Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6504/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət edərək, övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Qeydiyyatları ünvan 1 ünvanında olduğundan övladları xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqələrin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2007-ci il tarixində, İddiaçı2 isə xx.xx.2009-cu il tarixində anadan olmuşdur. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəyə malik olmaması məcburi köçkün olaraq müvafiq güzəşt və imtiyazlardan istifadə hüququnu məhdudlaşdırmışdır. Bununla bağlı cavabdehə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən müraciətinə xx.xx.2024-cü il tarixli, 3-36-3/2-A-146xx-xx/2024 saylı məktubla imtina edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş imtinanın əsası qanunsuz və əsassızdır. Belə ki, həmin tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Həmin Qanunda nəzərdə tutulmasa da, həmin Qaydalarla məhdudiyyət müəyyən edilmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə ziddir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçıların X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmuşdur; X3 "Ağdam rayonu, Əlimədədli kəndi” ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur; İddiaçıların anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; Qanuni nümayəndə "ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1 və İddiaçı2 anası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - "Bakı şəhərinin Binəqədi rayonu” olduğundan, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar tələbi müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. Belə ki, işdə olan nikah haqqında 166969 nömrəli şəhadətnamədən görünür ki, X3 ilə X7 xx.xx.2005-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. Doğum haqqında AZ-İİ 103674 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, anası Qanuni nümayəndədır. Doğum haqqında AZ-İİ 437815 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuşdur. X1, anası Qanuni nümayəndədır. İddiaçı2 məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş, yaşayış yeri Ağdam rayonu, Əlimədədli kəndi qeyd olunmuşdur. İddiaçı1 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.2007-ci ildə doğulmuş, Ağdam rayonu, Əlimədədli kəndində qeydiyyatdadır. Qanuni nümayəndə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Ölüm haqqında 208516 nömrəli şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan AA seriyalı 096494 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Komitənin xx.xx.2004-cü il tarixli qərarı ilə iddiaçı X2 məcburi köçkün statusu verilmişdir. Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavinin xx.xx.2025-ci il tarixli, 5- 31/2/1-108/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Ağdam rayonunun Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 fevral 2025-ci il tarixli, 5- 31-12/2-18/2024 nömrəli arayışına əsasən İddiaçı1, İddiaçı2 (X3 2021-ci ildə vəfat etmişdir) məcburi köçkünlər üçün nəzərədə tutulmuş vahid aylıq müavinət ödənilmir. Qanuni nümayəndə Ağdam rayonunda daimi qeydiyyatda yoxdur, məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilmir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçılar 2007 və 2009-cu ildə anadan olmuşlar, Ağdam rayonu, Əlimədədli kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh iddiaçıların tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçının X1na xx.xx.2004-cü il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Ağdam rayonundan məcburi köçkündür. Cavabdehin imtinasının əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan hər üç şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının anasının qeydiyyatı Bakı şəhəridir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Yəni Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Bundan əlavə, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış (cavabdeh əksini təsdiq edən subut təqdim edə bilmir), o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət ödənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, oxşar mövqe (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-506/16 saylı, 2-1(102)-618/2020 saylı qərarları) yuxarı instansiya məhkəməsi tərəfindən də ifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-6504/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6504/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver