Məhkəmə qərarları › İş №2-1(112)-6502/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6502/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6502/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) bir neçə dəfə ərizə ilə müraciət edərək, əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-298367/2024 nömrəli imtina məktubundan bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 20 il 11 ay 28 gün təşkil etmişdir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 16 il 8 ay 5 gün sığorta stajına uyğun olaraq 16808,12 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 5643,63 manat olmaqla, ümumilikdə 22.451,75 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil etmişdir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək (işə daxilolma və işdən azadolma əmrinin nömrəsi və tarixi qeyd olunmadığından), xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək (işdən azadolma əmrinin tarixi qeyd olunmadığından), xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (işdən azadolma əmri kiril qrafikalı möhürlə təsdiq edildiyi üçün) və xx.xx.1993cü il tarixindən xx.xx.1994-cü il tarixinədək (işə daxilolma əmrinin nömrəsi və tarixi qeyd olunmadığından) olan dövrlərin doldurulma qaydası pozulduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Abadlaşdırma və X2 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmamışdır. Ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndəsinin arayışını (ailə üzvlərinizin adı, soyadı, ata adı, fərdi identifikasiya nömrələri (FİN) və həmin şəxslərin vəfat edib-etməmələri barədə məlumatlar göstərilməklə) DOST Mərkəzlərinə təqdim etdikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq baxıla bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 25 il sığorta stajının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1957-ci il tarixində Ermənistan SSR Kalinino rayonunda doğulmuşdur. xx.xx.1981-ci il tarixində əmək fəaliyyətinə başlayaraq müxtəlif peşələrdə çalışmışdır. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan 3-17-1/2-Q-298367/2024 saylı xx.xx.2024-cü il tarixli imtina haqqında cavabla müraciətini müsbət cavablandırmamışdır. Şəxsin əmək fəaliyyətini təsdiqləyən sənəd onun əmək kitabçası hesab edilir. Ona məxsus olan əmək kitabçasında iş yerləri barədə məlumatlar mövcuddur. Əmək kitabçasının doldurulma qaydasına gəldikdə isə buna iddiaçı yəni, sadə işçi məsul deyildir. Bu qeydlər şəxsin işlədiyi müəssisənin səlahiyyətli şəxsi tərəfindən doldurulmuşdur. Yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malikdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddianın təmin olunmaması xahiş etmiş və bildirmişdir ki, İddiaçının təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 20 il 11 ay 28 gün təşkil etmişdir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 16 il 8 ay 5 gün sığorta stajına uyğun olaraq 16808,12 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 5643,63 manat olmaqla, ümumilikdə 22451,75 manat (2024-cü il tarixə indeksləşdirilmiş) təşkil etmişdir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (işə daxilolma və işdən azadolma əmrinin nömrəsi və tarixi qeyd olunmadığından), xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (işdən azadolma əmrinin tarixi qeyd olunmadığından), xx.xx.1991-ci il tarixdən xx.xx.1993- cü il tarixədək (işdən azadolma əmri kiril qrafikalı möhürlə təsdiq edildiyi üçün) və xx.xx.1993cü il tarixindən xx.xx.1994-cü il tarixədək (işə daxilolma əmrinin nömrəsi və tarixi qeyd olunmadığından) olan dövrlərin doldurulma qaydası pozulduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun mübahisəli mübahisəsiz bütün iş stajı nəzərə alınsa belə hüququ yarandığı xx.xx.2022-ci il tarixə tələb olunan 25 il staj tamamlanmamışdır. İddiaçının Abadlaşdırma və X2 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmamışdır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində kişilərin yaş həddi 1 iyul 2020-ci il tarixdən sonra 65 yaş müəyyən olunmuşdur. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2020-ci ildən sonra kişilərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuş, 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 1 ay 28 gün sığorta stajına uyğun olaraq 17206.73 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2052.02 manat olmaqla, ümumilikdə 19258.75 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasında qeyd edilən bütün dövrlər nəzərə alındıqda belə, onun topladığı pensiya kapitalı 2022-ci ilə tələb olunan 34560 manatdan az olacağı aşikardır. Belə olan halda aydındır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 25 il sığorta stajının olması zəruridir. İşdən görünür ki, elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu hal isə iddiaçıya ƏPQ-nin 22-1.2.1.-ci maddəsinin tətbiqini istisna edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının faktiki sığorta stajı nəzərə alınmalıdır. İşdə olan ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixli, 023246 nömrəli diplomdan görünür ki, İddiaçı 1974-cü ildə Ermənistan SSR k/t- 61 nazirliyinin nəzdində olan Yerevan azərbaycanlı kənd təsərrüfatı texnikomuna daxil olmuş və 1979-cu ildə Dəmirçi azərbaycanlı sovxoz texnikomunun baytarlıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının xx.xx.1979-cu il tarixli qərarı ilə ona İddiaçı Baytar-feldşer ixtisası verilmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981xx.xx.1981-ci illədə Prizozernıy sovxounda yay fəsli dövründə suvaqçı, xx.xx.1982xx.xx.1982-ci illərdə Priozernıy s/z-na tikinti sahəsində yay fəsli dövründə bənna, xx.xx.1983-xx.xx.1983-cü illərdə Nikolayevsk sovxozunda fəhlə, xx.xx.1984-xx.xx.1984-cü illərdə Danilovsk KSMK-da fəhlə, xx.xx.1985-xx.xx.1985-ci illərdə sovxoz-texnikumda tikinti fəhləsi, xx.xx.1986-xx.xx.1986-cı illərdə “Oktaybrın 40 illiyi” kolxozunda tikinti üzrə mövsüm işçisi, xx.xx.1987-xx.xx.1987-ci illərdə “Karamışevskiy” sovxozunda mövsümi fəhlə, xx.xx.1988-xx.xx.1988-ci illərdə həmin sovxozda tikinti üzrə mövsümi fəhlə, xx.xx.1988-xx.xx.1988-ci illərdə Ermənistan SSR Kalinin rayonu Evlu kəndi sovxozunda briqadir, xx.xx.1989-xx.xx.1991-ci illərdə Neft Maşınqayırma zavodunda 3-cü dərəcəli bənna, üzləyici, xx.xx.1991-xx.xx.1993-cü illərdə 5 nömrəli sahəyə 3 dərəcəli üzləyici, xx.xx.1993- xx.xx.1994-cü il illərdə “Ceyhun -2” kiçik müəssisəsində tikinti ustası, xx.xx.1994-xx.xx.1994-cü illərdə 9 №-li PİTTT iş icraçısı, xx.xx.1996-xx.xx.2005-ci illərdə “Xəzər dəniz neft xüsusi tikinti” trestində izolyator işləmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" QSC X7 Baş İdarəsi cari təmir sahəsinin yardımçı fəhləsi vəzifəsinə müvəqqəti qəbul edilmiş, xx.xx.2020-ci il tarixində əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddəti bitməsi ilə əlaqədar ləğv edilmiş, daha sonra xx.xx.2021-ci il tarixində Pirallahı rayonu ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi (AZAL) vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixində X1 9 №-li yaşıllıq sahəsinə 2-ci dərəcəli bağ fəhləsi qəbul edilmişdir, hazırda orada işləyir. xx.xx.2006-cı il trixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək cəmi 21 il 2 ay 27 gün ümumi sığorta stajına malik olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən görünür ki, iddiaçı xx.xx.2006-cı ildən sonra ilk dəfə xx.xx.2020-ci ildə işə qəbul edilmiş və onun işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Belə olan halda aydındır ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə deyil, xx.xx.2024-cü il tarixə 25 il 0 ay 5 gün ümumi sığorta stajı ilə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin işdə olan cavabdehin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/1-Q-272057/2024 saylı qərarından görünür ki, vətəndaşın təqdim etdiyi sənədlər əsasında sosial sığorta stajı yığılarkən əmək kitabçasının doldurulması qaydası pozulduğuna görə xx.xx.1986 - xx.xx.1986-cı illər işə daxil olma əmr nömrəsi və işə daxil olma əmr tarixi, həmçinin işdən çıxma əmr nömrəsi və işdən çıxma əmr tarixi qeyd edilmədiyindən, xx.xx.1989 - xx.xx.1991-ci illər işdən çıxma əmr tarixi qeyd edilmədiyindən, xx.xx.1991-xx.xx.1993-cü illər İşdən çıxmada kirilcə möhür olması səbəbindən, xx.xx.1993-xx.xx.1994-cü illər işə daxil olma əmr nömrəsi və işə daxil olma əmr tarixi qeyd edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmiş, buna görə də iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Çünki birincisi, cavabdehin istinad etdiyi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” xx.xx.1996-cı il tarixli 186 nömrəli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş, mübahisələndirilən dövrlərdə həmin qayda qüvvədə olmamışdır. İkincisi, əmək kitabçasında işə daxil olma əmr nömrəsi və tarixinin, həmçinin işdən çıxma əmr nömrəsi və tarixinin qeyd edilməsi iddiaçının deyil, işəgötürənin məsuliyyətində olmuş, həmin halların qeyd edilməməsi ididaçının təqsiri olmamışdır. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixli 44/k nömrəli Əmrə "Xəzərdənizneftsosialtikinti" tresti İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə 2-ci dərəcəli izolyasiyaçı peşəsinə işə qəbul edilmişdir. Dənizdə Neft və X3 xx.xx.1997-ci il tarixli 97 nömrəli əmrinə Əsasən xx.xx.1997-ci il tarixində "Xəzərdənizneftsosialtikinti" trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi Dənizdə Neft və X3 tərkibinə verilmişdir. Quruda və Dənizdə Neft X3 birləşdirilməsi və onların bazasında "X4 yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli 25 nömrəli əmrinə əsasən İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi "Azneft" İstehsalat Birliyinin tabeçiliyinə daxil edilmişdir. İddiaçı - xx.xx.2004-cü il tarixli 41 nömrəli əmrə əsasən 3-cü dərəcəli izolyasiyaçı peşəsinə keçirilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixli 17/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2 "a" bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının 29-cu bölmənin "a" bəndinə Əsasən izolyasiyaçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin xx.xx.2006-cı il tarixli 111 nömrəli əmrinə əsasən İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi "Azneft" İstehsalat Birliyinin tərkibindən çıxarılıb "Xəzərdənizneftqaztikinti" trestinin tərkibinə verilmişdir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən "Azneft" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd. NoD-2270) ve "Azneft" İstehsalat Birliyinin "Azərdənizneftinşaat" trestinin (qeydiyyat tarixi:xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların -hüquqi varisidir. Göründüyü kimi, iddiaçının, cavabdeh orqanın mübahisələndirdiyi dövrlərdən sonra işlədiyi dövrlər işəgötürən tərəfindən təsdiq edilmiş, əmək kitabçasında doldurma ardıcıllığının pozulması halı müşahidə edilməmiş, cavabdehin həmin qeydləri mübahisələndirməsinə heç bir əsaslı şübhə olmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən, onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2024-cü il tarixə 25 ildən artıq ümumi sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, həmin tarixə İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Deməli, onun hazırkı iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar