən ona vaxtında çatmış hesab olunduğundan şəxs tərəfindən şikayət müddətinin ötürüldüyü görülməkdədir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın mümkün sayılmaması xahiş edilmişdir.

4. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, hüquqlarının müdafiə etdiyim İddiaçı barəsində vətəndaşlıq mənsubiyyətinin tanınmaması ilə bağlı qərar keçən ilin ilin aprel ayında qohumu tərəfindən götürülmüşdür.Həmin qərarda iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.Bu qərarı iddiaçının qohumu götürsə də iddiaçının həmin qərardan 30 gün müddətində şikayət edə biləcəyi ilə bağlı məlumatı olmamış və həmin qərardan şikayətin verilməsi ilə bağlı prossesual müddəti buraxılmışdır.İddiaçının hüquqi savadsızlığından irəli gələn hal olduğu və ailə üzvü ilə birlikdə Ameriya getdikləri üçün o, 30 gün müddətində həmin qərardan şikayət edə bilməmiş və bu baxımdan prossesual müddəti buraxmışdır. İnzibati Prosessual Məcəlləsinin 22-ci maddəsinin 22.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin məcəllənin 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Göstərilən hallar nəzərə alınaraq prosessual müddətin bərpa olunması ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir.

5. İİİ-JQ 340384 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən İddiaçı və X4 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Nisanova” soyadı verilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 12 aprel 2023-cü il tarixli Qərarına əsasən 15 mart 1956-cı il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 20 aprel 2023-cü il tarixli Qərarına əsasən 24 iyun 1949-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.

8. İş materiallarına əlavə olunmuş AZ T 241752 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1949-cu il tarixində Azərbaycan SSR, Bakı şəhərində doğulmuşdur. X12 Nisanoviç və anası X7 milliyətcə tatdır.

9. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1949-cü il təvəllüdlü İddiaçı X6 (USA) vətəndaşıdır.

10. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim olunan sərhədkeçmə məlumatlarına əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə X6 (USA) vətəndaşı olaraq Azərbaycan Respublikasının ərazisinə giriş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X9 iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

13. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq vətəndaşlıq mənsubiyyətinə müəyyən edilməsi ilə bağlıdır. Şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin müvafiq hüququ tanınır və ya tanınmaqlan imtina edilir.

14. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).

19. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Azərbaycan SSR-in ərazisində doğulmuş və hazırda X8 (USA) vətəndaşıdır. Göründüyü kimi İddiaçı oğlu vətəndaşsızlıq vəziyyətində deyildir.

20. Məhkəmə qeyd edir ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.

21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar